Travma hadisəsində vətəndaşın ilk görməli olduğu tədbirlər – Baş həkimdən tövsiyələr
263
11:57, Bu gün

Travma hadisəsində vətəndaşın ilk görməli olduğu tədbirlər – Baş həkimdən tövsiyələr

"Hər il ölkəmizdə müxtəlif travma və qəza halları baş verir. Bu zaman zərərçəkənə göstərilən ilk yardım çox vaxt onun həyatını xilas edə bilər. Hər bir vətəndaş travma hadisəsində necə davranacağını bilməli və ilkin yardım qaydalarına bələd olmalıdır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini baş həkim Nizami Məmmədov "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində açıqlayıb.
 
 
Onun sözlərinə görə, vacib məsələ təhlükəsizliyin təmin edilməsidir:
 
"Hadisə yerində əvvəlcə vəziyyəti dəyərləndirmək, həm öz, həm də zərərçəkənin təhlükəsizliyini qorumaq lazımdır. Əgər yanğın, qaz sızması və ya elektrik təhlükəsi varsa, oraya yaxınlaşmaq olmaz. Təhlükə aradan qaldırıldıqdan sonra yardım göstərmək mümkündür. Növbəti addım təcili tibbi yardım çağırmaqdır. Hadisənin yeri, yaralanmanın xarakteri və zərərçəkənlərin sayı barədə aydın məlumat verilməlidir. Yardım gələnə qədər operatorun verdiyi təlimatlara əməl etmək vacibdir. Zərərçəkənə yaxınlaşdıqda ilk olaraq onun şüuru, tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər zərərçəkən şüurludursa, onu sakitləşdirmək, hərəkət etdirməmək və vəziyyətini sabit saxlamaq lazımdır. Şüursuz vəziyyətdə olan şəxslərdə isə tənəffüs yoxdursa, süni tənəffüs və ürək masajı başlanılmalıdır.
 
Qanaxma müşahidə olunarsa, dərhal dayandırmaq həyati əhəmiyyət daşıyır. Bu zaman təzyiqli sarğıdan və ya lazım gəldikdə turnikedən istifadə edilir. Hər bir dəqiqə vacibdir - qanaxmanın qarşısını vaxtında almaq insanın həyatını xilas edə bilər".
 
Baş həkim qeyd edib ki, sınıq və çıxıq hallarında zərərçəkəni hərəkət etdirmək olmaz:
 
"Sadəcə olaraq, ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi yardımın gəlməsi gözlənilməlidir. Eyni zamanda, zərərçəkən soyuq hava şəraitindədirsə, onu isti saxlayacaq vasitələrlə örtmək, psixoloji cəhətdən sakitləşdirmək tövsiyə olunur. Unutmaq olmaz ki, düzgün və vaxtında göstərilən ilkin yardım çox zaman ixtisaslaşmış tibbi müdaxilədən öncə həyati funksiyaları qorumağa kömək edir".
Link kopyalandı!
Son xəbərlər