Bizi sosial şəbəkələrdən izləyin:
Ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib.
Moderator.az xəbər verir ki, konfrans çərçivəsində nazir Fərid Əhmədov Səudiyyə Ərəbistanı Krallığının ədliyyə naziri Vəlid bin Məhəmməd bin Saleh Əl-Samni ilə görüşüb. Tərəflər ədliyyə sahəsində əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə Əməkdaşlıq Proqramını imzalayıblar. Proqram qeydiyyat, notariat və digər ədliyyə orqanlarında görüşlərin təşkili, qabaqcıl təcrübələrin öyrənilməsi, tədris müəssisələri arasında birgə tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir.
Fərid Əhmədov səfər çərçivəsində Pakistan İslam Respublikasının hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə də görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında ötən il imzalanmış Əməkdaşlıq Memorandumunun icrası, bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə danışılıb, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin təşkili, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Fərid Əhmədovun Ər-Riyada səfəri zamanı Oman Sultanlığından olan həmkarı Dr. Abdullah bin Mohammed Alsaidi ilə də görüşü baş tutub. Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında "Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsini nəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Qeyd edək ki, 23-24 noyabr tarixlərini əhatə edən konfrans ümumilikdə 40-dan çox ölkədən yüksək vəzifəli dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin və alimlərin iştirakı ilə keçirilib. Tədbirdə ədliyyə və məhkəmə sistemlərində texnologiyaların gələcəyi, rəqəmsal transformasiya və süni intellektin tətbiqi, qanunvericilik sahəsində müasir yanaşmalar, alternativ mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və digər aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.