55
15:15, Bu gün

"Ukraynanın düşdüyü vəziyyət uzaqgörən və qətiyyətli lider faktorunu ön plana çıxarır" - RƏY

"Ukraynanın düşdüyü vəziyyət uzaqgörən və qətiyyətli lider faktorunu ön plana çıxarır."
 
Moderator.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu deyib.
 
O, ABŞ-nin Rusiya və Ukrayna arasında sülhlə bağlı irəli sürdüyü 28 maddəlik təklifdən sonra Volodimir Zelenskinin xalqa müraciətini siyasi çarəsizliyin, beynəlxalq təzyiqin təzahürü kimi qiymətləndirib:
 
"Məsələ ondadır ki, beynəlxalq münasibətlər sistemi və siyasət anlayışının özü həmişə uzaqgörənlik, müdriklik, qətiyyət, imkanların doğru hesablanması və maraqların qorunması hadisəsidir. Çox təəssüf ki, bəzən bu keyfiyyətlərin olmadığı liderlərin dövlət başçısı statusuna gətirilməsi hallarını da görürük və bundan sonra xalqların yaşadığı faciələrə şahidlik edirik. Hazırda Ukrayna belə bir vəziyyətlə üz-üzədir".
 
Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi və Dombas məsələsi mürəkkəb konflikt olsa da, siyasi keçmiş və mürəkkəblik etibarilə Azərbaycanın üzləşdiyi qədər çətin və dərin deyildi.
 
"Lakin Azərbaycan çox mürəkkəb vəziyyətdə öz gücünə arxalanıb, az qala, bütün dünya ilə savaşaraq, mübarizə apararaq öz problemini həll etməyi bacardı. Bu, əlbəttə ki, böyük liderlik, dərin strateji siyasi təfəkkür, yüksək diplomatik peşəkarlıq, qətiyyət və cəsarət tələb edən bir siyasi liderin həll edə biləcəyi problem idi. Prezident İlham Əliyev məqsədyönlü, prinsipial və qətiyyətli siyasəti ilə bütün bunların öhdəsindən gəlməyi bacardı", - o vurğulayıb.
 
H.Babaoğlu Azərbaycan liderinin dünya siyasətində yeni bir nümunə yaratdığına diqqət çəkib:
 
"Bu nümunə dünya siyasətində ciddiyə alınmayan kiçik dövlətlərin öz maraqlarını qoruya bilmək bacarığı nümunəsi idi. Təəssüf ki, Ukrayna kimi böyük bir ölkə hazırda uduzdurulur və həm də uduzur".
 
Milli Məclisin üzvü bu kontekstdə alman filosof Corc Vilhelm Fridrix Hegelin dövlət anlayışı ilə bağlı fəlsəfəsini xatırladıb:
 
"Dövlət öyrənmək üçün bir təcrübə məktəbidir. Təəssüf ki, hazırda Ukrayna dövlətinin timsalında acı bir təcrübə ilə üzləşirik. Eyni zamanda, bu, dünyanın gələcəyi baxımından da təəssüfedicidir. Sən demə, XXI əsrdə də bir ölkənin ərazisini işğal edib onu beynəlxalq hüquqa qəbul etdirmək olar, bu, beynəlxalq hüququn başlıca prinsipinin pozulması deməkdir".
 
H.Babaoğlu Qarabağ zəfərini nümunə gətirərək vurğulayıb ki, bununla Azərbaycan həm də beynəlxalq hüquq prinsipinin pozulmasının qarşısını alıb:
 
"Yəni Azərbaycan həm ərazi bütövlüyü, həm də suverenliyini bərpa etdi. Çox təəssüf, Ukrayna təcrübəsində görünən odur ki, həm suverenlik, həm ərazi bütövlüyü, həm də beynəlxalq hüquq anlayışı heç nə ifadə etmir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər