Fövqəladə Hallar Nazirliyi (FHN) 18–21 noyabr 2025-ci il tarixlərində Lənkəranda taktiki-xüsusi təlim keçirib.
Bu barədə Moderator.az -a FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimə nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin, Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Daxili İşlər Nazirliyinin Lənkəran şəhər-rayon Polis Şöbəsinin,Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lənkəran şəhər bölməsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının, Lənkəran Regional Qaz İstismar İdarəsinin, "Azərenerji" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin, "Aztelekom" MMC-nin Cənub Regional filialının və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin qüvvə və vasitələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd komandir-rəis heyətinin müasir idarəetmə və koordinasiya sistemlərinin iş prinsipləri barədə biliklərinin daha da artırılmasından, irimiqyaslı fəlakətlər zamanı müasir texnologiya və axtarış-xilasetmə üsullarının tətbiqi, eləcə də qarşılıqlı fəaliyyətdə tapşırıqların icrası sahəsində bacarıqların artırılmasından ibarət olub.
Dörd gün davam edən təlimin praktiki mərhələsində Cənub Regional Mərkəzinin və Nazirliyin xilasetmə qurumlarının regionda fəaliyyət göstərən strukturları Lənkəran rayonunda şərti olaraq baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub. Bu çərçivədə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş edilib, "Əməliyyatlar bazası (BoO)" qurulub və bölmələrin yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər icra olunub.