Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO
663
15:40, Bu gün

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başladı - FOTO

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması, hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun davamlı inkişafına dair verdiyi tövsiyələrə uyğun olaraq, Azərbaycanın Vəkillər Kollegiyası (VK) üzvlüyə qəbul prosesini ardıcıl və sistemli şəkildə həyata keçirir.
 
Vəkillər Kollegiyasından Moderator.az-a verilən xəbərə görə, bu istiqamətdə tam şəffaflıq, obyektivlik və bərabərlik prinsiplərinə əsaslanan ixtisas imtahanlarının təşkili təmin edilib.
 
2025-ci il noyabrın 20-dən etibarən yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran 65 nəfər vəkilliyə namizəd üçün Ədliyyə Akademiyasında icbari təlimlərə start verilib.
 
Təlim proqramı gələcək vəkillərin peşə hazırlığının artırılması, praktiki bilik və bacarıqlarının möhkəmləndirilməsi, habelə vəkil fəaliyyətinə dair etik və hüquqi tələblərin mənimsədilməsi məqsədi daşıyır.
 
Təlimin ilk günündə keçirilən açılış mərasimində çıxış edən Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev vəkilliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb. Təlimin əhəmiyyətindən danışan rektor nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların mənimsənilməsinin vacibliyini dilə gətirib.
 
VK Rəyasət Heyətinin sədri Anar Bağırov yeni təlim mərhələsinin açılışında çıxış edərək vəkilliyə namizədləri təbrik edib, onlara uğurlar arzulayıb və bu mərhələnin peşə hazırlığının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
 
Sədr diqqətə çatdırıb ki, bu proqram yalnız nəzəri biliklərin artırılmasına deyil, həm də peşə hazırlığının təkmilləşdirilməsinə, praktiki bacarıqların gücləndirilməsinə və beynəlxalq təcrübənin öyrənilməsinə hesablanıb. Təlim məzmunu müasir hüquqi çağırışlara adekvat şəkildə formalaşdırılıb və gələcək vəkillərin ədalət mühakiməsində rolunu daha da gücləndirmək məqsədi daşıyır.
 
Anar Bağırov vəkilliyə qəbul prosesinə dair detallı məlumat verərək qeyd edib ki, test mərhələsi Kollegiya və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, geniş müşahidəçilik imkanları altında - yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakıyla tam şəffaf və obyektiv şəraitdə keçirilib. Şifahi mərhələdə isə obyektivliyin təmin olunması üçün videoyazı sisteminin tətbiqi və bütün namizədlərə eyni məzmunlu sualların təqdim edilməsi prinsipi əsasında prosesin dürüstlüyü qorunub.
 
Eyni zamanda sədr çıxışında təlimlərin tematik istiqamətlərindən söz açaraq insan haqlarının müdafiəsi, vəkil etikası və digər aktual sahələr üzrə məşğələlərin nüfuzlu ekspertlərin iştirakı ilə keçirildiyini bildirib.
 
Anar Bağırov təlimə başlayan 65 namizəd arasında gender balansı və yaş dinamikasının müsbət olduğunu nəzərə çatdıraraq deyib ki, iştirakçıların 27-si qadın, 38-i isə kişidir. Namizədlərin 55 nəfəri, yəni 85 faizi 40 yaşadək olan şəxslərdir və bu göstərici vəkillik institutunun daha da gəncləşdiyini nümayiş etdirir. Sədr əlavə edib ki, təlim iştirakçılarının 90 faizi (58 nəfər) paytaxtdan, 10 faizi (7 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.
 
Sədr çıxışında son illərdə VK-da aparılan islahatlardan danışıb, eləcə də vəkil sayının artırılması, institutun cavanlaşdırılması, tədris proqramlarının yenilənməsi və daha məqsədyönlü hala gətirilməsi istiqamətində ardıcıl addımların atılması məsələsinə toxunub.
 
Anar Bağırov bildirib ki, Ədliyyə Akademiyası ilə birgə hazırlanan təlim proqramları praktiki bilik və bacarıqların artırılmasına yönəlik kompleks yanaşma təqdim edir və bu sahədə sistemli, davamlı nəticələr əldə olunmasına şərait yaradır. Sədr təlimlərin yüksək peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib, həmçinin ədliyyə orqanlarının qarşıdan gələn peşə bayramı münasibətilə onları təbrik edib, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
 
Eyni zamanda VK-nın beynəlxalq nüfuzlu təşkilatlara üzvlüyü və yerli dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi, vəkillik institutunun təşəbbüslərinə dövlət tərəfindən göstərilən tam dəstəyin göstəricisi kimi dəyərləndirilib.
 
Anar Bağırov nitqində vəkillərin peşə fəaliyyətinin əsas prinsiplərinə də toxunaraq qeyd edib ki, hər bir vəkil peşə borcunu vicdanla yerinə yetirməli, etik davranış kodeksinə ciddi əməl etməli, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərməli, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməlidirlər.
 
Sədr xüsusi vurğulayıb ki, formal fəaliyyət və qeyri-prosessual davranışlar institutun nüfuzuna xələl gətirir və Kollegiya bu cür hallara qarşı qətiyyətli mövqedədir.
 
Tədbirdə vəkillik institutunun inkişafına yönəlmiş dövlət siyasətinə də geniş yer verilib. Anar Bağırov xüsusilə Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının əhəmiyyətini vurğulayaraq, bu sənədin vəkillik fəaliyyətinin genişləndirilməsi və vəkil sayının əhəmiyyətli dərəcədə artırılması baxımından dönüş nöqtəsi olduğunu qeyd edib.
 
Həmçinin sədr Prezident İlham Əliyevin Mülki Prosessual Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə imzaladığı sənədi yüksək qiymətləndirib. Qeyd edilib ki, bu dəyişiklik ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi, vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsi və müdafiə hüququnun effektiv təmin edilməsi istiqamətində mühüm addımdır. Anar Bağırov vurğulayıb ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı vəkillərin fəaliyyət imkanlarının genişlənməsinə, onların peşəkar hazırlığının və nüfuzunun artırılmasına xidmət edir.
 
Açılış mərasimi VK sədrinin “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda geniş məruzəsi ilə davam edib.
 
Link kopyalandı!
Son xəbərlər