“O vaxt birinci kursda oxuyanda Mikayıl Mirzə bizim səhnə danışığı müəllimimiz idi. Belə baxdı uşaqlara, bir-iki nəfəri seçdi, dedi ki, “sizin səsiniz qurulmuş səslərdir”. Kim çalışqandır, kim öz üzərində işləyir onlar qurdular səslərini. Dublyaj 3 şeydən ibarətdir. Baxırsan monitora görüntünü görürsən, qulağında orijinal filmin səsi gəlir, bir də mətnə baxırsan. Üçünü ümumiləşdirib bir mükəmməl səs dəyişməsi əldə edə bilərsən. Hər aktyor bunu bacarmır. Elə vaxt olur ki, səsini incələşdirirsən, səsini qalınlaşdırırsan. Dublyajda bütün bunlar əsasdır”.
Bunu Moderator.az-a açıqlamasında Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, uzun illər dublyaj sahəsində çalışan Yasəmən Malik deyib.
O daha sonra bu sahədəki çatışmazlıqlardan da bəhs edib:
“Dublyaj bizdə tərcümədən başlayır. Tərcümə yerli-yerində olanda aktyor da oturub özü üçün rahat dublyaj edir. Tərcümə zəif olanda, biz məcburuq ki, həmin cümlələri orada, yerindəcə ya uzadaq, ya da qısaldaq. O vaxt texnika inkişaf etməmişdi, alt səsləri yığışdıra bilmirdilər. Bu gün texnika inkişaf edib, alt səsləri yığışdıra bilirlər. Amma bəzən də görürsən ki, o gözəl, peşəkar dublyajçıdır, amma onu bu obraza çağırmamalı idilər. Bu obrazda ruh, səs başqadır. Tanışlıqla çağırıblar. Peşəkar dublyajçılar heç vaxt istəməzlər ki, dublyaj pis olsun. Biz ekrandan filmlərə baxanda o dəqiqə səhvləri görürük. Yaxşı olardı ki, bu sahəyə çox pul sərf etsinlər ki, bir aktyora məcbur olub 4-5 rol verməsinlər. Qıraqdan aktyorları da çağırsınlar. Pul azlığına görə bunu edirlər. Mən başa düşürəm. O işlərdə yenə də maddiyat kömək edir, işin keyfiyyəti gözəlləşir. Nə qədər bir aktyor peşəkar olsa da, müxtəlif obrazları səsləndirsə də, başqa bir aktyor gələndə, həmin rola gücünü sərf edəndə, o rol daha keyfiyyətli alınacaq”, - deyə aktrisa bildirib.

Yasəmən Malik həmçinin onu da bildirib ki, kinoteatrlarda filmlərin dublyaj yox, subtitrlar vasitəsilə nümayişi bir çox hallarda izləyicilərin fikrini yayındırır və bu da onların haqlı narazılığına səbəb olur.