Bizi sosial şəbəkələrdən izləyin:
“20 noyabr həm Ağdamın işğaldan azad olunduğu gündür, həm də Qədir müəllimin 90 illik yubileyidir. Təəssüflər olsun ki, Ağdam işğaldan azad olunan günü Qədir müəllim görmədi. Amma bu gün onun ruhuna bir hədiyyə olundu. Çox sağ olsun dövlət başçımız, hərbçilərimiz! Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Qədir müəllim çox istəyirdi ki, Ağdama qayıtsın, orada yaşasın. İşğaldan sonra Ağdama getmək bizim üçün çox sevincli, həm də çox ağır bir hiss idi. Nə qədər axtarırdıqsa evimizi tapa bilmirdik. Hər tərəf daş-qalaq idi. Evlərin daşını, fasadını söküb aparmışdılar. Oğlum Mehdi evimizi sputnik vasitəsilə tapdı. İnanmadıq ki, bura bizim evimizdir. Qaraqaya deyilən bir yer var. Oradan Qədir müəllim bizim həyətimizə su çəkdirmişdi. Evin dəmir fasadlarından biri o suyun üzərinə düşmüşdü və 30 il həmin su orada damcı-damcı axıb. Hər şey məhv edib gedib, amma həyətin suyu qurumayıb. Belə qənaətə gəldik ki, burada yeni yaşayış olacaq, yenə bu həyətdən su axacaq, yenə bu həyətin işığı yanacaq. Orada köhnə lampamızı tapıb yandırdıq. Amma Qədir müəllimin cismi yox, ruhu orada dolaşacaq. Qədir müəllim xəstəxanaya düşməzdən əvvəl sonuncu sözü də Ağdam oldu. Ağdam deyə-deyə bu dünyadan getdi. Qədir müəllim kimi ikinci elə bir insan yox idi ki, Ağdama qayıtmaq istəsin”.

Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, mərhum xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib.
O daha sonra əlavə edib:
“Biz son günə qədər Ağdamda yaşamışıq. Qədir müəllim sonuncu gün Ağdamdan çıxıb. Özünə sığışdırmırdı, deyirid ki, çıxıb getsəm deyəcəklər ki, getdi. Hətta Ağdamdan çıxanda maşınının benzini də qurtarmışdı. Gətirib ona benzin verdilər ki, sürüb uşaqları Ağdamdan çıxarsın. Bizi başqa yerə qoymuşdu, özü Ağdamda yatıb-qalırdı. Ağdamdan rahatlıqla çıxmadıq. Qədir müəllimin müəyyən sənət əşyalarını götürə bildik. Şəkillər, mükafatlar, qəzetlər və s. Raket atırdılar, qorxurdum ki, yanıb kül olar. Amma geyimləri dolabda olduğu kimi qaldı. Bizi Ağdamdan heç vaxt qeydiyyatdan çıxarmayıblar. Ev siyahısına alıblar. O günü səbirsizliklə gözləyirik ki, Ağdama qayıdaq. Çox istərdim ki, Qədir müəllimin adına orada bir muzey təşkil olunsun. Bəzi şəxsi əşyalarını Bakıdakı muzeylərə vermişəm. İnşallah Ağdamda bu muzey təşkil olunsa, həmin əşyaları muzeyə yerləşdirəcəm. İnanıram və əminəm ki, dövlətimiz o torpaqlarda Qədir müəllimi də yad edəcək”, - deyə sənətkarın xanımı bildirib.