
- Həmişə filmlərinizdə mərhəmətli, güclü, amma zərif qadınlar gördük. Bu obrazlarınızı necə xarakterizə edərsiniz?
- Canlandırdığım obrazlar zərifliyi, məsumiyyəti, daxili mübarizəsi və ədalətə bağlılığı ilə seçilirdi. Bu rollar yalnız ekran üçün yaradılmış xarakterlər deyildi, onların hər biri özündə dövrün qadınlarının gücünü, həssaslığını və həyat qarşısında əyilməz duruşunu əks etdirirdi.
Bu cür obrazlara həyat vermək mənim üçün həm peşəkar, həm də şəxsi bir yolçuluq idi, çünki onların xarakter xüsusiyyətləri mənim öz dünyagörüşüm və şəxsiyyətimlə səsləşirdi. Məhz buna görə də həmin rolları oynayarkən özümü süni deyil, sanki real bir həyat hekayəsinin içində hiss edirdim. Hər bir obraz mənim ruhuma yaxın idi və mən də onları öz həqiqətimlə daha dərindən ifadə etməyə çalışırdım.
- Necə düşünürsünüz, "Susuz yay", "Gəlin" və "Dərman" kimi filmlərinizin Türkiyə və Azərbaycanda da çox sevilməsinin səbəbi nə idi?
- Bu filmlərin hekayələri bir çox hallarda real həyatda yaşanmış hadisələrdən qaynaqlandığı üçün tamaşaçılar onlarla dərhal emosional bağ qura bilirdilər. Ekranda gördükləri situasiyalar, insanların mübarizələri, ailə münasibətləri və sosial çətinliklər gündəlik həyatın bir parçası idi və bu, özünü həmin hekayələrdə görmək istəyən tamaşaçılar üçün səmimiyyət və inandırıcılıq yaradırdı.
Məhz bu reallıqla iç-içə olan yanaşma filmlərin təsir gücünü artırdı və onları müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da geniş kütləyə yaxınlaşdırdı.
- Film çəkilişləri zamanı yaddaşınızda silinməz iz buraxan, bu gün də sizi güldürən və ya duyğulandıran hər hansı bir xatirə varmı?
- “Dərman” filminin çəkilişləri qışın ən çətin keçdiyi Ağrı şəhərində, qarın içində aparılırdı. Bir tərəfdən donma təhlükəsi, digər tərəfdən buz bağlamış çay üzərindən atlı xizəklə keçərkən yaşadığımız risk və oradakı çətin hava şəraitində yaşayan insanların həyat tərzi hələ də yaddaşımdadır.
O günlər həm peşəkar, həm də insani baxımdan mənə çox şey öyrətdi və bu təcrübə yaddaşımda silinməz izlər buraxdı.
- Sizcə, gənc aktyorların inkişafında emosional hissiyyatın rolu daha ön plandadır, yoxsa texniki hazırlığın və texnologiya yönümlü yanaşmaların üstünlükləri daha çox diqqət çəkir?
- Gənc aktyorları ayıran əsas məqam onların özlərini ifadə tərzidir. Bu gün film və serialların çəkilişində texnologiyanın çox böyük faydası var və o, prosesi həm sürətləndirir, həm də daha keyfiyyətli nəticə əldə etməyə imkan yaradır. Amma insana baxsaq, insan duyğusu, ağlı və ruhu ilə var olan bir varlıqdır.
Əgər bir insan hekayəsi danışılırsa, duyğu orada mütləqdir. Çünki tamaşaçını təsirləndirən də, hekayəni gerçək edən də məhz aktyorun bu duyğunu içdən hiss edib onu doğru şəkildə çatdırmasıdır. Texnologiya nə qədər inkişaf etsə də, insanın daxili aləmini əvəz edə biləcək bir vasitə hələ ki yoxdur.
- Sizin qadınların cəmiyyətdəki yerini gücləndirmək üçün göstərdiyiniz duruşu nəzərə alaraq, qadın olmağın mənasını necə ifadə edərdiniz?
- Qadın toplumun anasıdır, bünövrəsidir. Birləşdirən, bəsləyən, sevgini və mərhəməti çoxaldan, şəfqəti ilə böyüdən, zəhməti ilə yaşadan, ədaləti ilə tarazlıq quran, insan olmanın bütün gözəl xüsusiyyətlərini həm yaşadan, həm də başqalarına öyrədən bir varlıqdır.
Eyni zamanda qadın bir toplumun vicdanıdır və onun gücü, cəsarəti və sevgisi cəmiyyətin davamlı inkişafına böyük təsir göstərir.
- Sizcə, bir qadının sənətdə, şəxsi həyatda və ailədə tarazlığı qoruyaraq uğur qazanmasının əsas sirri nədir?
- Qadın qəlbini sənətə verərkən ailəsini kənara qoymaq məcburiyyətində deyil, eyni şəkildə ailəsinə əmək sərf edərkən də xəyallarından vaz keçməyi gözardı etməməlidir. Əsas olan gördüyü hər işə sevgisini, zəhmətini və səmimiyyətini qata bilməkdir, hər rolunu diqqətlə, ürəkdən yerinə yetirməkdir… Əlbəttə, güclü bir dayanışma içində olmaq, ətrafdakı dəstək sistemi ilə birgə hər şeyi daha asan və mənalı etməkdir.

- Hülya Koçyiğitin dünyaya baxışını bir cümlə ilə ifadə etməli olsa, o cümlə nə olardı?
- Həyata, insana və sənətə sevgi, zəhmət, fədakarlıq və empati ilə yanaşmaq, hər anı dəyərli bilmək və gördüyümüz işdə səmimiyyətimizi qorumaqdır. Bu yanaşma həm insanlarla münasibətlərimizi, həm də yaradıcılığımızı daha zəngin və mənalı edir.
- Siz bir aktrisa kimi Azərbaycanda da çox sevilirsiniz. Bu diqqəti və sevgini ilk dəfə ən çox nə zaman hiss etdiniz?
- Azərbaycanda da çox sevildiyimi bilirəm və uzun illərdir bunun fərqindəyəm. Amma Azərbaycanlı qardaşlarımla görüşmək bu ilə qismətim oldu və onların isti münasibəti, sevgi dolu baxışları mənə xüsusi və dəyərli anlar bəxş etdi.
- Necə düşünürsünüz, iki qardaş ölkə arasında “Bir millət, iki dövlət” anlayışı mədəniyyət sahəsinə hansı dərəcədə təsir edir?
- Bəli, Türkiyə və Azərbaycan qardaş ölkədir. Sənət sağaldar, gözəlləşdirər, birləşdirər. Sənətlə daha da güclənəcəyik. Birlikdə yaratmağı arzulayıram və ümid edirəm ki, bu, həm mədəniyyətimizi zənginləşdirəcək, həm də insanların qəlblərində yeni körpülər quracaq.
- Yaxın günlərdə Azərbaycana səfər etdiniz. Bu səfərdə sizi ən çox təsirləndirən nə oldu?
- Azərbaycanlı qardaşlarımın vəfası, zərifliyi diqqətimi çəkdi. Eləcə də Bakının nizam-intizamı, ortaq mətbəximiz, xüsusilə təhsilin çox ön planda olması və bizi sevgi ilə qucaqlamaları məni çox təsirləndirdi. Həmçinin onların sənətə və mədəniyyətə olan hörməti, qonaqpərvərliyi də yaddaşamda gözəl xatirə kimi qaldı.
- Azərbaycanlı qadınlar sizi zərifliyiniz, duruşunuz və ailə dəyərlərinə bağlılığınızla nümunə götürür. Onlara nə söyləmək istərdiniz?
- Biz eyni kökdən, eyni mədəniyyətdən bəslənən iki qardaş xalqıq. Bu səbəbdən könlümüzün dili ilə də bir-birimizi gözəl anlayırıq. Qadının zərifliyi, incəliyi yalnız xarici görünüşündə deyil, ürəyindəki mərhəmətdə, sözündəki incəlikdə, ailəsinə və dəyərlərinə sahib çıxmasında gizlidir.
- Əgər hər hansı bir gənc sizə “sənətdə iz qoymaq istəyirəm” desə, ona ilk nə məsləhətiniz nə olardı?
- Hər insan həyat yolunda arxasında bir iz qoymaq istəyər. Sənətdə iz qoymaq isə azad olmaqla, öz dili ilə əsər yaratmaqla, öz hekayəsini danışmaqla mümkündür.
- Son olaraq, Azərbaycanlı tamaşaçılarınıza nə demək istərsiniz?
- Sizi sevirəm. Qəlbim sizinlə bir döyünür, hər zaman Azərbaycana gəlmək, sizlərlə yenidən qucaqlaşmaq və söhbətləşmək istəyirəm.

