“2007-2008-ci illərdə Mədəniyyət və İncəsənət Universitetində aktyorluq fakültəsində təhsil almışam. Amma yarımçıq çıxmışam. O vaxt maddi durum sözün düzü çox yaxşı deyildi, həvəs yox idi oxumağa. Amma öz hazırladığım uşaqlar hamısı qəbul oldu. Xalq artistləri Yaşar Nuri, Telman Adıgözəlovun tələbəsi olmuşam. Bu sahənin çətinliyi ondadır ki, parodiyanı ya dəqiq etməlisən, ya da etməməlisən. Bəzən eləsi var xoşuna gəlir, bəzən xoşuna gəlmir. Mən birinci yoxlamışam, sonra onu təqdim etmişəm. Yoxlamaq üçün bir neçə sənətkarın parodiyasını edib, həmkarlarına zəng etmişəm. İnanıblarsa, demək ki, oxşayıb. Çətinliyi də odur ki, bir az riskli sahədir”.
Bunu Moderator.az-a açıqlamasında aktyor-parodist Ramil Abdullayev deyib.
O daha sonra əlavə edib:
“Ən maraqlı parodiyalarım xalq artisti Niyaməddin Musayevin adı ilə bağlıdır. Əvvəl bəyənmirdi. Çünki dostları ona zəng edib deyirdi ki, səni göstərirlər, televizoru açan kimi görürdü ki, mənəm. Mən də parik qoyanda xoşuna gəlmirdi. Sonra gördü ki, mənim məqsədim sırf parodiya etməkdir, qəbul etdi”.
Ramil Abdullayev bildirib ki, parodiya etdiyinə görə daim təqib olunub:
“Maşınımı vurmaq istəyiblər, hədə-qorxu gəliblər, üstümə hücum çəkmək istəyiblər. Bilirəm ki, hamısı məşhurların işidir. Anonim zənglər gəlib. Deputatlara qədər mənə zəng edib hədələyiblər. Bu zənglərdən sonra bir-iki parodiyanı repertuarımdan çıxarmışam. Qorxduğuma görə yox, sadəcə həm hörmət əlaməti olaraq, həm də problem yaşamaq istəmirdim. Amma elə adam var deyib ki, “Ramil məni parodiya edə bilməz”. Onun acığına etmişəm. Onlardan biri də Vasif Məhərrəmlidir. Görüb şoka düşdü ki, “aa mənim kimi oxuyur, danışır”.
Aktyor deyir ki, qazanc yeri toylar və tədbirlərdir:
“Qazancım toylar və tədbirlərdir. Müğənni kimi də ifalar edirəm toylarda. Lazım olsa lap segah da oxuyaram (gülür). Sözün düzü toylardan qaçıram, çünki yoruluram. Qazandığım pulun yarısını elə dərmanlara verirəm. Türk müğənnilərini parodiya etmişəm. Bundan sonra xalq artisti Yaşar Nurini parodiya etmişəm. Özü müəllimim olub, sağlığında heç vaxt razı olmazdı ki, onu parodiya edim. Bir dəfə telekanallardan birində ikimiz də qonaq idik. Mən onu parodiya edə-edə içəri daxil oldum. Bir də gördüm dedi ki, “aa, bu kimdir ki, mənim kimi danışır?”. Çox bəyəndiyini bildirdi, xeyir-duamı verdi. Ondan sonra Yaşar müəllimin yubileyində çıxış etdim”, - deyə aktyor bildirib.