"Plan həm danışıqları, həm də Ukraynaya yeni hərbi texnologiyaların verilməsini nəzərdə tutur..."
Gizli plan və Moskva ilə birbaşa əlaqə
Moderator.az bildirir ki, "Axios" nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna müharibəsinin dayandırılması üçün yeni sülh planı üzərində işləyir və bu prosesdə Rusiya rəsmiləri ilə gizli məsləhətləşmələr aparılır.
Məlumata görə, plan 28 maddədən ibarətdir və dörd blokda toplanıb: Ukraynada sülh, təhlükəsizlik təminatları, Avropanın təhlükəsizliyi və ABŞ-Rusiya-Ukrayna münasibətlərinin gələcəyi.
Planın hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. O, sənədi Moskva nümayəndəsi Kirill Dmitriyevlə üç gün boyunca Mayamidə müzakirə edib. Dmitriyev bildirib ki, tərəflər ilk dəfə Rusiyanın mövqeyinin "həqiqətən eşidildiyini" hiss edir.
Uitkoffun bu həftə Zelenskinin milli təhlükəsizlik müşaviri Rüstəm Ömərovla da görüşdüyü təsdiqlənib. ABŞ rəsmiləri bildirir ki, Tramp müharibənin tezliklə dayandırılmasını mümkün hesab edir və bunun üçün tərəflərin "realist və çevik" olması tələb olunur.
Yüksək səviyyəli səfərlər və paralel təzyiq
"Politico" nəşri yazır ki, ABŞ hərbi rəhbərliyinin yüksək rütbəli nümayəndələri - ABŞ ordusunun naziri Den Driskoll və Baş qərargah rəisi general Rendi Corc Kiyevə elan edilməmiş səfərlə gediblər. Bu, Tramp administrasiyasının Ukraynaya ən yüksək səviyyəli səfəri kimi qiymətləndirilir.
Səfərin məqsədi Ukraynanı sülh danışıqlarına qoşmaqla yanaşı, iki ölkə arasında dronlar və avtonom silah sistemləri üzrə texnoloji əməkdaşlığı genişləndirməkdir. Driskoll Ukraynanın döyüş taktikasını "qaydasız kreativlik" kimi qiymətləndirərək, ABŞ hərbi sənayesinin bundan nümunə götürməli olduğunu deyib.
"Patriot" sistemi üçün yeni paket təsdiqlənib
Bu diplomatik proses fonunda ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollarlıq Patriot HHM sisteminin təminat və texniki dəstək paketini təsdiqləyib. Bu paketə M901 buraxılış qurğularının M903 səviyyəsinə modernləşdirilməsi, ehtiyat hissələri, texniki xidmət və təlim, logistika və proqram təminatı dəstəyi daxildir.
Rəsmi Vaşinqtonun bəyanatında qeyd edilir ki, bu addım Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirəcək və regionda təhlükəsizlik balansını dəyişəcək.
Beləliklə, hazırda Vaşinqtonun strategiyası iki paralel xətt üzrə gedir: Rusiya və Ukrayna ilə gizli və mərhələli danışıqlar; Ukraynaya hərbi dəstəyin, xüsusən HHM sistemlərinin gücləndirilməsi. Diplomatik fon dəyişsə də, prosesin uğuru əsasən Moskva və Kiyevin hansı şərtlərə hazır olacağından asılı olacaq.