Mundialın yeni möcüzəsi - Dünya Bərdə boyda ölkədən danışır
266
13:04, Bu gün

Mundialın yeni möcüzəsi - Dünya Bərdə boyda ölkədən danışır

Karib dənizinin kiçik ada dövləti Krasau 2026-cı il Dünya Çempionatının final mərhələsinə ilk dəfə vəsiqə qazanaraq, futbol tarixində böyük səs-küy yaratdı.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, buna səbəb ölkənin əhalisinin cəmi 156 000 nəfər olmasıdır.
 
B qrupunda Yamaykadan yalnız bir xal öndə olan Krasau yığması həlledici matçda əsas rəqibi ilə heç-heçə edərək həm öz tarixində, həm də dünya futbolunda əlamətdar bir nailiyyət əldə etdi. 2018-ci ildə mundiala qatılan və həmin vaxt 400 000 əhalisi olan İslandiyadan sonra Dünya Çempionatına çıxan ən kiçik ikinci ölkə statusunu qazandı. Bu, mundialdan uzaq qalan bir çox ölkələr üçün böyük sensasiya oldu.
 
Kurasao 2026-cı ildə keçiriləcək Dünya Çempionatına vəsiqə qazanaraq mundiala debüt edəcək dördüncü yığmadır. Daha əvvəl Özbəkistan, İordaniya və Kabo- Verde bu uğuru əldə etdi.
 
Bu tarixi uğur, böyük ölçüdə Niderland əsilli baş məşqçi Dik Advokatın rəhbərliyinin nəticəsidir. 78 yaşlı mütəxəssis bir vaxtlar “Fənərbaxça”, “Feyenoord”, “Sanderlend” kimi klublara, həmçinin Belçika, Rusiya və Niderland millilərinə də rəhbərlik edib. Ailəvi səbəblərə görə Dik Advokat son oyunda meydana çıxmayıb və matçı uzaqdan izləyib.

Krasaunun ərazisi 444 km²-dir. Ölkə 2010-cu ildən Niderland Krallığının tərkibində özünüidarəetmə statusuna malikdir. Maraqlıdır ki, Azərbaycanda yüz əlli mindən çox əhalisi olan rayon dedikdə ağla Bərdə, Xaçmaz, Quba, Sabirabad, Tovuz gəlir. Yəni bu qədər insanı dövlət səviyyəsində birləşdirən Krasau dünya futbolunda öz sözünü demiş oldu.

Ölkənin mədəni müxtəlifliyi də diqqətçəkəndir. Əhalisinin böyük əksəriyyəti Afrika mənşəlidir, eyni zamanda Ərəb (Livan), Çin, Hind, Avropa, Kolumbiya və Venesuela köklü insanlar da yaşayır. Rəsmi dili uzun illər yalnız Niderland dili olsa da, 2007-ci ildən Papyamento dili ikinci rəsmi dil kimi qəbul olunub. 2001-ci ilin statistikasına görə, Krasau əhalisinin 81%-i evdə Papyamento, 8%-i Niderland, 6%-ı ispan, 3%-ü ingilis və 2%-i digər dillərdə danışır. Bu rəngarəng dil və mədəniyyət ölkə yığmasının dünya səhnəsindəki uğurunu daha da maraqlı edir.

Komandanın hazırkı oyunçuları arasında Livano Komenencia, Kenji Gorre ("Makkabi Hayfa"), Tahit Chong ("Sheffield Yunayted", əvvəl Mançester Yunayted"), Jearl Margaritha (Beveren), kapitan Leandro Bacuna ("Groningen") və kiçik qardaşı Juninho Bacuna ("Qaziantep") yer alır.

Krasau göstərdi ki, əhali sayı uğurun ölçüsü deyil. Kiçik ada dövləti böyük bir futbol sensasiyası yaratmaqla həm yerli xalqın qürurunu artırdı, həm də dünya futbol ictimaiyyətinə mesaj verdi: istək, birləşmiş komanda ruhu və əzm sayəsində hər hansı bir meydanda uğur qazanmaq mümkündür.

Təəssüf ki, 10 milyondan çox əhalisi olan Azərbaycan DÇ-2026-ya vəsiqəni əldə edə bilmədi. Millimiz qrupda cəmi bir xalla sonuncu oldu. Hələ ötən il portuqaliyalı baş məşqçi Fernandu Santuş yığmaya təyin olunarkən çoxu üçün bu, gözlənilən idi. Bəziləri onun 70 yaşı olduğunu problem kimi qabartsa da, Dik Advokat bununla bağlı narahatlığın olmadığını dünyaya göstərmiş oldu. Mundialda bir qələbəsi olmayan Azərbaycandan fərqli olaraq, bu yığma heç məğlub olmadı. Bir sözlə, Krasau əzmkarlıq göstərərək uğur qazanmaqla bağlı Azərbaycan millisinə nümunə, ibrət göstərdi. Biz isə "ləyaqətli məğlubiyyətlər"in axtarışındayıq... /Teleqraf/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər