Prezident İlham Əliyevin nəqliyyat diplomatiyası Azərbaycanın C5 məşvərət formatında iştirakı kontekstində - ŞƏRH
302
11:45, Bu gün

Prezident İlham Əliyevin nəqliyyat diplomatiyası Azərbaycanın C5 məşvərət formatında iştirakı kontekstində - ŞƏRH

Ermənistan güc tətbiqi və deportasiya siyasəti ilə regionun demoqrafik xəritəsini dəyişmək üçün səylər göstərəndə, hərbi vasitələrlə, təcavüzkar müharibə ilə regionda beynəlxalq sərhədləri dəyişməyə cəhd edəndə Azərbaycan tam fərqli siyasət yürüdürdü. Ölkəmiz regionun və Avrasiyanın enerji, nəqliyyat-tranzit xəritəsinin yenidən tərtibi üçün öz resursları hesabına uğurlu enerji və nəqliyyat diplomatiyası həyata keçirirdi. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 15 il əvvəl əsasını qoyduğu bu uzaqgörən siyasət işğala son qoyulduqdan sonra, yeni reallıqda yeni siyasi və iqtisadi əməkdaşlıq imkanlarının yarandığı bir şəraitdə öz bəhrəsini verir. On dörd ölkəni təbii qazla təchiz edən Azərbaycanın dünyada boru xəttləri ilə ən böyük təchizat şəbəkəsini yaratması Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyasının bariz nümunələrindəndir.
 
Azərbaycan malik olduğu çox vacib siyasi, iqtisadi və nəqliyyat imkanları ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakçı hüququ qazandı. Bu strategiyanın əsasında Azərbaycanın yaratdığı yeni siyasi reallığın üstünlüklərini özündə birləşdirən və Cənubi Qafqaz regionunun coğrafiyasını aşan əməkdaşlıqda Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli əlaqələri daha da intensivləşdirmək siyasəti yer alır.
 
Mərkəzi Asiya dövlətlərinin Avropa və dünya bazarlarına çıxmasında mühüm strateji əhəmiyyətə malik və Orta Dəhlizin vacib seqmenti olacaq Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə verilməsi ilə yeni imkanlar açılacaq və münasibətlər daha da intensivləşəcək. Azərbaycanın yeni formata qoşulması Xəzər hövzəsinin şərqinə - Mərkəzi Asiya məkanına çıxışı, həmçinin Çinlə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün olduqca vacibdir.
 
Zəngəzur dəhlizi, həmçinin Türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin intesivləşdirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsi deməkdir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında vurğuladığı kimi, “Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”.
 
 
Azərbaycanda yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, neft, qaz, eləcə də yaşıl enerji sahəsində həyata keçirilən layihələr Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün müxtəlif sahələrdə vacib və etibarlı tərəfdaşa çevirib. Məsələn, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara “yaşıl enerji”nin birgə ixracı üçün böyük perspektivlər açır. “Rəqəmsal İpək Yolu” layihəsinin tərkibi kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi yeni və müasir bir sahədə uzunmüddətli əməkdaşlıq üçün imkanlar açır.
 
C5+1 formatında Mərkəzi Asiya-ABŞ əməkdaşlığı və Azərbaycan
 
C5+1 formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan Mərkəzi Asiyanın beş ölkəsinin prezidentləri noyabrın 7-də ABŞ-la Zirvə görüşündən sonra iki mühüm sənəd - İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat və Mədəni irs sahəsində niyyətə dair Birgə Bəyanat imzaladılar. Həmçinin ABŞ və hər bir dövlət arasında ayrılıqda ikitərəfli Məlumat arayışı (fact sheet) imzalandı və orada ikitərəfli əməkdaşlığın ümumi konturları, faktlar yer aldı.
 
Amerikalı ekspertlər bu sənədləri, orada yer alan əməkdaşlıq perspektivlərini “C5+1 platformasının, genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş formata” keçid kimi dəyərləndirdilər.
 
İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat üç strateji vacib sahədə əməkdaşlığı təsbit edir və bu sahələrdən biri sənədə “Trans-Xəzər ticarət marşrutu və bağlantı” başlığı altında daxil olunub.
 
Bu sənəddə Trans-Xəzər və TRIPP marşrutlarının əhəmiyyətinin vurğulanması ABŞ hökumətinin regiona yönəlik uzunmüddətli strateji maraqlarından xəbər verir. Bu qarşılıqlı marağı və əməkdaşlıq strategiyasını C5+1 liderləri Birgə Bəyanatın mətnində bu formada ifadə etdilər: “C5+1 ölkələrinin və dünyanın mənafeyi naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Trans-Xəzər Ticarət Marşrutunun (başqa adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını tam şəkildə inkişaf etdirməklə və onu Trumpın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu (TRIPP) ilə əlaqələndirməklə təchizat zəncirinin bağlantısını və dayanıqlılığını gücləndirmək”.
 
Həmçinin Birgə Bəyanatın Ticarət, investisiyalar və kritik minerallar bölməsində qeyd olunub ki, Orta Dəhlizin və onun vacib seqmenti Zəngəzur dəhlizi/TRIPP marşrutunun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edən kritik vacib mineralların istehsalı və tədarükü sahəsində əməkdaşlığa dair dialoq təsis olunur.
 
“Krikit minerallar dialoqu”nun hədəfi C5+1 formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi niyyəti ilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-a ixracı sahəsində əməkdaşlığın sistemləşdirilməsidir. ABŞ bununla Çindən asılılığın azaldılması və mənbələrin şaxələndirilməsi siyasətini reallaşdırmağı planlaşdırır.
 
Qırğızıstan Prezidenti Sadır Japarov bununla bağlı deyib: “Əminəm ki, qardaş Azərbaycanın iştirakı ilə formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq.
 
Azərbaycan Prezidenti İlham Əliyev əminlik ifadə edib ki, bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanların genişləndirilməsinə töhfə verəcək.
 
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı hüququ alması tarixi və coğrafi amillər baxımından vahid olan geosiyasi məkandakı dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün yeni platformanın yaradılması deməkdir. Bu, Azərbaycanın xarici siyasət kursunda, çoxtərəfli diplomatik müstəvidə Prezident İlham Əliyevin strateji baxışlarına uyğun atılan növbəti uğurlu addımdır. Azərbaycan Prezidentinin Daşkənd görüşündə dediyi kimi: “Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”.
 
Azərbaycanın yeni formata qoşulması mövcud siyasi, iqtisadi, enerji və nəqliyyat potensialından daha optimal formada və dinamik şəkildə istifadə imkanları yaradır. Regional problemlərin həllində ümumi yanaşmaların işlənib hazırlanmasında yeni format müəyyən funksiyaya malik olacaq. Eləcə də qlobal çağırışlar fonunda oxşar və eyni mövqenin işlənib hazırlanması, mövqelərimizin əlaqələndirilməsi baxımından yeni formatda əməkdaşlıq ölkələrimizi daha da yaxınlaşdıracaq. /Azərtac/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər