Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət: “Diqqətsizliyin, qayğısızlığın nümunəsidir” - FOTO+ÖZƏL
339
09:29, Bu gün

Cəfər Cabbarlının nəvəsindən babasının baxımsız heykəlinə münasibət: “Diqqətsizliyin, qayğısızlığın nümunəsidir” - FOTO+ÖZƏL

“Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşən, heykəltəraş Kamal Ələkbərovun müəllifi olduğu Cəfər Cabbarlının heykəli baxımsız vəziyyətdədir. Belə ki, ədibin heykəli sökülüb-tökülür. Məlumata görə, kinostudiyanın əvvəlki rəhbərliyi mütəxəssis cəlb etmiş və bərpa işlərinin smetasını aidiyyəti orqana təqdim etmişdir. Studiya təsərrüfat hesablı olduğundan aidiyyəti orqan bərpaya vəsait ayırmamışdır.
 
Moderator.az-a açıqlama verən Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Bağırova (Seyfəddinqızı) deyib ki, bu təkcə babasına yox, Azərbaycan mədəniyyətinə hörmətsizlikdir:
“Təəssüflər olsun ki, bu gün mədəniyyətimizin mühüm sahəsi olan kinomuz acınacaqlı günlərini yaşayır. Hələ keçən əsrin 20-30-cu illərində Azərbaycanda yenicə yaranmağa başlayan milli kinomuzun işində olan ciddi nöqsanlar barədə Cəfər Cabbarlı “Hara gedir Azərkino” adlı məqaləsində öz narahatlığını bildirmiş, bu vəziyyətdən çıxış yollarını da göstərməyə çalışmışdı. 100 ilə yaxın dövr keçməsinə baxmayaraq bu gün kino sənətində böyük durğunluq hökm sürür və bu haqlı olaraq kino işçilərimizi narahat etməkdədir. Cəfər Cabbarlının kinostudiyanın həyətindəki abidəsi isə təkcə bu böyük şəxsiyyətə deyil, ümumiyyətlə Azərbaycan mədəniyyətinə, incəsənətinə, kinomuza olan diqqətsizliyin, qayğısızlığın ən böyük nümunəsidir”.
 
Qəmər xanım bildirib ki, analoji hal babasının 28 may metrosunun qarşısındakı abidəsində də hökm sürür:
“Mən artıq söz tapmıram deməyə. Hər şey göz qabağındadır. Ev muzeyi də, heykəli də. Yaxşı ki, 28 may metrosunun qarşısındakı abidəsini COP-29 vaxtı təmizlədilər. Ona qədər ora-bura deyirdik, heç xeyri də yox idi” - deyə ədibin nəvəsi bildirib.
 
Qeyd edək ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, heykəl yaxın günlərdə bərpa olunacaq.
Link kopyalandı!
Son xəbərlər