Politoloq Fərhad Məmmədov Bakı ilə İrəvanın sülh xəttində baş verənlərlərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir.
- Azərbaycanla Ermənistan arasında sülh və Zəngəzur dəhlizi, “TRIPP layihəsi”nin icrası ilə bağlı hazırkı durum nədən ibarətdir?
- Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsini (TRIPP layihəsi) ləngitmir. Sadəcə olaraq onun obyektiv səbəbləri var. Buna səbəb isə ABŞ-də dövlət qurumlarının işləməməsi ilə bağlıdır. Amma buna baxmayaraq ABŞ dövlət katibinin müavini Ermənistana səfər edib. Artıq ABŞ-Ermənistan işçi qrupunun formalaşdırıldığı elan edildi. Belə olan halda Paşinyan da açıqlayıb ki, yaxın bir neçə ay ərzində əsas sənədlərin imzalanması, gələn ilin ikinci yarısında isə infrastruktur işlərinin başlanması planlaşdırılır. Yəni, Paşinyan da “TRIPP layihəsi”nin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib. O da erməni cəmiyyətinə praktiki nəticələri nümayiş elətdirmək istəyir. Buraya investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin açılması və eyni zamanda Azərbaycanla sülh gündəliyinin möhkəmləndirilməsi məsələləri daxildir.

- Ermənistandakı parlament seçkilərinin bir qədər önə çəkilməsi ilə bağlı fikirlər səslənir. Bu ehtimal nə dərəcədə əsaslıdır?
- Ermənistanda seçki prosesi ilə bağlı indi situasiya fərqlidir. Sonuncu bələdiyyə seçkilərində Paşinyanın təmsil olunduğu partiya 50 faizdən çox səs topladı. Bu isə onlarda müəyyən dərəcədə əminlik yaradır ki, görülən işlər öz nəticəsini verir. Gələn ilin iyununda keçiriləcək parlament seçkiləri bu müstəvidə baş tutacaq. Digər tərəfdən mülahizələr var ki, parlament seçkiləri bir neçə ay önə çəkilə bilər və s. Bu da bir ehtimaldır və bunu heç kəs inkar etmir. Amma hazırkı vəziyyətdə Paşinyan da nümayiş etdirdi ki, daxili seçki kontekstində öz istəklərinə nail ola bilir.
- Bakı ilə İrəvan arasında sülh xəttində əsas meyarlar hansılardır? Tərəflərin yekun sülh sənədinə imza atmasına nə mane olur?
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı vəziyyət mürəkkəbdir. Çünki Ermənistan konstitusiyası dəyişmədən, yəni buradan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmadan sülh mümkün olmayacaq. Azərbaycan tərəfi də bu halda sülh sazişini imzalamayacaq.

- Bu halda hansı mexanizmlərdən istifadə edilə bilər?
- Ola bilər belə bir mexanizm formalaşsın ki, sülh sazişi Ermənistan konstitusiyasının müəyyən maddələrinin dəyişdirilməsi qeyd edilməklə imzalana bilər. Amma buna baxmayaraq Azərbaycan sülh gündəliyinə uyğun olaraq konkret addımlar atır. Hər kəs də əmindir ki, Azərbaycanın sülhlə bağlı mövqeyi ciddidir. Bu halda sülhlə bağlı əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür, yəni hazırda “top” onlar tərəfdədir.