Bizi sosial şəbəkələrdən izləyin:
Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
Moderator.az xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü, Komitə Sədri Hökümə Babayeva “İnzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri”, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əli Məmmədov “Məhkəmələrin hökm və ya qərarlarına apellyasiya qaydasında yenidən baxılması”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Rahim Məmmədov “Beynəlxalq cinayət hüququ”, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Qədir Məmmədov “İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təhqiqatın aparılması”, uzun müddət məhkəmə sistemində hakim və məhkəmə sədri kimi çalışmış, hazırda istefada olan İlqar Abbasov “Cinayət çoxluğu”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nailə Eldarova “Şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara inzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri, cinayət mühakimə icraatı sahəsində apellyasiya icraatının əhəmiyyəti, bu icraat zamanı cinayət-prosessual qanunvericiliyin tətbiqi praktikası və prosessual normaların tətbiqi, beynəlxalq cinayət hüququnun anlayışı, inkişaf tarixi, xüsusiyyətləri, növləri, ibtidai istintaqı məcburi cinayət işləri üzrə aparılan təhqiqatın əhəmiyyəti, törədilmiş cinayətlərin vaxtında açılması, onların izlərinin müəyyən edilərək rəsmiləşdirilməsi, şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi barədə geniş məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.