210
13:35, Bu gün

"Paşinyan hakimiyyətdən gedərsə, Azərbaycanla danışıqlar sıfırlanacaq" - MÜSAHİBƏ

“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Zaur bəy, Azərbaycanla Ermənistan arasında bu il avqustun 8-də əldə edilən razılaşmalardan sonra praktiki müstəvidə atılan addımları necə xarakterizə etmək olar?

- Azərbaycanla Ermənistan arasında hazırda sülh istiqamətində danışıqlar davam etməkdədir. Müəyyənləşmiş qrafikə uyğun olaraq danışıqlar gedir. Məhz bunun fonunda Ermənistanda gələn ilin yayında keçiriləcək parlament seçkilərinə qədər müəyyən məsələlər təxirə salınacaq. Bakı və İrəvanın bu prosesdən olan gözləntisi bağlı qapılar arxasında müzakirə edilməkdədir. Müəyyənləşmiş yol xəritəsinə uyğun olaraq müəyyən hərəkətlər də müşahidə edilir. Son olaraq, Rusiya və Qazaxıstan taxılı Azərbaycan vasitəsi ilə Ermənistana çatdırılıb. Bu onu göstərir ki, strateji məsələlərlə bağlı Azərbaycan, Türkiyə və Ermənistan arasında müəyyən razılaşmalar var.

- Qarşıdakı dövr üçün sülhlə bağlı əsas çətinliklər nədən ibarət ola bilər?

- İndi hamı bilir ki, Ermənistanı seçki müstəvisində çətin aylar gözləyir. Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması lazımdır. Çünki Paşinyan hakimiyyətdən gedərsə, bu Azərbaycanla danışıqların sıfırlanması demək olacaq. Belə olan halda əsas prioritet Ermənistandakı seçkilərin sabit şəraitdə keçməsidir.

- Seçki ilə bağlı Ermənistanda əsas təhdidlər nədən ibarətdir?

- Ötən günlərdə Ermənistanın regionlarının birində keçirilən mer seçkiləri göstərdi ki, hakimiyyət uğrunda mübarizə bundan sonra daha ciddi xarakter alacaq.

- Bu gərginlik hansı təhdidlər yarada bilər?

- Söhbət geosiyasi konfrantasiyadan gedir.

- Regional kommunikasiya xətləri ilə bağlı əsas mənzərə necədir?

- Hazırda Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri ilə bağlı müəyyən irəliləyişlər var. Erməni tərəfi artıq Türkiyədən Azərbaycana öz ərazisi ilə avtomobil yolunun bərpasına razılıq verib. Bu müsbət haldır. Dəmir yolu xəttinin bərpasının isə gələn ilin sonuna qədər həllini tapması gözlənilir.

- Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı rəsmi İrəvanın açıqlamları bir qədər fərqli istiqamətləri əhatə edir. Onlar iddia edirlər ki, dəhliz açılana qədər burada enerji daşıyıcıları üçün xətlərin çəkilməsi mümkün ola bilər…

- Faktiki olaraq, Ermənistan bu gün müəyyən xarici qüvvələrdən asılıdır. Elektrik, qaz və taxılın Ermənistana gətirilməsi məsələsində İrəvan bir sıra tərəflərdən asılı hala düşüb. Əgər Paşinyan hökuməti Azərbaycanın dediklərini edərsə, enerji daşıyıcılarının Ermənistana çəkilməsi də ehtimal edilir. Hazırda elektrik və digər enerji təminatları ilə bağlı Ermənistan Rusiyadan asılıdır. Azərbaycan bu məsələdə İrəvana mühüm imkanlar yarada bilər. Sözsüz ki, bunun üçün də əsas şərtlər mövcuddur.

- Dəhlizdən əlavə enerji daşıyıcılarının keçidi ilə bağlı əsas hədəflər nədən ibarətdir?

- Açılacaq kommunikasiya xətlərindən digər ölkələrin də enerji məhsullarının o cümlədən, Türkmənistan qazının da daşınması istisna edilmir. Bununla da Ermənistan prosesdə tranzit və qaz alıcısı kimi də iştirak edərək, kifayət qədər iqtisadi dividentlər əldə edəcək. Ona görə də əsas gözləntilər Paşinyanın atacağı addımlardan ibarətdir.

- Azərbaycanın gözləntiləri nədir?

- Rəsmi Bakı yeni bir Ermənistan istəyir. Tamamilə dəyişən, heç bir mifik “ideologiyası” olmayan Ermənistan lazımdır. Bununla da Cənubi Qafqaz suveren regiona çevriləcək və kənar qüvvələr də bölgə daxilindəki proseslərə müdaxilə edə bilməyəcək.

Link kopyalandı!
Son xəbərlər