332
16 Nov 2025 | 22:50

"İtaətsizlik"dən müalicə: Yeniyetmə MKİ-nin eksperimentləri obyektinə necə çevrilib?" - BBC 

"Bu, itaət dərsi deyil, travma idi..." 

BBC nəşrində maraqlı məqalə dərc edilib. Söhbət bir yeniyetmənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) eksperimentinə məruz qalmasından bəhs edilir.

Xatirələrin qorxusu

Bəzən keçmiş bir səslə yox, bir qoxu ilə qayıdır. Lana Pontinq üçün həmin qoxu dərman qoxusudur. Onun yeniyetməlik illərinə, qorxuya, bilmədiyi bir sirrə gedən qapı məhz bununla açılır.

1958-ci yazında, 16 yaşında ikən o, Monrealdakı Allan Memorial Psixiatriya institutuna gətiriləndə xəstəxananın soyuqluğu onu dərhal narahat etmişdi. "Bu yer xəstəxanaya bənzəmirdi", - o, indi xatırlayır.

Onu ora hansısa ağır cinayət yox, sadəcə "yeniyetmə davranışı" aparmışdı. Evdən qaçmaq, sərt valideynlərin bəyənmədiyi dostlar, mübahisələr... başqa heç nə. Amma o, bunu bilmirdi: həmin qapıdan keçən kimi o, adi pasiyent deyil - MKİ-nin gizli layihəsinin bir hissəsinə çevrilmişdi.

"Sən yaxşı qızsan... yox, sən pis qızsan"

"Soyuq müharibə" dövründə ABŞ hökuməti insan beynini idarə etməyin yollarını axtarırdı. Bu layihə sonradan MK-Ultra kod adı alıb. Lana o palatalarda yatanda, kimsə onun taleyini planlaşdırır, kimsə isə bunu "elmi araşdırma" adlandırırdı.

Ona LSD, metanfetamin, sedativ qazlar verilir, sonra isə qulaqlarına yüzlərlə dəfə eyni söz səslənirdi. Lana deyir: "Kaset də bir səs vardı. Bəzən deyirdi: "sən yaxşı qızsan"... sonra isə: "sən pis qızsan". Təkrar, təkrar…" Bu, "müalicə" deyildi. Bu, kiminsə onun beynini yenidən yazmaq cəhdi idi.

Susdurulan illər

Lana o illəri yaxşı xatırlamır - yaddaş sanki duman içindədir. Amma bədən unutmur. Gecələr qışqıraraq oyanmaq. Səbəbsiz narahatlıq. Özünü tanımama hissi. O, illər sonra sənədlərə çıxış alanda, bir qeydi oxuyub donub qaldı: "Pasiyent qaz verildikdən sonra aqressiv olub, çarpayıdan atılıb və qışqırmağa başlayıb". Burada artıq sual yox idi,  cavab vardı.

Normal həyata bənzəyən həyat

Lana illər sonra ailə qurdu, iki övlad böyütdü, dörd nəvə sahibi oldu. Kənardan baxanda hər şey yaxşı görünürdü. Amma içində daim eyni cümlə dolaşırdı: "Mən niyə belə düşünürəm və mənimlə nə baş verib?". O deyir: "Bir ömür dərmanların içindəyəm. Mən hər zaman hiss edirəm ki, o günlər məndən nəsə alıb"

Ədalət arxasınca

Bu yay məhkəmə nəhayət kollektiv iddianı nəzərdən keçirməyə icazə verib. Bu, sadəcə hüquqi proses deyil - Lana üçün bu, nəhayət səslənə bilən bir həqiqətdir. "Hər dəfə doktor Kameronun şəklini görürəm, içimdə qəzəb oyanır", - o, deyir.

Araşdırmaçılar deyir ki, həkim MKİ-nin maliyyələşdirdiyindən xəbərdar olmaya bilərdi. Amma etik olaraq o, bunu etməməli idi. Bu artıq puldan daha böyük bir şeydir.

Bu -  tanınmaqdır.
Bu - eşidilməkdir.
Bu - "mənimlə edilən səhv idi" cümləsini eşitməkdir.

Link kopyalandı!
Son xəbərlər