
- Ümumiyyətlə, sizi bu məsələdə günahlandırmalarının səbəbi nə idi?
- Məsələnin səbəbi uşaqlıqda açdığım və mövcudluğundan xəbərsiz olduğum bir hesab idi. Bu hesabdan heç bir mərc edilməyib. Amma sən demə, hesab varsa və heç bir mərc edilməyibsə belə, cəza tətbiq olunur. Mən bunu bilmirdim. Türkiyə Futbol Federasiyası da ən aşağı olan, 45 günlük cəzanı verdi.
- Məlum hadisənin Azərbaycanda da böyük rezonans doğurduğunu bilirdiniz?
- Bəli. Buna görə də təəssüf hissi yaşadım.
- Son olaraq, Azərbaycanın Belarus millisi ilə keçirdiyi hazırlıq oyununda iştirak etmişdiniz. Daha sonra milli komandanın heyətində meydana çıxmadınız. Sizcə, yığmaya çağırılmamağınızın səbəbi bu məsələ ilə bağlıdır?
- Bu məsələnin milli komanda ilə heç bir əlaqəsi yoxdur. Bu mövsüm bir neçə dəfə dəvət aldım. Həm Fernandu Santuş, həm də Ayxan Abbasov məni siyahıya daxil edib. "Sivasspor" da bu barədə məlumatlı idi. Lakin son anda rəsmi oyun üçün heyətə alınmadım.

- 45 gün ərzində nə etməyi planlaşdırırsınız?
- Təbii ki, durmadan çalışacağam. Həm "Sivasspor"un Superliqaya çıxması, həm də Azərbaycan yığmasına dəvət ala bilmək üçün əlimdən gələni edəcəyəm.
- "Sivasspor" rəhbərliyi ilə danışığınız oldu?
- "Sivasspor" rəhbərliyi günahsız olduğumu ilk gündən bilirdi. Çünki dosyemin təmiz olduğunu gördülər. Klub prezidenti və məşqçilər heyəti "Sivasspor" camiəsinin arxamda olduğunu bildirdilər. Bu mənə çox motivasiya verdi. Nəticədə dedikləri kimi də oldu və mən "Sivasspor"un formasını geyinməyə davam edəcəyəm.
- Bəs Azərbaycandan necə, sizinlə əlaqə saxlayanlar oldu?
- Xeyr, belə bir hal yaşanmadı.

- Mövcud durumun yenidən Azərbaycan millisinə çağırılmağınıza mane olacağını düşünmürsünüz?
- Bu vəziyyətin gələcəkdə problem yaradacağını düşünmürəm. Çünki günahsızam. Mərc oyunları ilə heç bir bağlılığım yoxdur. İnanıram ki, martda yenidən yığmaya çağırılacağam. Geri dönüb, Azərbaycan millisinə töhfə vermək istəyirəm.