726
14:05, Bu gün

"Azərbaycan və Türkiyə Prezidenti bu halda İrəvana gedə bilər" - MÜSAHİBƏ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir.
 
- Elxan bəy, Bakı və İrəvan arasında 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalardan sonra Ermənistan tərəfi ancaq siyasi bəyanatlar verməklə məşğuldur. Praktiki müstəvidə addımların atılmasına nə maneə olur?
 
- Böyük ehtimalla Ermənistanın Baş naziri Nikol Paşinyan proseslərin icrasını gələn ilin yayında keçiriləcək parlament seçkilərindən sonraya saxlayır. İndi onun əsas hədəfi seçkidə qələbə qazanmaqdır. Bunun üçün də müxalifəti zəiflətməyə çalışır. Faktiki olaraq Ermənistanda müxalifət hər tərəfli ona qarşı hücuma keçib. Artıq keçmiş prezidentlər, hərbi canilər olan Robert Köçəryan və Serj Sarkisyan da bir qədər fəallaşıb. Uzun müddət susqun idilər. Görünür Moskvadan onlara belə bir təlimat gəlib. Digər tərəfdən həbsdə olan Samvel Karapetyanının adamları partiya yaradırlar. Üçüncü istiqamətdə isə kilsə Paşinyana qarşı çıxır. Hazırda Paşinyan bu qüvvələrlə mübarizə aparır və hər birini zəiflətməyə çalışır ki, seçkidə məğlub olmasın.

- Bunun fonunda sülh və digər məsələlər ətrafında əldə edilmiş razılaşmaların icra vəziyyətini necə şərh etmək olar?

- Hazırda əldə edilən razılaşmaların icrası ilə bağlı proseslər ləng gedir, sürət həqiqətən də zəifdir. Azərbaycan tərəfi bunun fonunda gözləmə mövqeyindədir. Ermənistandakı seçkilərdən sonrakı vəziyyəti gözləmək lazım gəlir. Çünki Paşinyan yeni konstitusiya qəbul edəcəyi ilə bağlı da vəd verib. Bu konstitusiyada isə Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bənd olmamalıdır. Məhz bundan sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər.

- Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın prosesi yubatmaq cəhdləri nə ilə bağlıdır?

- Zəngəzur dəhlizi (Tramp marşurutu) ilə bağlı İrəvanın mövqeyi bəllidir. Ermənistan bu dəhlizin tikintisinə pul xərcləmək istəmir. Onlar hər şeyi ABŞ-in üzərinə yükləyib. İddia edirlər ki, razılaşma orada imzalanıbsa və dəhlizlə bağlı məsuliyyəti üzərlərinə götürüblərsə, maliyyələşmə də olmalıdır. Artıq dəhlizin tikintisi üçün ABŞ tərəfindən 145 milyon dollar ayrılıb. Əslində bir o qədər də vəsait lazımdır ki, tikinti başlasın.

- Bu halda dəhlizin tikintisinə qısa zamanda başlanıla bilərmi?

- Preses əslində Ermənistandakı seçkidən öncə də başlaya bilər. Bununla Paşinyan seçkidə reytinqini bir qədər artırmaq imkana qazanar. Seçicilərə deyə bilər ki, “Azərbaycanla sülh danışıqları nəticə verir. Beləliklə, taxıl Azərbaycan üzərindən Ermnənistana daşınır, amerikalılar isə dəhlizdə tikintiyə başlayıb və s”.

- Ermənistanda erkən seçki ehtimalını necə dəyərləndirirsiniz?

- Belə bir ehtimal var. Paşinyanın nə qədər ki, reytinqi var, bununla müxalifəti də çətin vəziyyətə sürükləyə bilər. Çünki erməni müxalifəti də gələn ilin iyununda keçiriləcək seçkiyə hazırlaşır.

- Paşinyan seçkiyə qədər hansı ssenarilərlə üzləşə bilər?

- Bununla bağlı Paşinyanın da gözləntiləri var ki, Moskvanın hər hansı ssenariləri olar bilər. Beləliklə, Moskvanın və radikal müxalifətin ssenarilərini pozmaq üçün onun erkən seçkiyə getməsi ehtimalı da güclənir.

- Erkən seçki sülh prosesinə necə təsir edəcək?

- Bu əslində sülh prosesini də sürətləndirə bilər. Yəni, seçkilər gələn ilin iyununda deyil, ondan öncə yəni, yanvar və fevralda keçirilsə, bunun ardınca konstitusiya dəyişikliyi ilə bağlı referenduma gedilsə, sülh sazişi daha erkən imzalana bilər.

- Seçkidən öncə sülh sazişinin imzalanması Ermənistan üçün nə vəd edir?

- Sülh sazişi imzalanarsa, başqa bir hadisə də baş verə bilər. Gələn ilin may ayında Ermənistanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək. Həmin toplantıya Azərbaycan və Türkiyə Prezidentləri də dəvətlidir. Əgər sülh müqaviləsi gələn ilin may ayından əvvəl imzalanarsa, Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistandakı tədbirdə iştirak etməsi reallaşa bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər