765
13:54, Bu gün

"Vaşinqton həm diplomatiya, həm də nüvə balansı kursuna keçir" - Tramp yeni mesajlar verdi

 
"Bu, təslim olmaq deyil, aqressiv diplomatiyadır..."
 
Tramp Ukrayna münaqişəsinin tezliklə bitəcəyinə ümid edir
 
"The GB News" və "Fox News" media platformalarına müsahibələrində ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Ukraynada müharibənin yaxın aylarda sona çatmasına ümid edir və bunun üçün diplomatik təzyiq və danışıqlar aparılır.
 
Moderator.az xəbər verir ki, Trampın sözlərinə görə, o, Vladimir Putinlə şəxsi əlaqələrinin bu prosesə təsir göstərə biləcəyinə inanır. O, həmçinin bildirib ki, ABŞ müəyyən ölkələrə, o cümlədən Hindistana təsir göstərərək Rusiyadan neft tədarükünün azalmasına nail olub. Prezident əlavə edib ki, hakimiyyətdə olduğu müddətdə səkkiz müharibəni dayandırıb və Ukrayna böhranının da eyni şəkildə siyasi yolu ilə həllinə çalışır.
 
Kreml isə son günlərdə açıqlamasında ümumi xəttə sadiq qalıb: Moskva iqtisadi əməkdaşlıq və dialoqa hazır olduğunu bildirir, amma əlavə edir ki, "müharibənin bitməsi Rusiyanın müəyyən etdiyi məqsədlərin reallaşmasından sonra mümkün olacaq".
 
"Bu, təslim olmaq deyil, aqressiv diplomatiyadır"
 
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Trampın Putinlə dialoq siyasətini müdafiə edərək bunun "zəiflik deyil, aqressiv diplomatiya" olduğunu deyib. Onun sözləri belədir: "Sülh istəyirsinizsə, güclü olmalısınız. Media deyil, prezident qərar verməlidir ki, kimlə danışmaq olar".
Vens vurğulayıb ki, Trampın doktrinası sadədir: dünyanın ən güclü ordusuna sahib olmaq, sülhə nail olmaq və eyni zamanda diplomatik kanalların bağlanmasına imkan verməmək. Moskva isə bildirir ki, Ukrayna "gec-tez" danışıqlara məcbur olacaq və zaman keçdikcə Kiyevin şərtləri daha da ağırlaşacaq.
 
ABŞ yenidən nüvə sınaqlarına qayıdır?
 
Tramp həmçinin elan edib ki, ABŞ "çox yaxın vaxtlarda" nüvə sınaqlarını bərpa edəcək. O, buna səbəb kimi Rusiyanın və Çinin analoji addımlar atmasını göstərib: "İstəmərəm ki, dünyada təkcə ABŞ sınaq keçirməyən ölkə olsun".
 
Prezident bildirib ki, Moskva və Pekinlə nüvəsizləşdirmə üzrə format yaratmaq istəyir, lakin əgər rəqiblər silahlanmanı davam etdirirsə, Vaşinqton geri qalmayacaq.
 
Bu qərar administrasiyada birmənalı qarşılanmayıb. CNN-in məlumatına görə, energetika naziri də daxil olmaqla bir sıra yüksək vəzifəli rəsmilər Trampı bu addımın "məntiqsiz və riskli" olduğuna inandırmağa çalışır.
 
Tramp administrasiyasının mesajları iki xətti göstərir: bir tərəfdən - sülh danışıqları və diplomatik təzyiq, digər tərəfdən - hərbi güc nümayişi və nüvə balansını qorumaq. Görünən odur ki, Ağ Ev müharibəni dayandırmaq üçün həm danışıqlar, həm də sərt güc alətlərindən istifadə etmək kursunu seçib.
 
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər