Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü – FOTOLAR 
173
13:33, Bu gün

Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü – FOTOLAR 

Zəngin ətri və dadı ilə seçilən türk qəhvəsi Türkiyənin ən dəyərli mədəni irslərindən biridir. Özünəməxsus hazırlanma və təqdimetmə üsulları, həmçinin sosial və tarixi əhəmiyyəti bu içkini Türkiyəni ziyarət edən hər bir insan üçün xüsusi bir təcrübəyə çevirir.
 
Moderator.az xəbər verir ki, türk qəhvəsi 2013-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin tarixdən bəri, dekabrın 5-i, bu tanınmanın ildönümü rəsmi şəkildə “Dünya Türk Qəhvəsi Günü” kimi qeyd olunur. Lakin bu il türk qəhvəsi öz mədəni və tarixi dəyərini bir daha qlobal səviyyədə təsdiqlədi: Türkiyənin Avropa İttifaqında (Aİ) rəsmi olaraq qeydiyyata düşən ilk “ənənəvi məhsul adı” oldu.
 
İsti, köpüklü bir fincan türk qəhvəsindən həzz almaq üçün Türkiyədən daha gözəl məkan tapmaq çətindir. Burada hər qurtum qonaqpərvərlik və ənənənin hekayəsini danışır. Bəlkə də bu əvəzolunmaz dad sizi ölkəyə növbəti səyahətinizi planlaşdırmağa ilhamlandıracaq!
Türk qəhvəsinin tarixi 500 ildən artıqdır ki, davam edir. XVI əsrdə Yəmən vasitəsilə Osmanlı torpaqlarına gətirilən bu nadir içki qısa zamanda xalqın böyük rəğbətini qazandı və ilk qəhvəxanaların — insanların uzun-uzadı söhbətlər etdiyi, fikirlərin bölüşüldüyü o məşhur məkanların yaranmasına səbəb oldu. Çox keçmədən türk qəhvəsi evlərə də yol tapdı və beləliklə, əsrlərdir yaşadılan bir türk ənənəsinə çevrildi. Qəhvənin populyarlığı artdıqca tacirlər onun ticarəti ilə məşğul olmağa başladılar və bu şəkildə türk qəhvəsi Avropaya qədər yayıldı, qitənin qəhvə mədəniyyətinin formalaşmasına təkan verdi.
 
Lakin türk qəhvəsinin dəyəri yalnız dadından ibarət deyil. O, əsrlərdir ki, dostluqları, ailələri və insanların bir-biri ilə bağlarını gücləndirən bir ritual kimi qəbul olunur. Əvvəllər daha çox yeməkdən sonra təqdim edilən türk qəhvəsi zamanla nişan mərasimlərinin, bayram görüşlərinin, dini və ailəvi tədbirlərin ayrılmaz hissəsinə çevrilib. Türk qəhvəsi ikram etmək qonaqpərvərliyin ən incə ifadəsidir — bunu xalq arasında tez-tez deyilən atalar sözü də gözəl izah edir: “Bir fincan qəhvənin qırx il xətri var.”
 
Türk qəhvəsini unikallaşdıran təkcə insanları bir araya gətirmə gücü deyil, həm də onun hazırlanmasından tutmuş ləzzətlə içilməsinə qədər yaşatdığı orijinal mədəniyyətdir. Bu, bu günə qədər istifadə olunan ən qədim qəhvə hazırlama üsullarından biridir və Türkiyənin davamlı kulinariya irsinin parlaq nümunəsi sayılır. Xırda üyüdülmüş qovrulmuş dənələr soyuq su ilə, istəyə görə şəkərlə  “cezve” adlanan balaca qabda dəmlənir, sonra yavaşca isidilərək mükəmməl köpük əmələ gələnədək bişirilir.
 
Türk qəhvəsini fərqləndirən xüsusiyyətlərdən biri də onun dənəcikləri və bol köpüyüdür. Təsadüfi deyil ki, təqdimetmə tərzi də digər qəhvələrdən ayrılır. Gündəlik həyat tərzimizdə kağız stəkanlarda içilən qəhvənin əksinə olaraq, türk qəhvəsi ənənəvi olaraq kiçik porselen fincanlarda, yanına bir stəkan su və kiçik bir lokumla birlikdə təqdim olunur.
Türkiyənin bölgələrini gəzərkən türk qəhvəsinin müxtəlif çeşidlərinə rast gələcəksiniz. Egey bölgəsində məşhur mastik ağaclarından alınan saqqızla hazırlanmış, incə ətirli saqqızlı qəhvəni dadmaq olar. Qaziantepdə isə mütləq menengiç qəhvəsini sınayın — Pistacia terebinthus ağacının dənələrindən hazırlanan bu içki Avropa İttifaqının Coğrafi İşarə (GI) qeydiyyatına sahibdir. Şanlıurfa və Mardin kimi Şərq bölgələrində isə daha güclü və kəskin dadı ilə seçilən, dərin qədim ənənələrə söykənən mırranı dadmaq mütləqdir.
 
Türkiyənin istənilən yerində ləzzətli bir fincan qəhvədən həzz almaq mümkündür. İstər yeməkdən sonra, istərsə də paxlava və lokum kimi məşhur şirniyyatlarla birlikdə, türk qəhvəsi hər söhbətin ən gözəl yoldaşıdır. Qəhvə bitdikdən sonra fincanda qalan telvedən fal baxmaq, yəni “fincan falı” da bu ənənənin ayrılmaz hissəsidir. 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər