Son illər ölkədə estetik əməliyyatlara maraq xeyli artıb. Cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaq istəyi və sosial şəbəkələrdə təqdim olunan "ideal görünüş" vədləri bir çox insanı cərrahiyyə masasına aparır. Lakin bu əməliyyatların bir qismi faciə ilə nəticələnir.
Ən narahatedici məqam odur ki, bəzi hallarda bu əməliyyatları tibbi təhsili olmayan, başqa sahələrdən gələn şəxslər həyata keçirirlər.
Məsələn, yaxın tarixdə qanunsuz estetik əməliyyatlarla bağlı yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb. Məlum olub ki, Xəyalə İsmayılovanın adına olan "UĞUR 777" estetik mərkəzi tibbi standartlara əməl etmədən fəaliyyət göstərib və bir neçə şəxsin sağlamlığına ciddi zərər vurub.
Araşdırmada Xəyalə İsmayılova, Murad Bağırov, Firuzə Əliyeva, Gülbədə Abdullayeva, Zairə Salmanova və digərlərinin tibbi təhsil və sertifikata malik olmadığı müəyyən edilib.
Faktlar əsasında Cinayət Məcəlləsinin 131.2, 309.2, 314.2 və digər maddələri ilə cinayət işi başlanaraq materiallar Nəsimi Rayon Prokurorluğuna göndərilib.
Bəs insanlar estetik əməliyyata niyə bu qədər asan qərar verirlər? Bu sahədə nəzarət mexanizmləri niyə effektiv işləmir? Tibbi təhsili olmayan şəxslərin əməliyyat aparmasının qarşısı necə alınmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev Oxu.az-a danışıb.
Ekspert estetik əməliyyatları tibbi təhsili olmayan şəxslərin həyata keçirməsinin ciddi təhlükə yaratdığını bildirib:
"Çox təəssüf ki, cəmiyyətimizdə bu cür narahatlıqlara səbəb olan hallar müşahidə edilir. Mənim üçün maraqlıdır ki, tibbi təhsili olmayan bir şəxsi həkim kimi niyə işə götürürlər? Bu müəssisələr və müvafiq qurumlar niyə qanunlardan kənara çıxırlar?"
Aydın Əliyevin sözlərinə görə, problemin əsas səbəblərindən biri bu sahədə qanunların tətbiqinin zəif olmasıdır:
"Müvafiq idarə və nazirliklər bu məsələlərdə effektiv fəaliyyət göstərmirlər. Qanunların işləməsi və onların yerinə yetirilməsi mütləqdir".
Ekspert estetik əməliyyatlara marağın artmasının müəyyən mənada təbii olduğunu qeyd edib:
"İnsan bədənindəki dəyişikliklər genetik və ya travmalar nəticəsində yarana bilər və bu halda əməliyyata ehtiyac normaldır. Amma çox vaxt "estetik gözəllik" anlayışı ilə insanın bədən quruluşu uyğun gəlmir. Hamı eyni görünməyə çalışır, halbuki hər kəsin üz, sümük strukturu fərqlidir. İnsanları bir-birinə oxşatmaq düzgün deyil, buna estetik gözəllik demək olmaz".
Ekspert vurğulayıb ki, estetik əməliyyatlar yalnız müvafiq tibbi təhsil və sertifikata malik mütəxəssislər tərəfindən icra edilməlidir:
"Tibbi təhsili olmayan şəxslərin bu əməliyyatları aparmasına qarşı ciddi mübarizə aparılmalıdır. Təhlükəsizlik və sağlamlıq baxımından yalnız səlahiyyətli mütəxəssislər bu sahədə fəaliyyət göstərə bilərlər. Əks halda, faciəvi nəticələr qaçılmaz olur".
Ekspert bildirib ki, plastik və estetik əməliyyatlar zamanı istifadə olunan preparatlar - xüsusilə dermal fillerlər və botoks - bəzi hallarda müxtəlif ağırlaşmalara səbəb ola bilər:
"Bu maddələrin təsiri insan orqanizminin fərdi xüsusiyyətlərindən, mövcud xəstəliklərdən və ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər".
Ekspert mümkün fəsadları belə sadalayıb:
- Dermal fillerlər bəzi hallarda qana həddindən artıq təsir göstərərək qanaxmaya səbəb ola bilər;
- İnyeksiya edilən nahiyədə infeksiya, toxuma reaksiyası və şişkinlik yarana bilər;
- Botulin toksini (botoks) bəzi insanlarda güclü allergik və iltihabi reaksiyalar törədə bilər. Bu zaman hüceyrə membranı zədələnir, prostaqlandinlərin ifrazı artır və nəticədə hərarət, ağrı, şişkinlik kimi əlamətlər yaranır;
- İnyeksiya zamanı qan dövranı pozularsa, toxumalar oksigensiz qalır və hüceyrələrin ölümü ilə nəticələnən nekroz baş verə bilər".
A.Əliyev vurğulayıb ki, bu tip müdaxilələrdə istifadə olunan preparatlar yalnız həkimin təyinatı ilə və konkret tibbi göstərişə uyğun seçilməlidir:
"Bütün dərmanlar hər kəs üçün uyğun deyil və özbaşına istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Dərmanın saxta və ya keyfiyyətsiz olduğunu adi gözlə müəyyən etmək mümkün deyil. Bu, yalnız laboratoriya ekspertizası ilə sübut edilə bilər. Bəzən dərmanın təsir göstərməməsi və ya əks-təsirlərin yaranması preparatın keyfiyyəti barədə şübhə yaradır.
Plastik və estetik müdaxilələr mütləq ixtisaslı həkim tərəfindən və tibbi nəzarət altında aparılmalıdır. Maddələrin orqanizmdə necə reaksiya verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün olmadığından, bu prosedurlar peşəkarlıq və ciddi yanaşma tələb edir. Özbaşına edilən müdaxilələr isə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər".