370
13:05, Bu gün

"Ukraynaya gecə hücumu və Rusiyaya cavab zərbələri" - Ukrayna mətbuatı

 
"15 noyabr gecəsi həm Ukraynada, həm də Rusiyada dron və raket hücumları qeydə alınıb..."
 
Ukraynanın cənub və şərqində ardıcıl partlayışlar
 
Ukrayna mediasının yazdığına görə, gecə saatlarında Rusiya ordusu yenidən "Shaed" tipli kamikadze dronlarla Ukraynanı hücum altında saxlayıb. Xüsusilə Odessa və Dnepr şəhərlərində güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə vasitələri fasiləsiz işləyib.
 
Moderator.az yerli ediaya istinadla xəbər verir ki, Odessada ilk partlayış 00:38-də qeydə alınıb. Sonrakı saatlarda PUA-ların Qara dəniz istiqamətindən şəhərə yaxınlaşdığı bildirilib. Demək olar ki, eyni vaxtda - 01:09-da partlayışlar Dneprdə də eşidilib. Bir neçə dəqiqə sonra şəhər üzərində yeni dron qrupu görünüb və ardıcıl zərbələr davam edib.
 
Dronların təhlükəsi təkcə cənubla məhdudlaşmayıb. Eyni gecə Zaporojye, Nikopol və Xmelnitski vilayətləri də hücum hədəfinə çevrilib. Xüsusilə Xmelnitskidə "Kinjal" raketlərinin uçuşu səbəbilə güclü səslər eşidilib.
 
Dnepr gecəni atəş altında keçirib
 
Dnepropetrovsk vilayətinin rəhbərliyinin verdiyi məlumata görə, şəhərdə bir neçə yanğın baş verib, infrastruktur zədələnib və ən azı iki nəfər yaralanıb. Bir 65 yaşlı kişi artilleriya və dron hücumu nəticəsində həyatını itirib.
 
Nikopol rayonu da həm dronlarla, həm də "Qrad" reaktiv artilleriya sistemləri ilə atəşə tutulub. Zərbə nəticəsində yaşayış binaları, fərdi təsərrüfatlar, qaz xətti, bir neçə müəssisə və avtomobil zərər görüb.
 
Sinelnikov rayonunda mədəniyyət evi, evlər və bir neçə inzibati bina yanıb. Sentyabr ayından bəri ən intensiv hücumlardan biri kimi qiymətləndirilən gecə əməliyyatı zamanı Ukrayna Hərbi Hava Qüvvələri 16 dronu vurmağı bacarıb.
 
Ryazan Neft Emalı Zavodu yenidən hədəfdə
 
Eyni gecə bu dəfə Rusiya özü də hücuma məruz qalıb. Səhər saatlarında Ryazanda böyük yanğın və parıltı görünüb - səbəb bölgədə yerləşən neft emalı zavoduna PUA hücumu olub.
 
Təxminən 04:00-da bir neçə güclü partlayış eşidilib, ardınca zavodun müxtəlif sahələrində yanğın baş qaldırıb. Ryazan Neft Emalı Zavodu "Rosneft" şirkətinə məxsusdur və Rusiyanın ən strateji yanacaq obyektlərindən sayılır. O, xüsusilə hərbi aviasiyanın yanacaq təminatında əsas rol oynayır.
 
Bu müəssisə son aylarda bir neçə dəfə dron zərbəsinə məruz qalıb. Ekspertlər bildirir ki, zavodun fəaliyyətinin dayanması Moskva regionunun logistik və hərbi ehtiyatlarına ciddi təsir göstərə bilər. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, həmin gecə 10 vilayət üzərində ümumilikdə 64 dron vurulub, onların 25-i məhz Ryazan istiqamətində olub.
 
Analitiklərin qeyd etdiyinə görə, bu hücumlar Ukraynanın Rusiyanın neft sənayesini sistemli şəkildə sıradan çıxarma strategiyasının davamıdır. 14 noyabrda da Saransk və Novorossiysk limanı yaxınlığında oxşar hücumlar qeydə alınmışdı. Novorossiyskə zərbə nəticəsində qlobal neft qiymətləri iki faiz artıb.
 
Beləliklə,15 noyabr gecəsi həm Ukrayna, həm də Rusiya üçün gərgin və dağıdıcı keçib. Ukraynada sakinlər bir daha sığınacaqlarda gecələməli olub. Rusiyada isə strateji enerji obyektlərinin ardıcıl hədəfə alınması müharibənin coğrafi və strateji dəyişdiyini göstərir. Son bir neçə həftədə müşahidə olunan bu qarşılıqlı gecə hücumları münaqişənin yaxın zamanda zəifləyəcəyinə dair heç bir ümid vermir.
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər