Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Səməd müəllim, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh və regional kommunikasiyaların açılması müstəvisində əldə edilən razılaşmaların hazırkı icra vəziyyətini necə dəyərləndirmək olar?
- Rəsmi Bakı Vaşinqtonda əldə edilən razılaşmaları tək uğur kimi qəbul etmir. Ümumiyyətlə, Azərbaycan qalibiyyətə nail olduqdan sonra öz strategiyasına uyğun olaraq ardıcıl siyasətini davam etdirir. Çünki dayanmaq olmaz və bu baş versə, əldə edilən qələbələr, üstünlüklər tədricən təsirini azalda bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də məhz bunu ehtiva edir. Ona görə də Azərbaycan Vaşinqtonda əldə edilən razılaşmalardan sonra da sülh istiqamətində dünya üçün gözlənilməyən, məntiqə görə isə ardıcıllığı təşkil edən addımlar atır. Azərbaycan ərazisindən Ermənistana göndəriləcək taxılın daşınmasına məhz Prezident İlham Əliyevin Qazaxıstanda səfərdə olarkən vermiş olduğu razılıq da bunun bariz nümunəsi idi. Öncə Qazaxıstan, daha sonra isə Rusiya taxılı bu razılıq əsasında Azərbaycandan keçməklə Ermənistana göndərilməsi rəsmi Bakının qələbəsini xarakterizə edən mühüm amil kimi də dəyərləndirilir. Azərbaycan tərəfi bununla hansısa sənəd imzalamaqla, bəyanat verməklə deyil, konkret praktiki addımlar atmaqla məşğuldur.

- Bakının İrəvanla əldə edilən sülh razılaşmaları fonunda digər addımları nə dərəcədə effektiv oldu?
- Əldə edilən razılaşmaların müstəvisində Azərbaycandan vətəndaş cəmiyyəti instutlarının təmsilçilərinin İrəvana səfəri, Milli Məclisin sədri Sahib Qafarovanın İsveçrədə Ermənistan parlamentinin spikeri ilə keçirdiyi görüş, həmçinin Baş nazirin müavini Şahin Mustafayevin müəyyən istiqamətlərdə işlərini davam etdirməsi buna misaldır. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi bütün sferalarda sülh istiqamətində əldə edilən razılaşmalara sadiqdir və bir gün belə bu məsələ ətrafında hansısa prosesdə ləngimə olmur, dayanılmır. Bunun fonunda isə qarşı tərəf yəni, Ermənistan sadəcə olaraq məsələ ətrafında bəyanatlar səsləndirməklə məşğuldur. Paşinyan və onun komandası hələ ki, sülh və digər məsələlərlə bağlı danışmaqdan başqa konkret bir iş görmür. Onlar sadəcə olaraq Azərbaycanın atdığı addımlar fonunda nəsə iş görməyə hazır olduqlarını bəyan edirlər. Deyirlər ki, “biz də Türkiyədən gələcək yüklərin Ermənistan vasitəsi ilə Azərbaycana keçidinə razılıq verməyə hazırıq”. Amma bunun praktiki olaraq reallaşması üçün heç bir nəticə yoxdur.

- Vaşinqtonda əldə edilən razılaşmalardan biri də Zəngəzur dəhlizinin (Tramp marşurutu) açılması ilə bağlıdır. Dəhlizin açılması istiqamətində hazırda rəsmi İrəvanın açıqladığı bəyanatlar nədən ibarətdir?
- Onlar yəni, erməni tərəfi dəhlizin 2026-ci ilin ikinci yarısına qədər açılmasının planlaşdırıldığını açıqlayıb. Güman edilir ki, baş verənlərin hamısı Ermənistandakı hazırkı vəziyyətlə bağlıdır. Bəyanatlar siyasəti Paşinyana seçki öncəsi lazım olan amildir. Yəqin, o gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərində qalib gəldikdən sonra daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq.
- Bəzən Ermənistandakı seçkilərə qədər Paşinyanın sülh müstəvisində atacağı addımların onun üçün də faydalı olacağına dair iddialar səslənir…
- Bu həqiqətən də belədir. Əgər o seçkilərə qədər hər hansı bir addım atsa, onun xeyrinə olacaq. Azərbaycan tərəfi faktiki olaraq sülh siyasətinin aparılması üçün Paşinyana “kart-blanş” verib, imkan yaradıb. Sülh siyasətini aparmaqla rəsmi Bakı seçki qabağı Paşinyana üstünlük qazandırıb. Bundan da onun istifadə edib işləri sürətləndirməsi tələb edilir. Yalnız bəyanatlar verməklə iş bitmir.