Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
517
09:48, Bu gün

Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?

Yarım milyondan çox qanunsuz tikili azalmaq əvəzinə artıb - mütəxəssislərdən çağırış 

Bakıda sənədsiz evlər problemi yenə gündəmdədir. Minlərlə ailə illərdir ki, əmlaklarına çıxarış almağı gözləyir, amma problem hələ də həllini tapmır. Sənədsiz evlər həm satış, qeydiyyat, miras, həm də digər hüquqi məsələlərdə vətəndaşlara ciddi çətinlik yaradır. Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, məsələ kifayət qədər dolaşıq və mürəkkəb prosesdir.

Azadov bildirib ki, bu il Prezidentin imzaladığı fərmanla təxminən 100 min vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradılıb. 

Ekspert mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, fərman sovet hökuməti dövründə kənd və qəsəbə sovetlərinin sərəncamı ilə verilmiş torpaq sahələrinə şamil olunur. Onun sözlərinə görə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş evlərin leqallaşması üçün yol açır: “Çünki bizim qanunvericiliyə uyğun olaraq, kənd təsərrüaftı təyinatlı torpaqlarda evlərin tikintisi yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulub. Fərdi evlərin tikintisinə qanunla yol verilmir. Dəyişikliyə görə, kənd ərazisində və qəsəbələrdə yaşayan vətəndaşlar həmin kateqoriyaya aiddirlər və öz mülkiyyət sənədlərini əldə edə biləcəklər. Vətəndaş mülkünü rəsmiləşdirəndən sonra rahatlıqla onu sata və ya girov qoya bilər.  

Digər kateqoriyaya aid olan torpaqların da leqallaşması istiqamətində hazırda hökumət iş aparır. Çox güman ki, bu ilin sonuna kimi o istiqamətdə də siyahı genişləndiriləcək. Birdən-birə olması mümkün deyil, amma müəyyən qədər leqallaşma işləri aparılacaq. Belə torpaq sahələrinin, mülklərin statistikası haqqında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə il ərzində siyahı apardıqdan sonra dəqiq məlumat söyləmək mümkün olacaq.

İşğaldan azad olunmuş əraziləri nəzərə almasaq, Azərbaycanın qalan bütün rayon və kəndlərində belə rəsmiləşdirməyə ehtiyac var. Kolxozlar və sovxozlar, kənd və qəsəbə sovetləri tərəfindən verilmiş xeyli sayda sənədlər var. Onların hamısı leqallaşdırılmalıdır".

Belə ki, əvvəllər hüquqi statusu olmayan bəzi arayış və sənədlər qanunvericilik baxımından rəsmiləşdirilib. Bu addım vətəndaşlara əmlaklarını rəsmiləşdirməyə şərait yaradır.

Ekspert vurğulayıb ki, heç bir sənədi olmayan evlərin dövlət qeydiyyatına alınması qanunvericilik baxımından mümkün deyil. Hazırda müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır, amma proses qısa müddətdə tamamlanmayacaq. Qeyri-rəsmi məlumatlara görə, ölkədə qanunsuz tikililərin sayı 600 mindən çoxdur.

Sənədsiz evlərin yaranması probleminin kökləri 1990-cı illərə gedib çıxır. Həmin dövrdə şəhərsalma prosesləri sürətlə genişlənib, əhali artıb, miqrasiya isə planlaşdırılmamış yaşayış sahələrinin inşasına səbəb olub. Nəticədə, həm Bakı və Abşeron yarımadasında, həm də ölkənin digər iri şəhər və rayon mərkəzlərində çoxsaylı evlər hüquqi sənədləşmə olmadan tikilib.

Sənədsiz evlərin leqallaşdırılması yalnız vətəndaşların mülkiyyət hüququnun qorunması üçün deyil, həm də hüquqi dövlət prinsiplərinin tətbiqi baxımından əhəmiyyətlidir. Bu proses sosial ədalətin təmin olunması, illərlə əziyyət çəkmiş minlərlə insanın mülkiyyətinin dövlət tərəfindən tanınması baxımından vacib addımdır.

Lakin məsələ hələ də həllini tapmayıb. Uzun illər davam edən bu problemin arxasında həm hüquqi mürəkkəblik, həm də geniş miqyaslı sənədləşmə prosesi dayanır. Ekspertlər bildirirlər ki, bu işin sürətləndirilməsi üçün həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də dövlət qurumlarının koordinasiyası vacibdir. Qısa müddətdə minlərlə vətəndaşın hüquqlarını qorumaq mümkün deyil, amma prosesin davam etməsi gələcəkdə həm sosial, həm də hüquqi sabitlik üçün önəm daşıyır.

Akif Nəsirli 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qəzetə mövzu ilə bağlı danışıb. O bildirib ki, qeyri-qanuni tikililərlə bağlı bundan öncə araşdırma aparıb: “Təxminən o vaxt yarım milyondan çox qanunsuz tikililər var idi. Onlar illər ərzində azalmaq əvəzinə artdı. Normalda isə bu azalmalı idi. Bir tərəfdən hökumət qeyri-qanuni tikililərin sənədləşməsi üçün bir neçə pilot layihə həyata keçirdi. Həmçinin qeyri-qanuni tikililərin artmasının qarşısını almaq üçün müxtəlif tədbirlər gördü. Lakin çox təəssüflər olsun ki, son 10 ildə sənədsiz tikililərin sayı artdı. Bəs bu niyə belədir? Burada ciddi maraq toqquşmaları var. İlk növbədə deyim ki, bu məsələnin qarşısının alınması və aradan qaldırılması dövlətin xeyrinədir. Çünki 700 minə yaxın tikinti daşınmaz əmlakdır və onun büdcəyə vergisi verilmir. Hər bir əmlak 10 manat vergi versə, bu milyonlarla manat pul deməkdir. Hazırda Azərbaycan hökuməti həmin pulu itirir. Qanuni layihə çərçivəsində həmin tikintilər qanuniləşdirilsə, tikinti vergiyə cəlb olunacaq və dövlət büdcəsi bundan bəhrə görəcək. Dövlət həmin tikililərin sənədləşməsinə maraqlı olmalıdır. 

Araşdırma etsək, görərik ki, qeyri-qanuni bir tikilinin qanuni qaydada sənədləşməsi həcmindən asılı olaraq 30-100 min arası pul edəcək. Vətəndaş bu pulu məmurlara verir. Biz o tikililəri hökumətin layihəsi ilə leqallaşdırsaq, məmurların bu gəlir mənbəyi aradan qalxır. Ona görə də bu məsələ dövlət səviyyəsində qaldırılsa da, hakimiyyətin iearxiyasında problemin aradan qaldırılmasına qarşı müqavimət var. Buna hörə də hökumət ortaya siyasi iradə qoymalı və belə məmurların “əlini-qolunu bağlamalıdır”. Əks halda bəzi məmurlar bu işə əngəl törədəcək".  

Qeyd edək ki, Prezidentin imzaladığı son fərmanla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısına dəyişiklik edilib. Bu dəyişikliklə sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələri üzrə hüquqlar tanınacaq və müvafiq çıxarışlar veriləcək. Söhbət daha çox Azərbaycan SSR dövründə Xalq Deputatları Sovetləri tərəfindən vətəndaşlara müvəqqəti və ya daimi istifadəyə ayrılmış torpaq sahələrindən gedir. Həmin torpaqlarda son 35-40 ildə evlər tikilib, həyətlər salınıb, ancaq insanlar dövlət reyestrindən çıxarış ala bilməyiblər. İndi isə həmin torpaq sahələrinə dair mövcud sənədləri olan şəxslər müvafiq qurumlara müraciət edərək rəsmi sənədlərini əldə edə biləcəklər. Fərman yalnız sovet dövründə verilmiş torpaq sahələrinə şamil edilir. Yəni bələdiyyələrdən alınmış və hələ də çıxarışı olmayan torpaqlar bu mərhələdə əhatə olunmur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, artıq proses başlayıb və vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər. Qurumdan qeyd olunub ki, sovet dövründən qalan vətəndaşların istifadəsində olan, ilkin sənədləri mövcud torpaqlar dövlət reyestrinə daxil ediləcək və sahiblərinə çıxarış təqdim olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər