Bizi sosial şəbəkələrdən izləyin:
“Hazırda Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğul oluram, ustad dərslərinə gedirəm. Deməzdim ki, tələbələrimin hamısından razıyam. Tələbədir də. Bəziləri var ki, yola verir, bəziləri isə qənaətbəxşdir. Təkcə musiqi ifaçılığı sənətində yox, oxuma, muğam sənətində də belədir. Bir çoxu elə bilir ki, onlar artıq xanəndədir. Mən 1 il “Muğam” Televiziya Müsabiqəsində münsif oldum. 3 ayın içində xanəndə olmaq olmaz axı. Xanəndə üçün illər lazımdır. O vaxt Alim Qasımov 80-ci illərdə ortalığa çıxıb, şilləni vurdu. Dedi ki, mən xanəndəyəm. Çoxları heyrətə gəldilər ki, bu boyda uşaq çıxıb tar-kamança ilə oxuyur, biz niyə gitara ilə oxuyuruq? Ola bilməz. Sonra başladı hamı tar-kamança, muğam triosu ilə oxumağa”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Vamiq Məmmədəliyev deyib.
O daha sonra əlavə edib:
“Muğamı, qəzəli bilmək lazımdır. Uşaqlar var ki, telefondan muğam oxuyurlar. Onlara deyirəm ki, bunu sən əzbərləməsən özününkü edə bilməzsən. Gərək əzbərləyəsən ki, öz məhsulun olsun. Telefondan qəzəl oxumaq olar?”, - deyə sənətkar iradını bildirib.
Xalq artisti “Muğam” Televiziya Müsabiqəsində baş verən qalmaqallı hadisələr haqda ilk dəfə danışıb:
“Orada heç bir uşağın balını kəsməyiblər. Söhbət bilirsiniz necə oldu? 6-7 nəfər seçilmişdi ki, onlara yer veriləcək. Yer vermədilər. Təkcə 1-ci, 2-ci və 3-cü yer verdilər. Ona görə qalmaqal baş verdi. Biz o uşaqları sona saxladıq ki, onlara da yer verəcəyik. AZTV icazə vermədi. Burada başqa söhbət gedə bilməz. Nə Nəzakət xanımın, nə də Mənsum İbrahimovun günahı yox idi. Onlarda təqsir yoxdur. Mən işin içində olan insanam da. Adamın Allahı var, uşaqlar da yaxşı oxuyurdular axı”, - deyə sənətkar deyib.