Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca açıqlama verib.
Ata qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışıb:
"Oğlum mənə dedi ki, 'Ata, sən çayı çox sevirsən deyə, Azərbaycandan sənə çay aldım'. Mənə zarafatla sataşırdı. 'Bir qrup adam getdi, sonra biz də gələrik' dedi. Amma gələ bilmədi" .
Qəzada ölən İlhanın atası: "Oğlumun arzusu şəhid olmaq idi" - FOTO
Təqaüdçü əsgər olan Nedim Karaca oğlunun da öz izindən gedərək hərbçi olduğunu söyləyib:
"Oğlum işini çox sevirdi. Səkkiz il xidmət etdi. Bu il təyinatla bağlı idi. Dəfələrlə deyirdi ki, 'Ata, qayıdacağam, köçürülmə üçün müraciət edəcəyəm'. Amma nəsib olmadı" .
Dərin kədər içində danışan ata sözlərini belə tamamlayıb:
"Oğlumun toyunu yox, yasını edirəm. O, anasına demişdi: 'Ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, möhkəm dayanacaqsan'. Yaşasın Vətən" .
Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub. /Milli.az/