“Ən böyük arzum şəhid anası və şəhid xanımı rollarını oynamaqdır” - Aktrisadan ETİRAF - FOTO+ÖZƏL
773
09:28, Bu gün

“Ən böyük arzum şəhid anası və şəhid xanımı rollarını oynamaqdır” - Aktrisadan ETİRAF - FOTO+ÖZƏL

“Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Tək bu zəfər günlərində yox, elə bu 5 ildə hər zaman çalışmışam ki, şəhid ailələrinin yanında olum. Bir sənətçi olaraq bunu özümə borc bilirəm. Müxtəlif tədbirlərdə şəhid anaları ilə bir araya gəlmək mənim üçün böyük qürurdur. Əgər şəhidin adı çəkilibsə mən mütləq orada iştirak edirəm. Hər dəfə bir şəhid anası məni öz övladının tədbirinə dəvət edir. Bu mənim üçün çox önəmli və müqəddəs bir dəvətdir. Gedirəm və o aləmi görəndə sanki özüm də o tədbirdə bir qəhrəmana çevrilirəm. Onlar bizim fəxrimizdir, and yerimizdir, ziyarətgahımızdır”.
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli Gənc Tamaşaçılar teatrının aktrisası, Əməkdar Mədəniyyət işçisi Xalidə Şərifova deyib.
 
O daha sonra əlavə edib:
“Tədbirlərdən birində bir şəhid anası mənə müraciət edib dedi ki, “ən böyük arzum budur ki, mənim oğlumun haqqında da sizin səsinizlə, avazınızla bir şeir deyilsin”. Mən “Xan qızı Natəvan” Dünya Azərbaycanlıları ictimai qadınlar birliyinin mədəniyyət bölməsinin ictimai-siyasi rəhbəriyəm. Mən bizim sədrimiz Könül Abbasovaya müraciət etdim və o şairlərdən xahiş etdi ki, həmin ananın oğlu haqda bir şeir yazılsın. Ülviyyə Əsədova həmin şeiri yazdı. Mən də onu video şəklində yığdırıb, həm şəhidin, həm də anasının fotosunu orada yerləşdirdim. Ana dedi ki, oğlumun şəkilini orda gördüm. Təsəvvür etməzsiniz ki, ana nə qədər sevinirdi. Mən çox xoşbəxt idim ki, şəhid anasını sevindirə bilmişəm. Hətta həmin xanımı tədbirə dəvət etdim, oğlunun da fotosunu orada göstərdim. O qədər sevinmişdi ki.. Mənim üçün bu böyük xoşbəxtlikdir”.
 
Aktrisa bildirib ki, ən böyük arzusu şəhid anası yaxud şəhid xanımı rollarını oynamaqdır:
“Teatrda əvvəllər Vaqif Elxanovun “Əcəl atı” (Ağalar İdrisoğlu) əsərinin tamaşasında şəhidin nişanlısı, Əli Əmirlinin “Ünvansız qatar” (Bəhramn Osmanov) əsərinin tamaşasında isə şəhid anası Telli rollarını oynamışam. Bu lap əvvəllər olub. Amma mənim yenə də belə bir arzum var. Elə bu arzudan doğub ki, biz hazırda yeni bir əsər üzərində işləyirik. Rafiq Rəhimlinin əsəridir, rejissoru da Ağalar İdrisoğludur. Mən orada şəhid anası rolundayam. Hələ ki, məşq edirik. Çox gözəl əsərdir. Çox istəyirəm ki, bu tamaşanı ərsəyə gətirim və orada şəhid anası rolunu oynayım. Bu tamaşada şəhid anasını oynamaq böyük arzumdur. Mono tamaşadır. Əslində bu tip tamaşaları oynamaq çox çətindir. O gün bizdə Zəfər bayramı ilə əlaqədar Teatr Xadimləri İttifaqında “Xarıbülbül” qiraət müsabiqəsi keçirilirdi. Maraqlısı burasındadır ki, orada seçilən yerlər yox idi. Hər kəs mükafatlandırıldı. Aktyorluğun bir qolu da qiraətdir. Bunları aktrisalar bilməlidir. Hətta deyərdim ki, bu daha önəmlidir. Düzdür, hər aktrisa şeir deməyi bacarmır. Bu bir vergidir. Mən çıxış edəndə çox xoşhal oluram”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər