
Məsələ ondadır ki, bölgədə sülhə və əməkdaşlığa yönəlmiş bütün digər addımlar kimi, Ermənistana yüklərin göndərilməsinə şəraitin yaradılması da Azərbaycanın təşəbbüsüdür. Oktyabrın 21-də Qazaxıstana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğal səbəbindən Ermənistana yük tranziti ilə bağlı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib.
Ermənistan baş nazirinin İlham Əliyevə təşəkkürü də məhz bununla bağlı idi.
"Prezident İlham Əliyev elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan prezidentinə və Gürcüstanın baş nazirinə minnətdarlığımı ifadə edirəm", - deyə Paşinyan oktyabrın 22-də Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
"Bu qərar əvvəlcədən bu miqyasda müzakirə olunmamışdı. Biz, sadəcə, bilirdik ki, müəyyən razılıq var, bir qatar gələcək. Qənaət bu idi ki, söhbət yalnız bir qatarın gəlişindən gedir, amma Azərbaycanın Prezidentinin səsləndirdiyi bəyanat bizim üçün gözlənilməz oldu", - baş nazir deyib.
Azərbaycan liderinin bu addımı Ermənistanda elə rezonans doğurub ki, Nikol Paşinyan faktiki hər çıxışında bu məsələyə toxunur. O bu günlərdə Azərbaycan Prezidentinə yenidən minnətdarlığını bildirib. İrəvanda "Orbeli: sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" adlı illik beynəlxalq forumda çıxış edərkən Paşinyan qeyd edib ki, baş verənlər 8 avqust Vaşinqton razılaşmalarının praktiki olaraq həyata keçirilməsi nümunəsidir. Onun sözlərinə görə, bu razılaşmalar təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Avrasiya İqtisadi İttifaqı ölkələri üçün yeni perspektivlər açır:
"Çoxu iddia edir ki, bu proseslər Aİİ-nin maraqlarına ziddir. Lakin fakt odur ki, bu razılaşmalardan əvvəl Avrasiya İttifaqının iki ölkəsi arasında mümkün olmayan şey Vaşinqton sazişlərindən sonra mümkün oldu. Bu onların verdiyi üstünlüklərin əyani nümunəsidir".

Baş nazir əlavə edib ki, Azərbaycanın bu addımı balansın dəyişməsi üçün çox mühüm imkanların mövcud olduğunu göstərir.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da parlamentdə 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib ki, bundan sonra Ermənistan buğdanı yalnız dəmiryol nəqliyyatı ilə - həm Qazaxıstandan, həm də Rusiyadan idxal edəcək.
Yeni dəmiryol istiqamətinin açılması Yuxarı Lars üzərindəki yükü azaltmağa, həm də ən bahalı olan Qara dənizin dəniz hissəsindən keçməklə yüklərin çatdırılma xərclərini azaltmağa imkan verəcək. Bu fikirlər isə Cənubi Qafqaz Dəmir Yollarının baş direktoru Aleksey Melnikova məxsusdur. O bildirib ki, marşrut Ermənistana iri taxıl tədarükləri həyata keçirən şirkətlər üçün, həm də neft məhsullarının idxalı ilə məşğul olan şirkətlər də daxil olmaqla, digər tərəfdaşlar üçün mühüm olacaq. Melnikov əminliyini bildirib ki, bu marşrut aktiv istifadə olunacaq və ölkəyə əhəmiyyətli iqtisadi faydalar gətirəcək.
Bəs Bakının bu sülhməramlı addımının bölgə üçün gələcək əhəmiyyəti nədir? Bunu bir neçə aspektdə qeyd etmək olar.
Əvvəla, Azərbaycanın regionda sülh və inkişafa yönəlmiş ardıcıl siyasəti artıq hissedilən nəticələr verməyə başlayıb. O cümlədən Ermənistan özünün işğal siyasəti səbəbindən otuz ildən artıq düşdüyü iqtisadi blokadadan çıxır.

İkincisi, yük tranzitinə dair məhdudiyyətlərin tam aradan qaldırılması İrəvan üçün yeni imkanlar açır. Ən əsası - onun regional logistika və ticarət zəncirlərinə daxil olması üçün şərait yaradır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, taxıl tədarükü məsələsi Ermənistan üçün ilkin faydadır:
"Bundan əlavə, Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər".
Onun sözlərinə görə, bu da bütün region ölkələrinin iqtisadiyyatına müsbət töhfə verə bilər.
"Qısa müddətdə bu istiqamətdə müsbət inkişafı görürük", - deyə nazir vurğulayıb.
Üçüncüsü, Azərbaycanın bu addımı Vaşinqtonda əldə olunan razılaşmaların praktiki icra mərhələsinə keçdiyindən xəbər verir.
Nəhayət, Azərbaycan bir daha dünyaya etibarlı tərəfdaş olduğunu göstərir ki, verdiyi sözü tutur, razılaşmalara əməl edir. Bu gün bölgədə həyata keçirilən sülh gündəliyinin müəllifi olan Prezident İlham Əliyevin də dediyi kimi, "Bizim sözümüz imzamız qədər dəyərlidir". Düzdür, indi tədarük Gürcüstan vasitəsilə həyata keçirilir, lakin gələcəkdə bu proses birbaşa Azərbaycan və Ermənistan arasında keçiriləcək.

Ermənistan üçün açılan növbəti tarixi şansa gəldikdə, onun Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) qoşulması perspektivləri yaranır. Xüsusilə, Kayan-Razdan dəmiryol xətti vasitəsilə inteqrasiya variantı nəzərdən keçirilir. Bu halda Çindən yüklər Xəzər dənizi ilə Azərbaycana, sonra Ermənistana, daha sonra isə Axurik vasitəsilə Türkiyəyə çatdırıla bilərdi. Beləliklə, Ermənistan təkcə bir neçə dövlət arasında deyil, həm də Avrasiyanın əsas nəqliyyat-logistika dəhlizləri arasında birləşdirici bəndlərdən birinə çevrilə bilər.
Son olaraq bir daha qeyd edək ki, Azərbaycanın Ermənistana yüklərin tranziti üzrə məhdudiyyətlərin aradan qaldırılması regionda etimadı gücləndirən və sülh şəraitində davamlı birgəyaşayış üçün real şərait yaradan tarixi əhəmiyyətli hadisədir. Sadəcə, Ermənistan dərk etməlidir ki, onun üçün açılan iqtisadi və strateji perspektivlər birbaşa Bakının təşəbbüsü ilə bağlıdır və təqdim olunan imkanlardan istifadə etməlidir. O da öz tərəfindən sülh prosesi çərçivəsində müvafiq addımlar atmalıdır. Nəhayət, Bakının sülh jestləri onun üçün tarixi şans açır və onun da üzərinə düşən yalnız bu fürsətdən düzgün istifadə etməkdir. /Report/