"Gələcək münaqişədə qalib o tərəf olacaq ki, daha sürətlə öyrənir və innovasiya edir..."
Ukraynanın savaşı NATO üçün dərsdir
"Breaking Defense" nəşrinin yazdığına görə, İsveç Hərbi Hava Qüvvələrinin komandanı Yonas Vikman beynəlxalq hərbi aviasiya konfransında çıxış edərək bildirib ki, NATO Ukraynanın təcrübəsindən dərs almasa, Rusiyayla gələcək müharibəni uduza bilər. Onun sözlərinə görə, Ukraynada gedən müharibə sürətli uyğunlaşma tələb edir və burada əsas üstünlük orduların öyrənmə sürəti ilə ölçülür.
Moderator.az xəbər verir ki, Vikman deyir: "Ukraynada baş verənlər sürətli adaptasiya üzrə master-klasdır. Qalib gələn ən tez öyrənən tərəfdir". Komandan qeyd edir ki, döyüş taktikası hər həftə dəyişir: "Biz Ukraynaya göndərdiyimiz silahların demək olar ki, heç biri bu gün əvvəl planlaşdırıldığı kimi istifadə olunmur".
NATO-nun problemi: innovasiya sürəti kifayət deyil
Vikman xəbərdarlıq edir ki, NATO silah sistemlərinin inkişaf sürətini kəskin şəkildə artırmasa, "növbəti həlledici münaqişəni" uduza bilər. Onun sözlərinə görə, bu gün NATO ölkələri sadəcə sülh dövrünün tərəfdaşlığı ilə kifayətlənir, halbuki müharibə şəraitinə uyğun əməkdaşlığa keçmək lazımdır. Komandan bunu belə izah edir: "Mən sülh dövrünün tərəfdaşlığından danışmıram. Mən müharibə şəraitində əməliyyat aparmaq bacarığından danışıram".
İsveç bu modelə artıq keçib. HHQ-də "Saab" şirkətinin istehsalı olan "GlobalEye" erkən xəbərdarlıq və nəzarət sistemi platformasına əsaslanan yeni əməkdaşlıq strukturu yaradılıb. Burada sənaye, ordu və elmi institutların nümayəndələri birgə işləyir və eyni qərargahda yerləşdirilir. Vikman bildirir: "Sənaye və elmi institutlar müharibə şəraitində bizim təşkilata inteqrasiya olunmalıdır. Eyni yerdə olmalı, səlahiyyətli olmalı və komandirə hesabat verməlidir".
Rusiya müharibədən sonra daha aqressiv ola bilər
Digər mənbələr də Alyansdakı narahatlığı təsdiqləyir. Belçikanın müdafiə naziri bildirib ki, NATO hazırda düşmən dronları ilə mübarizə aparmağa tam hazır deyil: "Texnoloji tərəqqi nəhəngdir. Biz geri qalmışıq". Almaniyanın "Die Welt" nəşri yazır ki, NATO artıq Rusiyayla mümkün müharibə üçün 4400 səhifəlik müdafiə planı hazırlayıb.
Ekspertlərin fikrincə, Rusiya təhlükəsi Ukrayna müharibəsi bitəndən sonra daha da artacaq. Bir keçmiş NATO generalı belə deyib: "Ukraynada müharibənin nə qədər davam edəcəyini heç kim bilmir. Amma NATO ərazisinə hücum təhlükəsi, xüsusilə Baltik ölkələrində, Ukrayna müharibəsi bitəndən sonra ən yüksək həddə çatacaq. Biz artıq "sıfırıncı fazadayıq".
Vikmanın mesajı qısadır: müasir müharibədə üstünlük ordunun ölçüsü ilə deyil, öyrənmə və adaptasiya sürəti ilə ölçülür. Ukrayna bu prosesi real döyüş şəraitində nümayiş etdirir və NATO həmin dərsi vaxtında mənimsəməsə, gec ola bilər.