“Özündən sonra qızı yadigar qaldı, yeni evinə köçə bilməsə də, əbədilik olaraq dünyadan köçdü” - Sənətçilər onun üçün göz yaşı tökdü - FOTO+ÖZƏL
895
12:17, Bu gün

“Özündən sonra qızı yadigar qaldı, yeni evinə köçə bilməsə də, əbədilik olaraq dünyadan köçdü” - Sənətçilər onun üçün göz yaşı tökdü - FOTO+ÖZƏL

“Heyif ki, Gülnar aramızdan çox tez getdi. Gülnar ilk növbədə gözəl insan, sonra istedadlı aktrisa idi. Qəlbi təmiz, saf idi. Həmkarlarına qarşı hər zaman vicdanla davranırdı. Həyat yoldaşı Eltun onu çox sevirdi. O indi qızından təsəlli alır. Xoşbəxt ailəsi var idi. Qaynanasından, qaynatasından necə böyük sevgi ilə danışırdı. Biz hər gün, hər dəqiqə onu anırıq. Yaşasaydı çox gözəl obrazlar yaradacaqdı. Uşaq tamaşalarında da, böyük tamaşalarında da rolları gözəl, təbii oynayırdı. Onunla sonuncu işim “Cənnətə bilet” tamaşası oldu. Tamaşa 44 günlük zəfərimizə həsr olunmuşdu. Orada şəhid xanımını canlandırırdı, çox ağlayırdı, ona pis təsir edirdi. Sonuncu dəfə bu rolu oynadı və biz 2 gün idi ki, yay məzuniyyətinə getmişdik, eşitdik ki, Gülnar dünyasını dəyişib. Qəfil ölüm onu bizdən aldı. Sanki dünyamız başımıza yıxıldı (ağlayır). Gülnardan danışanda göz yaşlarımız hər dəfə sel olur. O hər dəfə yada düşdükcə kollektiv çox kövrəlir, nitqi tutulur. Heç kim kədərini gizlədə bilmir. Belə insanlar teatrda çox nadir hallarda çalışır. Uşaq tamaşalarını məxsusi çox gözəl oynayırdı. Bir dovşan obrazı yaradırdı ki, istəyirdim gəlib zaldan onu öpüm. Uşaqlarla necə gözəl, təmkinlə davranırdı. Siz bir biləsiniz. “Qarınqulu ayı” tamaşasında Kenquru rolunu necə gözəl oynayırdı. Geyimin içinə də, qarın hissəsinə kenquru balası qoymuşdu. Necə əzizləyirdi o balaca kenqurunu. Çox təəssüf ki, öz balasını böyüdə, doyunca əzizləyə bilmədi. Kövrək insan idi. Kimsə ağlasaydı onunla bərabər ağlayacaqdı. Ürəyi belə təmiz idi”.
Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının baş rejissoru İlhamə Əhmədova 29 yaşında dünyasını dəyişən teatrın gənc aktrisası Gülnar Əlizadə haqda danışarkən deyib.
Rejissor bildirib ki, Gülnarın ölümündən sonra sanki tamaşalar da sönük keçirdi:
“Gülnar “Cənnətə bilet” tamaşasındakı obrazı elə yaratmışdı ki.. Ondan sonra mən məcbur idim ki, tamaşaya kimisə “vod” edim. Heç cür edə bilmirdim, çox pis olurdum. Bizim Türkan adlı bir aktrisamız var. Həmin rolu ona tapşırdım. Türkan Gülnardan sonra oynamaq istəmirdi, çox pis olurdu. Amma tamaşa oynanılmalı idi, biletlər satılmışdı. Türkanı həmin tamaşaya cəlb edənə qədər bir bilsəniz nə qədər əziyyət çəkdim. Türkan Gülnarın tamaşada istifadə etdiyi paltarları geyinəndə o qədər ağladım ki... İstədim deyim ki, ümumiyyətlə tamaşanı repertuardan çıxarın. Ağır idi. Türkan dedi ki, “mən heç bir təzə paltar gətirməyəcəm, elə Gülnarın geyindiyi paltarı geyinəcəm”. Türkan səhnəyə çıxanda dedi ki, “Gülnar, mən sənin üçün oynayıram”.. (ağlayır). Mən onu çağıranda dedim ki, Türkan, gəl ki, Gülnarın ruhu şad olsun. Çünki Gülnar bu tamaşa üçün çox əziyyət çəkmişdi. Dedim gəl ki, Gülnar görsün ki, onun əziyyəti hədər getmədi” deyə İlhamə Əhmədova deyib.
Teatrın ədəbi hissə müdiri və mətbuat xidmətinin rəhbəri Leyla Həşimova bildirib ki, fəaliyyəti dövründə Gülnar hər zaman məsuliyyəti və çalışqanlığı ilə ad qazanıb:
“Gülnar əslində teatra bir-neçə qızla birlikdə gəlmişdi. O biri qızların heç birini işə götürmədilər. İşdə birinci növbədə məsuliyyət, davamiyyət sonra istedad gəlir. Bu xüsusiyyətlərinə görə Gülnar işə götürüldü. Onunla münasibətimiz çox yaxşı idi. Elə bilirdim ki, Gülnar qızımdır. Hər zaman yanında idim. Çox yaxşı yoldaşlığı var idi. Adətən uşaq tamaşalarında çıxış edirdi. “Cənnətə bilet” onun sonuncu tamaşası idi. Akademik Musiqili Teatrda həmin tamaşanı oynayırdıq. Ümumiyyətlə həmin tamaşa günü aktyorlar çox gərgin olur. Gülnar də nəsə gərgin idi. Hətta tamaşadan öncə yeməyə getmək təklifi etdik, o getmədi. Özündə deyildi, narahat idi. Mövsümün son tamaşası idi, Gülnarınsa əbədi olaraq son tamaşası oldu. Məzuniyyətə çıxdıq. Eşitdik ki, Gülnar dəm qazından boğulub. Bəlkə də Təcili Tibbi yardım tez gəlsəydi onu xilas etmək olardı. Həmin dönəmi biz çox pis keçirdik. Kollektivimizin oğlanlarının hıçqırtıları hələ də qulağımdadır. Biz Gülnarın aramızdan ayrılmağını çox pis yaşadıq (ağlayır). Gülnarın ömrü qısa imiş.. Yaxşı ki, onun qarşısına Eltun kimi həyat yoldaşı çıxmışdı. İpoteka ilə ev almışdılar.. O evi o qədər arzulayırdı ki.. Əfsuslar olsun ki, o evdə yaşamaq Gülnara qismət olmadı.. Allah balasını qorusun. Qızı çox balaca idi o rəhmətə gedəndə. O gün aktrisamız Gülər Ləzgiyevanın toyuna gətirmişdilər. Elə bil ki, Gülnar özüdür. Allah qızına sağlam ömür versin” deyə o bildirib.
Teatrın aktrisası Gülər Ləzgiyeva bildirib ki, Gülnarla olan dostluğu çox nümunəvi idi:
“Mən hələ də özümə gəlməmişəm. Təkcə kolleqamı yox, ən yaxın dostumu itirmişəm. Çünki Gülnar ilk növbədə çox yaxşı dost idi. Mənə elə gəlir ki, onun kimi dost bundan sonra qarşıma çıxmayacaq. O Nizami metrosunun yaxınlığında yaşayırdı, mən isə Biləcəridə. Mən Nizami metrosuna gəlirdim, təsəvvür edin eyni qatarın hansı qapısından minmək lazımdırsa o minirdi. Bərabər gəlirdik, bərabər işləyirdik, işdən çıxanda da bərabər gedib dərdləşirdik. O mənə çox yaxın idi. Mən teatra yeni gələndə o 6-7 ay idi ki, bizdə işləyirdi. Gətirib mənə tort vermişdi və bir də demişdi ki, kənara çəkilib qalma, özünü yaxın hiss et. Yeni ildə mənim çalışdığım məktəbə qarqız lazım idi. Gedə bilmədiyim üçün bütün işlərimi ona vermişdim. Gördüm ki, nişanı olub. Onu təbrik etdim. Mənə yazdı ki, “sənin mənə verdiyin bu işlərin sayəsində özümə nişan etdim, bu yaxşılığını heç vaxt unutmayacam”. Amma mənim heç xəbərim yox idi də. Ondan sonra başa düşmüşdüm ki, o həqiqətən də ürək dostudur. Gülnar haqda çox danışa bilərəm. O özündən çox başqasını düşünürdü. Teatrımızın yeganə aktrisası idi ki, bütün rolların sözünü əzbərdən bilirdi. Kimsə çaşsaydı, səhnədə sözləri unutsaydı Gülnar gəlib, arxaya keçib, o sözləri həmin insanın yadına salırdı. Kimsə işə təzə gələndə həmişə pərdənin altında gizlənib, o yeni gələni izləməyə başlayırdı. Onun sözlərini təkrar edirdi ki, həmin adam çaşmasın. Gülnar hər rolu oynamağı bacarırdı. Bizim teatrımızın sanki Gülnardan öncəsi var idi, bir də Gülnardan sonrası oldu. Həqiqətən bizim üçün ağır itki idi. Bu itki ilə barışa bilmirik. Yaşamağı çox sevirdi, amma biz onu vaxtsız itirdik. Yeni ailə həyatı qurmuşdu, kirayədə qalırdılar. Çox arzulayırdı ki, yeni evinə köçsün. O evin bütün pərdələrini, cehizlərini birlikdə almışdıq. Gülnara o evdə yaşamaq qismmət olmadı. Bu günlərdə toyum idi. Sağ olsun qızı da gəlib toyumda iştirak etdi. O mənim toyumun ən gözəl qonağı idi” deyə aktrisa bildirib.
Xatırladaq ki, Gülnar Əlizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. O 2015-ci ildən 2022-ci ilə qədər Bakı Uşaq və Gənclər Teatrının aktrisası olub. Allah rəhmət etsin!
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər