“Linza eynək kimi görmək üçündür. İndi yer üzündə daha çox linzaya üstünlük verilir. Ələxsus cavanlar arasında eynəkdən az istifadə edirlər. Eynək taxanların öz linzası da olur. Amma linza gözü zədələmir, heç bir ziyanı yoxdur. Söhbət keyfiyyətli linzadan gedir. Linzanın da özünün xüsusiyyətləri var. Onu qoyanda və çıxaranda əl təmiz olmalıdır. Amma linza gözdə qalsa, çıxartmasalar gözü zədələyə bilər. Keratit deyilən bir xəstəlik var. Dəfələrlə onu görmüşəm ki, gözdə çox qalan linza keratit əmələ gətirir. Onu sağaltmaq da bir az çətin olur. Həmin şəxs uzun müddət linza taxa bilmir, eynəkdən istifadə edir. Kompyuter işində çalışanlar çox vaxt linzadan istifadə edirlər. Linzaya öyrəşən adam sonradan eynək taxmaq istəmir. Linza yalnız uzağı görməyənlər üçündür. Yaxını görmək üçün linzadan istifadə olunmur. Yaxını görməyənlər ancaq eynəkdən istifadə etməlidir”.
Bunu Moderator.az-a açıqlamasında Bakı şəhərinin baş oftalmoloqu Sevda Bəşirova deyib.
O daha sonra bildirib ki, bəzək üçün linzadan istifadə edənlər də var:
“Dəb, bəzək üçün istifadə edilən linzalar da adi linza kimidir. Sadəcə olaraq nömrəsiz, rənglidir. Rəngli linzanı 2-3 saatdan artıq taxmaq olmaz. 24 saat taxmaq əlbəttə ki, gözə ziyandır. Bəzən sual verirlər ki, gözlərimiz üçün hansı meyvə və tərəvəzlər xeyirlidir? Narıncı rəngdə nə tərəvəz və meyvə varsa gözlərimizə xeyirdir. Birinci növbədə kök, balqabaq, ərik, xurmadan istifadə etməliyik. Bunların içində vitamin A var. Brokoli, kələm, ispanaq, balıq, yumurta, qara moruq, üzüm, tum və digər çərəzlər də göz üçün xeyirlidir”.
Sevda Bəşirova bildirib ki, yeni doğulan uşaqların şəkilini çəkərkən diqqətli olmaq lazımdır:
“Uşaq doğulan kimi başlayırlar şəkilini çəkməyə. Bu doğru hal deyil. 7 gündən sonra uşağın şəkilini çəkmək olar. Çünki hələ uşaqlarda gözün bəbəyi böyüklərdəki kimi işıqdan tez yığıla bilmir. Uşağın gözü tutula, kor ola bilər. Uşaq ağlayır, üzünü çevirir, gözünü yığır. Düzdür, tor qişasını zədələyə bilməz, amma narahatlıq ola bilər. Uşağın şəkilini 1 metr, 1 mert yarım məsafədən çəkmək lazımdır. Uşağın 2-3 ayı olandan sonra işığa adaptasiya olur. Bu zaman artıq heç nə təhlükəli deyil. Uşaq yatanda onun şəkilini çəkmək olmaz. İşıqlı otaqda uşağı çəkmək olar, amma baxışını tutmaq lazım deyil. Məsləhət görürəm ki, 40 gününə qədər uşağı çəkməsələr daha yaxşı olar. Bəzən görürük ki, ağıllı analar fotoları paylaşanda belə heç uşağın üzünü göstərmirlər. Bu dövr qədimdən belədir. El arasında buna deyirlər ki, 40-na qədər uşağın hələ qoruyucu mələyi yoxdur”.