Dövlətin əli elm üzərində: İlham Əliyevin AMEA mesajının şifrələri
392
11:12, Bu gün

Dövlətin əli elm üzərində: İlham Əliyevin AMEA mesajının şifrələri

80 İLDİR GÖZLƏNİLƏN MİLLİ-AKADEMİK, DÖVLƏT TƏBRİKİ…

Sovetlər dönəmində, alimlər ocağı adı altında postsovet ölkələrində yaradılan elm akademiyalarının alt missiyası haqda sosial mediada yetərincə məlumatlar var… Odur ki, bu yazıda həmin mövzuya girib, diqqəti əsas hədəfdən yayındırmağa ehtiyac yoxdur… Odur ki, birbaşa mətləbə keçək – dünən Azərbaycan Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində iştirakına və oradakı çıxışına…

…Adının önünə “MİLLİ” sözü yazıla biləcək vətəndaşlar bütün sahələrdə olduğu kimi, təbii ki, bu elm və alimlər ocağında da var. Və hər yerdə olduğu kimi, onlar da hər zaman adlarının önündəki “MİLLİ” sözünə yaranan qıcıqlardan, buna görə çəkdikləri əziyyətlərdən mənəvi olaraq yorulublar. Amma çox qəribədir, MİLLİ İNSAN yorğunam, dözə bilmirəm deyə, öz-özünə pıçıldadığı anda DÖVLƏT ƏLİNİ kürəyində hiss edir. Bu mənada, AMEA-nın 80 illik yubiley tədbirinə Azərbaycan Prezidenti İlham Əliyevin gəlişi həmişəkindən fərqli və həmin DÖVLƏT ƏLİ idi. Prezidentin tribunadan Azərbaycanın milli bayramları – ZƏFƏR GÜNÜ və BAYRAQ GÜNÜ münasibətilə təbriki isə on il əvvəl eyni kürsüdən “diqqətiniz hər zaman akademiyanın və Azərbaycan elminin üzərindədir” xəbərdarlığının davamı olan NİDA idi. Başqa sözlə, AMEA da, ictimaiyyət də, azərbaycanlı alimlər də bu ilki təbriki düz 80 ildir gözləyirdilər.

Və… bundan sonra Azərbaycan alimləri,
• Ölkənin uğurlu inkişafına öz töhfələrini verəcək;
• Texnoloji inkişafa dəstək olacaq;

Çünki,
• Texnoloji, elmi inkişaf dövlətlərin və millətlərin gələcəyini təmin edir;
• Rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin inkişafı Azərbaycanın gələcəyə yönəlik hədəflərindəndir.

Azərbaycan gələcəyin mühüm dövlətlərindəndir. Odur ki, digər orta və ali təhsil ocaqları kimi, AMEA-nın da milli öhdəlikləri var:
• Milli ruhda formalaşmış, dünya gedişatı və elmindən xəbərdar kadrların yetişməsi;
• Hər bir ölkənin fiziki təhlükəsizliyinin keşiyində durmaq yönündə addımların atılmasına, KİBERVƏTƏN siyasətinə öz töhfələrini vermək;
• “Həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti bu yöndə birgə işləməlidir.”

Dövlət başçısı özü üçün də AMEA ilə bağlı prioritetləri açıqladı:
• Dövlət qurumlarına rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin inkişafı ilə bağlı Azərbaycan alimləri ilə daha fəal işləmək üçün tövsiyə etdi;
• Azərbaycana qarşı kiberhücumlar təşkil edənlərin cəzasız qalmayacaqlarını bildirdi;
• Pilotsuz uçuş aparatlarını müharibədə məhz birinci Azərbaycanın tətbiq etdiyini önə çəkərək, bu yöndə inkişafı zərurət hesab etdi;
• Azərbaycan dilinin qorunmasının milli təhlükəsizlik məsələsi olduğunu xüsusi vurğuladı;
• Milli kimliyimizin sarsılması yönündə hər hansı addımın bağışlanmayacağı haqda ismarıc verdi;
• Qarabağ və Şərqi Zəngəzur qələbəsinin Azərbaycan tarixi və gələcəyi üçün önəmini xüsusi vurğuladı;
• Azərbaycan tarixinin tətbiq və təbliğini önəmli hesab etdiyini bildirdi;
• Azərbaycan xalqının yaşadığı böyük coğrafiyadan, bu coğrafiyadan kənarda yaşayan azərbaycanlıların diqqət mərkəzində saxlanılmasını vacib bildiyinə işarə etdi;
• İllər öncə Ermənistanda da azərbaycanlıların yaşadığını xatırladaraq, bu yaşayışın yenidən bərpa olunacağından əminliyini bildirdi;
• Azərbaycan dili və tarixi ilə bağlı hər hansı təxribat xarakterli davranışların diqqətdə saxlanılmasını tövsiyə etdi.

Azərbaycan Prezidenti:

“Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm”.

Əslində bu, Azərbaycan dilinin məişət dili səviyyəsinə endirilməsi prosesinin ciddi dairələrdən qaynaqlandığı haqda dövlət ismarıcıdır və dövlətin bu məsələdə son dərəcə diqqətli olduğu haqda birinci şəxsin dərin məlumatlı olmasından xəbər verir.

Yazının əvvəlində AMEA-nın, bu böyük elm və alim ocağının yubileyi münasibətilə əziyyəti keçmiş hər kəsə bir təbrik ünvanladım. 80 illik yubiley tədbirində dövlət başçısının çıxış mətni ilə tanışlıqdan sonra isə, özümü də təbrik edirəm. Çünki AMEA azad oldu və 80 yaşında ahıl bir QOCANIN yaxşı və MİLLİ ALİM nəsli yetişdirə bilməsi üçün dövlətin birinci şəxsi qətiyyətli fikirlər səsləndirdi. Və bu həm də o deməkdir ki, dünyanın çox populyar “bir milləti məhv etmək üçün onun elmini və təhsilini əlindən al” davranışı da yenə Azərbaycanda iflasa uğrayacaq.

Jalə Mütəllimova

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər