Ukraynada və Rusiyada gecə dron döyüşü: dağıntılar, yanğınlar və enerji kəsintiləri
1241
11:36, Bu gün

Ukraynada və Rusiyada gecə dron döyüşü: dağıntılar, yanğınlar və enerji kəsintiləri

 
"Son hücumlar həm Ukraynanın Dnepropetrovsk, Sumi və Odessa vilayətlərini, həm də Rusiyanın Lipetsk və Kursk bölgələrini zərbə altında qoyub. Dronlar həm mülki infrastruktura, həm də enerji obyektlərinə ciddi ziyan vurub..."
 
Dnepropetrovsk və Sumidə mülki obyektlər hədəfə alınıb
 
Ukrayna KİV-lərinin yazdığına görə, noyabrın 1-də Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Sumi vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Samara rayonunda baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb, onlardan biri xəstəxanada dünyasını dəyişib. Raket və dron zərbələri bir mağazanı tamamilə dağıdıb, yeddi yaşayış evi isə ciddi zədələnib.
 
Nikotol rayonunun Marqanets şəhərində FPV tipli dronun zərbəsi nəticəsində 58 yaşlı kişi həlak olub, 54 yaşlı qadın yaralanıb. Sumi vilayətində isə Rusiya qüvvələri mülki nəqliyyat vasitələrini hədəfə alıb - bir sərnişin mikroavtobusu dron zərbəsindən sonra yanaraq külə dönüb.
 
Ukrayna hərbi administrasiyası bildirib ki, bu hücumlar ardıcıl olaraq Xerson və Nikolayevdəki bazarlara, xəstəxanalara və yaşayış məntəqələrinə yönəlib. Son günlərdə baş verən zərbələr nəticəsində azı 4 nəfər həlak olub, onlarla insan xəsarət alıb.
 
Odessada yanğın: beş yük maşını külə döndü
 
Noyabrın 2-nə keçən gecə rus dronları yenidən Odessa vilayətinə hücum edib. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir neçə PUA-nı vurub, lakin onların qalıqları mülki infrastruktur obyektlərinə ziyan vurub.
 
Yük avtomobillərinin saxlandığı dayanacaqda güclü yanğın başlayıb - beş yük maşını tamamilə yanaraq məhv olub. İlkin məlumata görə, hücum nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılardan biri ağır termiki yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Odessada son aylarda bu cür dron hücumları artıb. 29 oktyabrda DTEK enerji şirkətinə məxsus obyekt vurulmuş, 30 minə yaxın ev işıqsız qalıb. Eyni zamanda, otellər, çoxmənzilli binalar və yaşayış evləri də zərər çəkib.
 
Dronlar bu dəfə Rusiyanı vurdu: enerji obyektləri sıradan çıxdı
 
Gecə saatlarında dronlar həmçinin Rusiyanın Lipetsk, Kursk və Orel vilayətlərindəki enerji infrastrukturlarına, eləcə də müvəqqəti işğal olunmuş Alçevsk (Luqansk vilayəti) şəhərinə hücum edib. Alçevskdə elektrik yarımstansiyası vurulub, şəhər tamamilə işıqsız qalıb.
 
Lipetsk vilayətində "Lipetskaya" yarımstansiyasına dəqiq zərbə endirilib - bu obyekt yüksək gərginlikli enerjinin istehlakçılara ötürülməsində əsas rol oynayır. Kursk vilayətinin Jelesnoqorsk şəhərində də partlayışlardan sonra elektrik təchizatı qismən dayandırılıb.
 
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, həmin gecə hava hücumundan müdafiə qüvvələri guya 164 Ukrayna dronunu məhv edib. Lakin yerli sakinlər bir sıra regionlarda partlayışlar və yanğınlar barədə məlumat verib.
 
Bu arada, Tuarpse şəhərində "Rosneft"ə məxsus dəniz neft terminalında da dron zərbəsi nəticəsində yanğın baş verib. 31 oktyabrda isə Ukraynanın kəşfiyyat xidmətləri Moskva vilayətindəki "Kolsevoy" neft kəmərini partladıb - obyekt tamamilə sıradan çıxıb.
 
Dron müharibəsi yeni mərhələyə keçib
 
Son hadisələr göstərir ki, dron müharibəsi artıq həm Ukrayna, həm də Rusiya ərazisində mülki infrastrukturu təhlükə altına salır. Ukraynanın müdafiə qüvvələri rus enerji sistemlərini hədəf alaraq təchizat zəncirini sarsıtmağa çalışır, Moskva isə cavab olaraq şəhərləri və nəqliyyat vasitələrini vurur. Bu qarşılıqlı hücumlar müharibənin getdikcə daha texnoloji və eyni zamanda daha dağıdıcı mərhələyə keçdiyini göstərir - burada artıq cəbhə anlayışı itir, hədəf isə həm enerji, həm də insan həyatıdır.
 
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər