25 il boyunca nə günəş işığı gördü, nə də ailəsindən başqa biri ilə danışa bildi. Gözəllər gözəli Blanş Monye ən inanılmaz, qandonduran, dəhşətli həyat hekayələrindən birinə sahib idi.
O, fransız idi və 1 mart 1849-cu ildə Fransanın Poitiers şəhərində, o dövrün çox nüfuzlu ailələrdən birində dünyaya gəlmişdi. Gözəlliyi, fiziki görkəmi və xarakteri ilə çox diqqət çəkirdi və ən əsası, çox adam onunla evlənmək istəyirdi. Ailəsi nə qədər aristokrat olsa da, gözəl qızlarının evlənməsi məsələsində laqeyid davranırdı.
Gənclik illərində Parisdə bir çox kişinin diqqətini cəlb eləmişdi. Blanş Monyeyə sevgi məktubları gəlməyə başlayanda isə, bu vəziyyət anası Luis Monyeyi narahat etməyə başlamışdı. Və elə bundan sonra hadisələr inanılmaz həddə çatdı. Blanş müəmmalı şəkildə yoxa çıxdı. O gündən sonra hər kəsi bir sual maraqlandırırdı; Blanş hara qeybə çəkildi?
Blanş isə 25 il boyunca hər şeydən və hamıdan təcrid olunmuş şəkildə yaşadı…
Anası Luis Monye qızını ömürlük otağa kilidləyərək hər şeydən təcrid edir. Hətta pəncərələrdən içəriyə günəş işığı düşməsin, üstəlik Blanşı heç kim görməsin deyə bütün tədbirləri görür. Ailəsi, qardaşı və evdə çalışanlardan başqa Blanşın dünyayla bütün əlaqəsini kəsir. Ona yataqdan qalxmağa və ən sadə gigiyena ehtiyaclarını qarşılamağa belə icazə vermir.
Blanş həyatının yarısını bütün təbii ehtıyaclarını ödədiyi çürümüş bir çarpayıda başa vurur. Ailəsi isə qohumlarına və qızın dostlarına güya onun İngiltərədə oxuduğunu, dərslərinin çox olduğunu, geri qayıtmaq istəmədiyini deyir. Məktəb illəri bitəndə isə “Orada öz həyatını qurdu, artıq Fransaya qayıtmayacaq” yalanını uydururlar.
Düz 25 il sonra - 23 mart 1901-ci ildə Parisin Baş prokuroru tanınmış bur ailənin evində gizlədilən dəhşətli sirr barədə anonim məktub alır. Məktubu yazanın kimliyi hələ də məlum deyil, amma tarixçilər bunun evdə işləyənlərdən biri tərəfindən yazıldığını düşünür.
Məktubda deyilirdi:
“Hörmətli Baş prokuror, sizi olduqca ciddi bir hadisədən xəbərdar etmək istəyirəm. Madam Monyenin evində 25 ildir ki, bir qız ac və kirin içində zəncirlənib…”
Monye ailəsi Paris cəmiyyətində çox hörmətli nüfuza malık olduğundan, bu iddiaya inanmaq çətin idi. Amma yenə də müfəttişlər araşdırmaq üçün Monyenin malikanəsinə getdilər. Əvvəlcə heç nə tapa bilmədilər, ta ki otaqlardan birindən gələn üfunət qoxusunu hiss edənə qədər. Qoxunun gəldiyi otağa yaxınlaşanda, qıfılın paslı olduğunu gördülər. Bəlli idi ki, otaq uzun illərdir açılmır. Kilid qırılanda isə müfəttişlər gördükləri mənzərə qarşısında dəhşətə gəldilər.
Hazırladıqları hesabatda gördüklərini belə təsvir etdilər:
“Bir dəridən və bir sümükdən ibarət, ölümcül vəziyyətdə olan bir qadın, nəcis və yemək qalıqları ilə örtülmüş, çürümüş bir yataqda uzanmışdı. Yatağın üzərində həşəratlar gəzir, otaqdan dözülməz bir iy gəlirdi. Otağın havası o qədər ağır idi ki, araşdırmanı davam etdirmək mümkün deyildi. Otaq qaranlıq idi, pəncərələr çöldən taxta baryerlərlə bağlanmışdı.”
Müfəttişlər pəncərələri qırdılar və Blanş 25 ildən sonra ilk dəfə günəş işığını gördü. O, müfəttişlərə 25 il boyu zəncirləndiyini dedi. Onun səhhəti o qədər ağır idi ki, cəmi 25 kiloqram çəkisi qalmışdı, ayağa qalxa bilmirdi. Xəstəxanaya aparılanda “hava ala bilmək necə də möhtəşəm hissdir” demişdi.
Həkimlər belə bir şəraitdə illərlə yaşamasını möcüzə adlandırdılar.
İstintaq müddətində bütün Monye ailəsi istintaqa cəlb olundu. Anası Luis həbs edildi, lakin 15 gün sonra öldü. Səbəb kimi “ürək tutması” göstərilsə də, çoxları onun intihar etdiyini düşünürdü.
Qardaşı Marsel Monye isə anasının günahkar olduğunu deyərək özünü müdafiə etməyə çalışdı. Lakin o da cinayətə şərik olduğu üçün 15 il həbs cəzası aldı.
Blanş azadlığa çıxdı, amma yaşadıqları onun üçün asan olmadı. 25 il otaqda əsir qaldığı üçün zamanla koprofiliya, ekshibisionizm və şizofreniya kimi ağır psixoloji pozuntulardan əziyyət çəkdi. Bədəncə bir qədər bərpa olunsa da, ruhən heç vaxt sağalmadı. Həyatının qalan hissəsini xəstəxanada keçirdi və 1913-cü ildə bir psixiatriya xəstəxanasında vəfat etdi.
