Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb.
 
"Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.
 
Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.
 
İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək", - məlumatda qeyd olunub.