Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO
568
14:14, Bu gün

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr müzakirə olunub.
 
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
 
İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
 
Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
 
Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.
 
Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
13:10
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
 
Bildirilib ki, nazirlər Azərbaycan–Macarıstan ikitərəfli əməkdaşlığının cari gündəliyinə dair fikir mübadiləsi aparıblar.
 
Siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Görüşdə, həmçinin regional proseslər müzakirə edilib və iki dost ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə dair qarşılıqlı öhdəlik bir daha təsdiqlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər