1783
15:37, Bu gün

"Moskva yer üzündən silinəcək": Bəyanatdan qiyamət ritorikasına

 
Brüsseldən gələn xəbərdarlıq və Moskvanın "həssas" reaksiyası
 
Xəbər verildiyi kimi, Belçika müdafiə naziri Teo Franken "De Morgen" qəzetinə verdiyi müsahibədə açıq şəkildə bəyan edib ki, əgər Rusiya Brüsselə zərbə endirərsə, NATO "Moskvanı yer üzündən siləcək". Cümlə sərt səslənir, amma Kremlin reaksiya tempi ondan da sürətli olub: Moskva səfirliyi dərhal "təxribat", "qeyri-ciddilik" və hətta "kognitiv pozğunluq" terminlərini dövriyyəyə buraxıb.
Rusiya diplomatiyası indi tibbi terminologiya ilə işləməyə başlayıb - görünür, "diplomatik leksikonda" artıq bu qədər söz qalmayıb. Belçika naziri isə çox keçmədən "məni səhv başa düşüblər" tərzində açıqlama verib. Bu, klassik Avropa diplomatiyasıdır - əvvəlcə atəş aç, sonra "sülh istəyirik" söylə.
 
Medvedevin ingiliscə təhqirləri və "süni intellektdən" iqtibaslar
Rusiya tərəfi isə öz növbəsində "diplomatik şeir yarışı"na başlayıb. Dmitri Medvedev sosial şəbəkədə belçikalı naziri "axmaq" adlandırmaqla kifayətlənməyib, həm də "Poseydon" adlı yeni nüvə dronunun sınağını "möhtəşəm uğur" kimi təqdim edib. Onun fikrincə, bu dron "Bürevestnik" raketindən daha güclüdür və "həqiqi qiyamət silahıdır". 
 
Görünür, Rusiyada indi "Apokalipsis  departamenti" açılıb, çünki hər yeni silahın təqdimatı "dünyanın sonu" konsepsiyası ilə müşayiət olunur. Bir sosial şəbəkə istifadəçisi "bəs niyə bu yeni dronu Belçika üzərində sınaqdan keçirməyəsiniz?" deyəndə, Medvedev də dərhal cavab verib: "Onda Belçika sadəcə yox olacaq". Rusiya rəsmilər artıq zarafatla soyqırım simulyasiyası aparır-  təbii ki, "sarkazm səviyyəsində".
 
"Qərbin psixozu" və Rusiyanın "stand-up" diplomatiyası
 
Rusiya Xarici İşlər Nazirliyi də geri qalmayıb. Nazir müavini Aleksandr Qruşko Qərbi "hərbi psixozdan zövq almaqda" ittiham edib. Yalnız bir fərq var: bu "psixoz"da artıq Rusiya özünü pasiyent yox, psixiatr kimi təqdim edir. Rəsmi Moskva hər dəfə "Qərbin aqressiyası"ndan danışır, amma eyni anda nüvə sınaqları keçirir, "Moskvanı silmək" kimi ifadələrə cavab olaraq "sizi xəritədən pozarıq" bəyanatları verir. Belə görünür ki, Kreml diplomatiyasını artıq "stand-up janrına" çevirməyə qərar verib - tamaşaçılar Qərb paytaxtları, səhnə isə sosial şəbəkədir.
 
Rusiyanın ritorikası öz kölgəsindən qorxan nəhəngə bənzəyir
 
Bütün bu "söz dueli"nin nəticəsi yalnız bir şeyi göstərir: Rusiya öz "böyüklüyünü" sözlərlə sübut etməyə çalışdıqca, əslində gücsüzlüyünü daha aydın nümayiş etdirir.
NATO-nun bəyanatları real müharibə planı yox, siyasi jestdir. Amma Kremlin cavabları özünə və dünyaya qarşı ironik güzgüdür: "Əgər siz bizi qorxutmaq istəyirsinizsə, biz sizə apokalipsis ssenarisi çəkərik". Bu ssenarinin ən gülməli tərəfi isə ondadır ki, Moskva hələ də özünü "sülhün tərəfdarı" kimi təqdim edir. Bax beləcə, XXI əsrdə müasir diplomatiya atom başlıqları ilə deyil, sarkazm və memlərlə aparılır.
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər