“Azərbaycan tarı heç vaxt dizdə yox, sinədə ifa olunub, yanlış olaraq...” - Ustad tarzəndən ETİRAZ
1264
10:50, Bu gün

“Azərbaycan tarı heç vaxt dizdə yox, sinədə ifa olunub, yanlış olaraq...” - Ustad tarzəndən ETİRAZ

“Hazırda Naxçıvan Dövlət Universitetinin “İncəsənət” fakültəsinin “Xalq çalğı alətləri” kafedrasında pedaqoji fəaliyyətlə məşğulam. İri həcmli bir əsər yaratmışam. Hardasa yarım saatlıq bir əsərdir. 15-20 gündür ki, bu layihənin üzərində işləyirəm. Cahangir Cahangirov Azərbaycan musiqisi üçün gözəl bir iş görüb. O “Çahargah” muğamını xorla sintez edib. Mən də Cahangir müəllimin “Çahargah”-ını analiz etmişəm. Analiz edəndə öz ağlıma də bir ideya gəldi ki, Cahangir müəllimin “Çahargah”-ını tam dəstgahla niyə təqdim etmirik ki? Təsəvvür edin xor, solist və hər şöbədən keçəndə muğamlar.. Orkestr də, xor da, solistlər də çalışır. Mən rektorla danışanda dedim ki, muğam çox ağır bir sahədir, dinləyici də onu birinci dəfədən qəbul edə bilmir. Biz muğamı elə yolla dinləyiciyə çatdırmalıyıq ki, o yorulmasın, sevə-sevə qulaq assın. Bizim bütün musiqimizin əsası, rüşeymi muğamdan gəlir. Mənə elə gəlir ki, bu çox maraqlı bir əsər olacaq. Bu artıq mənim fantaziyamdır və Azərbaycan musiqisi üçün yenilikdir”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, musiqişünas, ustad tarzən Əkrəm Məmmədli deyib.
O daha sonra tar musiqi aləti ilə bağlı yayılan yanlış məlumatlardan da danışıb:
 
“Füzulinin əsərlərində də tarla rübabın söhbətini verib. Xətib Təbrizi 11-ci əsrdə muğamımızın inkişafından danışıb. 10-cu əsrdə Fərabi də əsərlərində də tar musiq alətindən danışıb. Tarın 5 cildi olub. 19-cu əsrdə Sadıqcan tara 6 sim əlavə edib. Bu tarın rezonansını, ifa tərzini artırıb. İranda Şiraz tarını dizdə çalırlar, məhz Azərabycan tarı o tarın da babasıdır. Bunu Təbrizdə yaşayan peşəkar musiqiçimiz Davud Azəri də çox gözəl şəkildə deyir. Onun da üstünə düşüblər ki, belə deyil elədir. Bəzən musiqi nəzəriyyəçilərimiz qaş düzəltmək yerinə vurub gözü də çıxarırlar. Onlar deyirlər ki, Sadıqcan diz üstündə çalınan tarı sinəyə qaldırıb. Bu sözlər çox yalnış ifadələrdir. Biz bu sözləri deməklə başqasının dəyirmanına su tökürük. Azərbaycan tarı heç vaxt diz üstündə ifa olunmayıb. Həmişə sinədə çalınıb. Sadıqcan çox savadlı musiqiçi olub. O tarı 28 pərdədən 22-pərdəyə endirib. Tarın 6 pərdəsini azaldıb. Azərbaycan tarının tembiri şəffaf və gözəldir. Şiraz tarı isə sanki burnunda danışan adamı xatırladır. Biz niyə böyük işlərimizi kiçiltməliyik? Bəzən eşidirik ki, musiqiçilər toya gedəndə tara pərdələr əlavə edirlər ki, səs daha gur çıxsın. Bu yolverilməz bir hadisədir. Hətta deyərdim ki, nöqsandır. Onlar belə etməklə tarımızı saxtalaşdırırlar. Əhsən müəllim, Qurban Pirimov, Hacı müəllim toya getmirdi ki? Onlar toyda ifa edəndə camaatımız minliklər xərcləyirdilər. Heç bir klassik musiqi alətinə müdaxilələr edilə bilməz” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər