ABŞ Dövlət Departamentinin açıqlaması prosesin yeni mərhələyə adlamasından xəbər verir; Kreml əngəl törədə bilərmi?
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Zəngəzur dəhlizi ilə bağlı çağırış etdikdən sonra həm Ermənistanda, həm də digər ölkələrdə 8 avqust razılaşması ilə bağlı hərəkətlilik müşahidə olunmaqdadır. Xatırladaq ki, dövlətimizin başçısı “Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”, - deyə xəbərdar etmişdi.
Prezident daha sonra digər ölkələrin də öhdəliklərini xatırlatmışdı. Sitat: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Xatırladaq ki, hələ 8 avqust razılaşmalarından sonra dövlət başçımız vaxt itirmədən işlərə başlanılması zərurəti barədə fikirlərini ABŞ mediasına söyləmişdi. Astana bəyanatından sonra isə Ermənistan dövlət başçımıza təşəkkür etməklə yanaşı, bir sıra müsbət addımlar da atmağa başlayıb.
ABŞ hökuməti isə açıqlama verib ki, 2025-ci ilin sonunadək Azərbaycan və Ermənistanla birgə işçi qrupların yaradılmasını planlaşdırır. Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti “Report.az”a təsdiqləyib. Departamentin məlumatına görə, Vaşinqton 8 avqust 2025-ci ildə imzalanmış sazişlər çərçivəsində regiondakı əməkdaşlığı möhkəmləndirmək istiqamətində addımlar atır və Bakı ilə İrəvan arasında aparılan danışıqları yaxından izləyir.
Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında davam edən dialoqu “təmkinli, lakin real irəliləyiş” kimi qiymətləndirib və bir sıra konkret istiqamətləri müsbət addımlar kimi dəyərləndirib: sərhədlərin müəyyənləşdirilməsi və mina təmizlənməsi üzrə müzakirələr; regional infrastruktur layihələrinin inkişafı; TRIPP logistika təşəbbüsü; Azərbaycanın Ermənistana yük tranzitinə icazə verməsi qərarı; vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşü.
Dövlət Departamenti bəyan edib ki, ABŞ bu proseslərin uzunmüddətli sülhə və iqtisadi sabitliyə töhfə verəcəyinə inanır: “Bu təşəbbüslər özəl sektorun investisiyaları ilə birlikdə Cənubi Qafqazda yeni rifah dövrünün başlanğıcına çevrilə bilər”.
Qeyd olunur ki, işçi qrupların fəaliyyəti çərçivəsində Vaşinqton infrastruktur, enerji təhlükəsizliyi, minalardan təmizləmə, sərhəd idarəçiliyi və iqtisadi inteqrasiya sahələrində Bakı və İrəvanla paralel əməkdaşlıq mexanizmləri qurmağı hədəfləyir.
ABŞ tərəfi həmçinin regionda sabit və davamlı sülh mühitinin formalaşması üçün Azərbaycana və Ermənistana texniki dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu addım Vaşinqtonun Cənubi Qafqazda sülh təşəbbüslərinə praktik mərhələdə qoşulması kimi dəyərləndirilir və ABŞ-nin bölgədəki balanslı diplomatik fəallığının növbəti mərhələsini ifadə edir.
ABŞ Dövlət Departamentinin açıqlaması prosesin yeni mərhələyə adlamasından xəbər verir. Amma digər məqamlar da diqqətdən kənarda qala bilməz, xüsusən də Zəngəzur dəhlizini öz nəzarətinə keçirmək istəyən paytaxtların yarada biləcəyi maneələrdən söhbət gedir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 29-30 oktyabr tarixlərində Fransada işgüzar səfərdə olacaq. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək. Həmçinin 30 oktyabrda Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Rusiya və ya digər ölkələr bu prosesi poza bilərmi? Rusiyadan son açıqlamalar, Rusiya XİN rəhbəri S.Lavrovun bəyanatı və s. məsələlər Kremlin sakit qalmayacağını deməyə əsas yaradır. Zəngəzur dəhlizinin Trampın adı ilə sənədləşdirilməsi, həmçinin Amerikanın bu proseslərdə aktiv rolu Rusiyanı heç çür qane etmir. Moskva 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasına nail ola bilməsə də, Trampın tarixi missiyasını həzm edə bilmir. Davamlı şəkildə sülh razılaşması üçün Moskva özünün vasitəçiliyini təklif etməklə də bəlli niyyətini ortaya qoyur. Eyni zamanda Rusiyanın Zəngəzur dəhlizindəki sərhədçilərinin xatırladılması da İrəvana mesaj xarakterlidir. Paşinyanın Fransa səfəri necə, onun mövqeyinə və Vaşinqton razılaşmalarının pozulmasına rəvac verə bilərmi?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, ABŞ-nin Azərbaycan və Ermənistanla birgə işçi qrupu yaratmaqda əsas məqsədi yekun sülh müqaviləsinin uğurla nəticələnməsi və regionda öz geosiyasi mövqelərini gücləndirməkdən ibarətdir: “Təbii ki, Zəngəzur dəhlizi - TRIPP marşrutu Vaşinqtonun regionda əsas qalıcı strateji xəttidir. ABŞ bu fonda çalışır ki, birgə işçi qrupları bu kimi layihələrlə regionda tam oturuşsun. Yeni dünya siyasi nizamında Vaşinqton Cənubi Qafqaz ölkələri ilə strateji tərəfdaşlıq xəttini tutmaqla, birbaşa Mərkəzi Asiyaya açılır. Demək olar ki, Cənubi Qafqaz Asiya və Avropanı birləşdirən əsas nəqliyyat qovşağıdır. Ona görə də ABŞ bu prosesdə aktiv siyasət aparır. Hesab edirəm ki, bu, region ölkələrinin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək”. M.Əsədullazadə Rusiyanın bu siyasətə qarşı çıxacağını vurğuladı: “Rusiya istəsəydi, böyüklük edib, regionda qala bilərdi. Onun üçün 2020-ci ildə üçtərəfli birgə bəyannamə də imkan verirdi. Amma Rusiya tormozlayıcı siyasət apardı. Kreml regionda sülhün yaranmasında deyil, yeni müharibədə, separatçılıqda maraqlı oldu. Ona görə də Azərbaycan və Ermənistan Rusiyadan uzaqlaşdı. Rusiyanın Cənubi Qafqazın hər iki ölkəsinə qarşı təzyiq mexanizmi müsbət olmayacaq. Proseslər Rusiya-Ukrayna müharibəsinin gedişindən asılıdır. Rusiya da burada strateji cəhətdən uduzur. Bundan sonra Rusiyanın təzyiqləri nəticəsiz başa çatacaq. ABŞ də buna imkan verməyəcək. ABŞ regiona gəlirsə, demək, o, hər şeyi hesablayıb. Sergey Lavrovun təhdidi növbəti səhvlərin bir hissəsidir. Təəssüf ki, səhvlərindən nəticə çıxarmaq istəmirlər”.
Siyasi şərhçi rəsmi Parisin sülhə mane olacağını güman etmir: “Nikol Paşinyanın Parisə səfəri ikitərəfli gündəliklə bağlıdır. Düşünmürəm ki, Makron sülhə mane olsun. Paşinyan da buna getməz. Fransa sülhü pozacaq gücdə deyil. Azərbaycanla münasibətləri qaydasına düşüb. Paşinyanın Fransa səfəri Azərbaycan-Ermənistan əlaqələri müstəvisində deyil”. /Musavat.com/