Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşdü - YENİLƏNİB + FOTO
1099
29 Oct 2025 | 13:19

Ceyhun Bayramov Oman Sultanının xüsusi nümayəndəsi ilə görüşdü - YENİLƏNİB + FOTO

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Omanın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin inkişafından məmnun olduqlarını bildiriblər.
 
İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da stimullaşdırılmasında yüksək səviyyəli səfərlərin həlledici rolu vurğulanıb.
 
Ölkəmizin Omanda səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.
 
Parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edib.
 
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
 
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.
 
12:50
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində beynəlxalq əlaqələr və əməkdaşlıq məsələləri üzrə baş nazirin müavini, həmçinin Oman Sultanının xüsusi nümayəndəsi Seyyid Əsəd bin Tariq əl-Səid ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
 
Bildirilib ki, görüş zamanı tərəflər yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldilməsində, eləcə də Azərbaycan və Oman arasında siyasi və iqtisadi dialoqun genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
 
Azərbaycan tərəfi regionda sülhün, əlaqəliliyin və davamlı inkişafın təşviqi məqsədilə çoxtərəfli platformalar çərçivəsində Omanla sıx əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Link kopyalandı!
Son xəbərlər