
Şikayətlər çoxdur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov oyuncaqlarla bağlı daim istehlakçılardan şikayətlər eşitdiyini deyir.
O bildirir ki, şikayətlər arasında oyuncaqların milli adət-ənənələrə uyğun olmamağı, oyuncaqların üzərindəki geyimlərdə narkotik bitkisinin yarpaqlarının əks olunması və oyuncaqların bir çox yerinin qopması, rənginin çıxması, əcaib qoxunun gəlməsi ilə fikirlər yer alır.
Oyuncaqlar test edilmir, sadəcə sənəd yoxlanılır
Sədrin sözlərinə görə, azad bazar, rahat şəraitdən biznes quranlar istifadə edir.
"İdxal olunan oyuncaqlar arasında kiçik istehlakçıların həyat üçün arzuolunmaz oyuncaqları da istisna olunmur. Heç kim onları yoxlamır. İllər öncə ölkədə Nazirlər Kabinetinin 343 saylı qərarı mövcud idi. Bu təhlükəsizliyi təmin olunan malların siyahısı idi, orada 100-dən çox mal var idi. Həmçinin də oyuncaqlar...
Mallar ölkənin əmtəə bazarına girməzdən öncə mütləq yoxlanılmalı və sonra buraxılmalıdır. Lakin Azərbaycan biznes qurmaq üçün son dərəcə rahat bir şərait yaradıb və demək olar ki, heç nə yoxlanılmır. Sadəcə sertifikatlara, sənədlərə baxılır, amma heç bir test aparılmır. Buna görə də əmtəə bazarında istehlakçıların tələblərinə uyğun olmayan oyuncaqlara rast gələ bilirik".
Belə oyuncaqları almayın
Eyyub Hüseynov istehlakçılara müraciət edib.
“Oyuncaq alanda nəm, ağ bint üzərinə sürtün. Əgər rəng çıxırsa, belə oyuncağı almaqdan uzaq durun. Oyuncaqda qopan yerlər varsa, xüsusən gəlinciklərin tükləri çəkiləndə qopursa, onlara yaxın durmayın. Qopan yerlər uşaqların qulaq, burun, boğaz nahiyələrində qala bilər”.

Bu oyuncaqlar şüuraltı məlumat ötürür
Pediatr Aytən İsmayılzadə bildirib ki, oyuncaqlar arasında həqiqətən də təhlükəli obrazlar var. Onun sözlərinə görə¸ bunlar da beyinə şüuraltı məlumatların yeridilməsi xidmət edir:
“Mənası olmayan, xoş təəssürat ötürməyən oyuncağın uşağın əlində nə işi var? Bu təkcə oyuncaqlara aid deyil, uşaqların baxdığı cizgi filmlərə, obrazlara da aiddir. Valideynlər uşaqların istədiyi hər oyuncağı alırlar. Alanda görünüşünə fikir vermir, diqqət etmirlər. Amma mütləq diqqət etmək lazımdır. Bunlar ilk vaxtdan uşağın şüuraltına yazılan məlumatlardır, davranışa birbaşa təsir edən amillərdən biridir”.
Sovet dövründəki oyuncaqlar xoş idi
Pediatr sovet dövrünün cizgi filmlərinin xoş təəssürat yaratdığını və o ekran əsərlərində xeyirxah obrazların olduğunu deyib.
“Həmin cizgi filmlərinin oyuncaqlarını uşaqlara xoş təəssürat ötürür. İndiki bu oyuncaqların isə hansı informasiyanı ötürdüyünü bilmirik. Bir gün bu oyuncaqlar personaj kimi bir cizgi filmində qarşımıza mətnaltı mənada çıxanda biz oradakı mənanı anlamayacağıq. Amma o öz işini görmüş olacaq”, - A.İsmayılzadə əlavə edib.
Uşaq neyropsixoloqu Gültəkin Həsənova bildirib ki, “Labubu” kimi oyuncaqlar uşaqlar üçün maraqlı, amma emosional cəhətdən yüklü obrazlardır.
Neyropsixoloqun sözlərinə görə, onların qeyri-adi vizual xüsusiyyətləri, iri gözlər, kəskin dişlər və qəribə üz ifadələri beynindəki limbik sistemi aktivləşdirir:
“Bu, uşağın instinktiv qorxu mexanizmini işə salır. Görsəl obraz birbaşa reallıq kimi qəbul olunduğu üçün, uşaq onu “təhlükə” siqnalı kimi qəbul edir. Bu səbəbdən “Labubu” kimi intensiv vizual stimullar, xüsusilə 3–6 yaş aralığında, emosional tənzimləmə sistemini yükləyə bilər.
Bəzən psixoloqlar deyə bilərlər ki, belə oyuncaqlar qorxu hissini aşmaqda kömək edir, lakin bu, əsassız fikirdir. Uşaq görsəl qorxu obrazına qarşı daha həssasdır, çünki vizual sistemdə abstraktlıq az, reallıq çoxdur. Amma eşitsəl (nitqi) obrazlar, məsələn, nağıl və ya təsviri danışıq, fantaziyanı və kognitiv filtrasiyanı işə salır. Bu da qorxunu emal etmə, adlandırma və məna vermə proseslərinə imkan yaradır. Nitq vasitəsilə verilən qorxu obrazı, yəni nağıl, hekayə və danışıq forması beyində fərqli emal olunur. Uşaq burada obrazı öz təxəyyülündə yaradır. Yəni o, qorxunun dərəcəsini özü müəyyənləşdirir. Bu zaman beynin Broka, Vernike və prefrontal sahələri aktiv olur.
Beləcə, eşitsəl obraz kognitiv filtrasiyadan keçir. Uşaq eşitdiyini analiz edir, mənalandırır, təhlükə ilə oyunu ayırd edə bilir. Buna görə də nağıldakı qorxu obrazı travmatik deyil, emosional öyrənmə təcrübəsi olur. Görsəl obraz isə real kimi dərk olunduğu və "fitri keçmədən" limbik sistemə daxil olduğu üçün daha tez travmatik təsir göstərir”.

Qorxunc obraz “emosional hadisə” kimi yadda qalır
G.Həsənova deyib ki, bundan başqa, uşağın beyni hələ tam diferensiasiyalaşmadığı üçün, hər emosional hadisə limbik sistem səviyyəsində kodlaşdırılır.
“Bu zaman qorxunc və ya deformasiya olunmuş obraz “emosional hadisə” kimi yadda qalır. Yəni uşağın psixikasında həmin obraz hisslə birlikdə fiksasiya olur və psixi matriksində qalır. Sonradan oxşar şəkillər, rənglər və ya mimikalar görünəndə həmin emosional iz aktivləşir. Uşaq bəzən nədən qorxduğunu belə izah edə bilmir, amma beyin o ilkin duyğunu xatırlayır.
Digər tərəfdən, uşaq təxəyyülünü də unutmamaq lazımdır. Uşağın təxəyyülü onun daxili teatrıdır. Əgər bu teatrda tez-tez qorxunc obrazlar səhnəyə çıxırsa, uşaqda emosional kodlaşdırma dəyişir. Bu da gələcəkdə dəyərlərin təhrifinə səbəb olur. O, “gözəl” ilə “qorxulu” arasındakı fərqi daha gec ayırd edə bilər. Bu, bəzi hallarda emosional ambivalentlik yaradır, yəni uşaq həm qorxur, həm də maraqlanır. Bu ambivalentlik gələcəkdə davranışda və empatiya qabiliyyətində ziddiyyətlərə səbəb ola bilər”, - neyropsixoloq əlavə edib.
Oyuncaqlarda bunlara diqqət edin!
G.Həsənova valideynlərin çox vaxt oyuncağı əslində dizaynına, rənginə və ya brendinə görə seçdiyini deyib:
“Halbuki uşağın beynində iz buraxan əsas şey oyuncağın estetik dəyəri deyil, onun oyatdığı emosiyadır. Bir oyuncaq uşağa təhlükəsizlik, istilik, maraq və yaradıcılıq hissi verirsə, bu, onun üçün neyropsixoloji baxımdan uyğundur.
Əgər oyuncaq vizual olaraq çox yüklüdür, süni mimikalıdır və ya həddən artıq “hazır emosiya” verir (məsələn, həmişə gülümsəyən, ya da daim dişlərini göstərən kuklalar kimi), bu, uşağın öz daxili emosiya repertuarını inkişaf etdirməsinə mane ola bilər. Uşaq oyuncağa baxanda öz duyğusunu yaşamalıdır. Əgər oyuncaq artıq “duyğunu özü təqdim edirsə”, uşaq passiv müşahidəçiyə çevrilir. Bu, emosional diferensiasiya prosesini zəiflədir. Yəni uşaq hissləri ayırd etməyi və ifadə etməyi öyrənmir, çünki hər şey onun yerinə “çəkilmiş” vəziyyətdədir. Bu, oyuncağa bir qapalılıq verir”.
Oyuncaqlar açıq tipli olmalıdır
Neyropsixoloq uşaqları yaşından asılı olmayaraq, ən yaxşı inkişaf etdirənin açıq tipli oyuncaqlar olduğunu bildirib.
“Uşaqdan yaradıcılıq və mənalandırma tələb edən oyun materialları beyində çoxsaylı neyron şəbəkələri eyni anda işə salır. Valideynin əsas məqsədi oyuncağı “məşğul edici əşya” kimi deyil, emosional və idraki inkişaf vasitəsi kimi görmək olmalıdır. Oyuncağı seçərkən özünə “Bu oyuncaq mənim övladımda qorxu, passivlik, yoxsa yaradıcılıq və sevinc hissi oyadacaq?” sualını vermək kifayətdir. Əgər cavab “yaradıcılıq və sevinc”dirsə, o zaman bu oyuncaq uşağın beynində sağlam emosional iz buraxacaq. Açıq tipli oyuncaqlar uşağın beyninə azadlıq, seçmək və mənalandırmaq bacarığı verir. Yəni uşaq sadəcə oynamır, öz daxili aləmini formalaşdırır”, - G.Həsənova vurğulayıb.