70 yaşı var, hər gün 6 mağazanı süpürür: Bakını təmizləyən o qadın kimdir? – Reportaj
264
18:52, Bu gün

70 yaşı var, hər gün 6 mağazanı süpürür: Bakını təmizləyən o qadın kimdir? – Reportaj

Neftçilər metrostansiyasının yaxınlığındakı dükanların qarşısından hər gün bir qadın keçir. Əlində süpürgə, başı aşağı, sakit və təmkinli. Kiminin yanından gülümsəyərək keçir, kiminə başı ilə salam verir. Onun bu sükunətində bir ömür var - sanki illərin zəhməti, səssiz dözümü və alın təri süpürgəsinə hopub.

Hər səhər kimi bu gün də onu gördüm. Həmişəki kimi balaca dükanların qarşısını təmizləyirdi. Bir az dayandım, izlədim. Sonra yaxınlaşıb tanış oldum. Adı Mahirə İbrahimovadır. 70 yaşı var. Əslən Gürcüstan azərbaycanlısıdır. Üç övladı var: böyük qızı 42, kiçik oğlu isə 39 yaşındadır. Hazırda Binədə bir otaqlı evdə oğlu ilə birgə yaşayır.

“20 il kirayələrdə yaşadım, uşaqlarımı böyütdüm. Qızımın biri ailə qurub ayrılıb, indi hərəsi bir yerdə yaşayır. Çalışdım, çabaladım, Binədə bir otaqlı ev aldım. İndi oğlumla birgə yaşayıram. Azərbaycana Rusiyadan köçmüşdük. O vaxt həyat yoldaşım sağ idi, sonradan ayrıldıq. Mən xadiməliklə, süpürgəçiliklə uşaqlarımı böyütdüm”, – deyir Mahirə xanım.

O, 2002-ci ildən bu tərəflərdə – Neftçilər metrostansiyasının yaxınlığında – dükanların qarşısını süpürür. İki onillikdən çoxdur ki, bu kiçik küçə onun həm işi, həm də dünyasıdır.

“220 manat pensiya alıram, buna da şükür. Mən həyatda narazı olan adam deyiləm. Oğlumla birgə dolanırıq. O, astma xəstəsidir, hər yerdə işləyə bilmir. Səhhəti imkan verəndə işləyir, əsas gəliri isə mən gətirirəm. Bütün ailənin yükü mənim çiynimdədir”, – deyə əlavə edir.

Mahirə xanım işsiz qala bilmir: “Darıxaram, evdə otura bilmirəm. Təkəm, yanımda nə qız, nə gəlin var. Ona görə də işləyirəm. Buradakı uşaqlara öyrəşmişəm, mağaza sahibləri mənə hörmətlə yanaşır. Hər mağazanı yığışdırdığıma görə 20 manat verirlər. Cəmi 6 mağazanı təmizləyirəm, ayda 120 manat alıram. Hər gün gəlirəm, bazar günləri də. Öyrəşmişəm. Bura mənim üçün həm iş, həm də həyat yeridir”, – deyir.

Söhbət əsnasında bir anlıq dayanır, süpürgəsini qapının ağzına söykəyir və əlavə edir:

“Bakıda nə bacım, nə qardaşım var. Hamısı Gürcüstandadır. Yollar bağlıdır deyə gedə bilmirəm. Heç telefonum da yoxdur ki, danışım. Amma mən yenə də şükür edirəm. Ən əsası, balalarım sağ olsun, əsgərlərimizə dua edirəm”.

O, süpürgəsini yenidən əlinə alıb sakitcə dükanların qarşısını yığışdırır. Günəş üzü qırışmış yanaqlarına düşür, gözlərində qəribə bir parıltı var — həm yorğunluq, həm də minnətdarlıq.

Mahirə nənə bu şəhərin səssiz qəhrəmanlarındandır. Onun təmizlədiyi təkcə asfalt deyil – insanların laqeydliyini, həyatın tozunu da süpürür sanki.

Bir anlıq düşünürsən: bəzən Bakının parlaq binalarından daha çox, Mahirə nənənin süpürgəsi bu şəhəri saf saxlayır...

Sonda isə ayrılarkən, deyir: “Məni harada göstərəcəklər? Baxmağa televizorum yoxdur”.

Şahanə Rəhimli,
Musavat.com

Link kopyalandı!
Son xəbərlər