Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Klassik media üçün müasir təhdidlər: Jurnalistikaya inam niyə azalır?” adlı seminar keçirilib. 
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, seminarda ənənəvi media rəqəmsal platformalar, süni zəka, sosial media kimi media mənzərəsindəki dəyişikliklərdən danışılıb. Seminar UNESCO-nun himayəsi ilə hər il oktyabrın 24-31 arasında keçirilən Qlobal Media və İnformasiya Savadlılığı Həftəsi çərçivəsində baş tutub. 
 
Təqdimatla çıxış edən fakültənin müəllimi, media və strateji kommunikasiya üzrə ekspert  Günel Əhmədova  cari ilin iyunun 17-də Reuters İnstitutunun dərc etdiyi 2025-ci il üzrə Qlobal Rəqəmsal Xəbər Hesabatına istinad edərək, süni intellektin ən yeni əlavələri ilə jurnalistika sahəsini görünməmiş problemlərin gözlədiyini, sosial media istehlakının artması səbəbindən institusional jurnalistikanın dərin struktur dəyişikliyi ilə üzləşdiyini qeyd edib.   
 
O qeyd edib ki, hazırda dünyada jurnalistikaya və xəbərlərə inamın azalması müşahidə olunur və qlobal miqyasda mediaya inam 40% təşkil edir. Bu,  pandemiyanın zirvəsindən bəri dörd pillə azalma deməkdir. 
 
Seminarda mediaya inamın sarsıdılmasında süni zəkanın roluna xüsusi diqqət yetirilib. Məruzəçi qeyd edib ki, dünyada jurnalistlərin 88%-i süni zəkanın dürüstlüyə zərər vurmasından narahatdır. Ümidverici məqam isə, rəyi soruşulan jurnalistlərin 63%-inin hələ də süni zəka alətlərindən istifadə etməməsidir. Buna baxmayaraq, ictimaiyyətin 58%-inin həqiqətlə yalanı ayırd etməkdə çətinlik çəkdiyi məlum olub.  Süni zəka jurnalistikaya kömək edə bilsə də, eyni zamanda orijinallıq üzərində çaşqınlıq yaradır.
 
Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının rəhbəri, professor Qulu Məhərrəmli jurnalistikaya inamın itirilmədiyini, əslində onun imkanlarının yenidən qiymətləndirildiyi bir dövrdə yaşadığımıza diqqəti yönəldib. O bildirib ki, jurnalistikada peşəkarlıq ona inamın bərpa edilməsində əsas rol oynayır. 
 
Dezinformasiyadan tutmuş media vərdişlərinin dəyişməsinə qədər müasir təhlükələr fonunda jurnalistikaya inamı bərpa etmək üçün şəffaflıq, etika və rəqəmsal normalara uyğunlaşma problemdən çıxış yolları kimi təklif olunub.  
 
Seminar mediada sürət və dəqiqliyinin tarazlaşdırılması yolları, xəbər istehsalında süni zəkadan istifadəyə dair məlumatın açıqlanması və etibarlı jurnalistikanın təşviqində sosial platformaların roluna dair geniş müzakirələr ilə yekunlaşıb.