Ermənistanda kilsə və lobbi parçalanır - kritik gözlənti
243
09:03, Bu gün

Ermənistanda kilsə və lobbi parçalanır - kritik gözlənti

Məhəmməd Əsədullazadə: “Hakimiyyət gec-tez kilsə üzərində tam qələbə çalacaq”
 
Xəbər verildiyi kimi, ötən həftəsonu Moskva Ermənistan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik fonunda ilk dəfə açıq şəkildə mövqe nümayiş etdirib. Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin müşaviri protoierey Nikolay Balaşov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan kilsəyə qarşı hərəkətləri ilə konstitusiyanı pozur və dini quruma təzyiq edir.
 
Onun sözlərinə görə, Ermənistan Konstitusiyası dini təşkilatların dövlət idarəçiliyindən ayrıldığını təsbit etdiyi üçün dünyəvi hakimiyyət nümayəndəsinin kilsənin daxili həyatına müdaxilə etmək hüququ yoxdur: “Kilsənin işləri yalnız onun kanonik qaydaları ilə tənzimlənir. İnsanda belə bir təəssürat yaranır ki, Ermənistan hökumətinin hazırkı lideri milli mənəvi əsaslarla qeyri-bərabər mübarizə aparmağa qərar verib və bu məqsədlə kilsə iyerarxlarına və ümumilikdə onun ruhanilərinə qarşı təqiblərə və təhqirlərə əl atır, ruhaniləri həbs edir, kilsə binalarını müsadirə etməklə hədələyir”.
 
Ermənistanın hakim partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan isə hesab edir ki, Nikol Paşinyan erməni kilsəsini parçalaya bilər: “Biz də, kilsə rəhbərləri də bilirik ki, çatışmazlıqlar var. Baş nazir bunu beş il əvvəl bilirdi, bəs niyə o zaman heç bir tədbir görülmədi? Çünki o zaman buna ehtiyac yox idi, indi isə var. Fikrimcə, ən yaxşı halda Paşinyan kilsəni parçalamağa, diasporu yenidən bölməyə nail olacaq”.
 
Qeyd edək ki, hakimiyyət kilsə nümayəndələrinə qarşı kompromatları artıq ictimailəşdirməyə başlayıb.  
 
Bəs o zaman kilsənin siyasətə qarışmaq ixtiyarı varmı? Rusiyanın kilsə və radikal müxalifət tərəfdə olmasını da nəzərə alsaq, Ağazaryan nə dərəcədə haqlı çıxacaq? Paşinyan kilsəni parçalayıb zəiflədə, sülhün yolunu tam təmizləyə biləcəkmi?

 
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirib ki, erməni Apostol Kilsəsi və xüsusilə II Qareginin, digər dini vəzifə daşıyan bir sıra erməni keşişlərin Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğu məlumdur: “Ermənistanın əslində ən böyük problemlərindən və indiki ağır vəziyyətə gəlib çatmasının səbəblərindan biri kilsənin siyasətə qarışması, Ermənistanda hakimiyyətlərə ciddi təsir etməsidir. Rusiya kilsənin Ermənistan siyasətinə təsir imkanlarının daha da güclənməsi üçün daim addımlar atıb. Kilsə faktiki olaraq o həddə Ermənistan siyasi həyatına təsir göstərmək gücündə idi ki, hakimiyyətlərin taleyini belə həll edə bilirdi. Keşişlərin bir çoxu Rusiya xüsusi xidmət orqanlarının agentləridir. Paşinyan bu vəziyyəti hələ müxalifətdə olduğu illərdən bilirdi. Hakimiyyətə gəldikdən sonra problemin nə qədər ciddi olduğunu daha aydın görməyə başladı. Ona görə də artıq bir neçə ildir Paşinyan kilsənin siyasətdən uzaq tutulmasına nail olmaq üçün mübarizə aparır”. 
 
Onun fikrincə, kilsədə qanun pozuntularına yol verənlər məsuliyyətə cəlb edilir: “Paşinyan bildirir ki, kilsədə normal, təmiz, kilsə qanunlarına riayət edən insanlar rəhbər olmalıdır və bu mübarizəyə şəxsən özü rəhbərlik edəcək. Bununla da kilsə ilə hökumət arasında gərginlik uzun müddətdir hökm sürür. Keşişlərə Rusiya ilə yanaşı Robert Köçəryan və Serj Sarkisyan da dəstək verir. Lakin bütün dəstəyə baxmayaraq onların Paşinyana qarşı keçirdiyi yürüşlərə və mitinqlərə 12-13 min nəfərdən yuxarı insan qatılmır. Bu da göstərir ki, Ermənistan cəmiyyətinin əksəriyyəti  hakimiyyətin əleyhinə çıxmaq istəmir və dinin siyasətə müdaxiləsinin əleyhinədir”.
 
Politoloq deyib ki, Ermənistanda keşişlər din xadimi kimi sülhün tərəfdarı olaraq çıxış etmək, sülhü, əmin-amanlığı təbliğ etmək əvəzinə müharibə tərəfdarı kimi çıxış edirlər, sülhə mane olurlar: “Nikol Paşinyan isə onların bu yanlışını məhz onlara qarşı istifadə edir. Nəticədə xalq həmin qondarma din xadimlərindən tədricən üz döndərir. Artıq Qareginin və ya başqa hansısa keşişin bir çağırışı ilə xalq küçə və meydanlara axışmır. Ona görə də düşünürəm ki, artıq kilsə Paşinyana təsir etmək, xalqı ona qarşı qaldırıb onu devirmək imkanlarını itirib. Paşinyan gec-tez kilsə üzərində tam qələbə çalacaq və onu Ermənistanda siyasətdən tamam kənarlaşdıra biləcək. Bu isə sülh yolunda ən ciddi əngəllərdən birinin sıradan çıxması olacaq”. 
Link kopyalandı!
Son xəbərlər