Ürəktutmalar niyə artır? - SƏBƏBLƏR
438
15:30, Bu gün

Ürəktutmalar niyə artır? - SƏBƏBLƏR

“Son zamanlar Azərbaycanda ürəktutmalarının artmasının bir neçə əsas səbəbi var. İlk növbədə, müasir dövrdə insanların həyat tərzi köklü şəkildə dəyişib. Artıq çoxları günün böyük hissəsini hərəkətsiz, stressli və gərgin şəraitdə keçirir, siqaret və spirt istifadəsi, eləcə də yağlı, duzlu, sürətli qidalanma vərdişləri artıb. Fiziki aktivliyin azalması, düzgün yuxu və qidalanma rejiminin pozulması ürək-damar sisteminə uzunmüddətli zərbə vurur və damar sərtliyi, təzyiq və ritm pozğunluğu kimi problemlərin yaranmasına şərait yaradır”.
 
Moderator.az xəbər verir ki, bu sözləri xalqcebhesi.az-a açıqlamasında ürək-damar cərrahı, tibb elmləri doktoru, millət vəkili Rəşad Mahmudov söyləyib.
R.Mahmudovun bildirdiyinə görə, eyni zamanda, əhali arasında profilaktik müayinələrin hələ də kifayət qədər yayılmaması, insanların öz sağlamlıqlarına sistemli şəkildə nəzarət etməməsi də vəziyyəti ağırlaşdırır: “Xolesterin, şəkər və təzyiq kimi göstəricilərin illərlə izlənməməsi, xəstəliklərin gizli şəkildə inkişaf etməsinə və çox zaman ilk əlamətin birbaşa ürəktutması formasında üzə çıxmasına səbəb olur. Təəssüf ki, bir çox hallarda insanlar yalnız ağrı və narahatlıq hiss etdikdən sonra həkimə müraciət edirlər. Halbuki, 35 yaşdan yuxarı hər bir şəxsin ildə ən azı bir dəfə kardioloji müayinədən keçməsi (stres EKQ, Exo-KQ və qan analizləri ilə) həyat qurtaran addımdır”.
 
Həkim vurğulayıb ki, xüsusilə gənclər arasında müşahidə olunan qəfil ürəktutmalarının bir hissəsi isə ürəyin elektrik sistemindəki ritm pozğunluqları ilə əlaqəlidir: “Bu pozğunluqlar bəzi hallarda genetik mənşəli olur, amma enerji içkiləri və stimulant maddələrdən sui-istifadə də həmin riskləri artırır. Əgər hər bir insan öz sağlamlığını prioritetə çevirər, düzgün qidalanma və fiziki aktivlik prinsiplərinə əməl edər və vaxtaşırı həkim nəzarətində olarsa qəfil ürək ölümü halları azaldıla bilər. Ürək sağlamlığı bir günün deyil, illərlə formalaşan həyat tərzinin nəticəsidir”.
 
Link kopyalandı!
Son xəbərlər