485
14:14, Bu gün

"Garage Parking"də narazı salan qiymətlər: "Özəl dayanacaqlar NK-nın qərarına uyğunlaşmalıdır"

Bakının mərkəzində, Mərkəzi Univermağın yanındakı "Garage Parking"-də tətbiq edilən parklanma qiymətləri ilə bağlı sürücülər narazıdır. Vətəndaşlar qiymətlərin dövlət tərəfindən tənzimlənən "Azparking" tariflərindən 2-3 dəfə baha olmasından şikayət edirlər. Onların sözlərinə görə, "Garage Parking" həftə sonları qiymətləri daha da bahalaşdırır. Halbuki "Azparking" həftə sonları qiymətləri aşağı salır, bazar günü isə pulsuz edir. Amma "Garage Parking" həftəiçi günlərlə müqayisədə şənbə və bazar günləri hətta 5 manat bahalaşdırır.
 
Parkindəki tariflər aşağıdakı şəkildəki kimidir:
 
 
Məsələ ilə bağlı "Azparking"in sözçüsü Hökumə İsmayılova Oxu.az-a açıqlama verərək özəl parkinqlərdəki qiymət siyasətinə müdaxilə edə bilmədiklərini bildirib. O qeyd edib ki, "Garage Parkinq"də sadəcə "Azparking"in ödəniş imkanları mövcuddur: "Tariflərə isə şirkət olaraq qarışa bilmərik. Biz orada yalnız sürücülərin rahatlığı üçün çıxışda "Azparking"in ödəniş imkanlarını təqdim edirik. Tarifləri biz tənzimləmirik".
 
O, hazırda 20-dən çox özəl parkinq ərazisi olduğunu və bu məkanlarda sürücülərin rahatlığı üçün "Azparking" mobil tətbiqi vasitəsilə ödəniş imkanının təmin edildiyini bildirib. Terminal və parkomatlarda yaranan növbələrin qarşısını almaq üçün tətbiq edilən bu yenilik sayəsində sürücülər yubanmadan mobil tətbiqdən ödənişlərini edib ərazidən çıxa bilirlər.
 
Hökumə İsmayılova parklanma qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı bildirdi ki, küçə parklanmasında qiymətlər Nazirlər Kabineti tərəfindən tənzimlənir. Xüsusi parkinq ərazilərində isə qiymətləri oranın mülkiyyətçisi müəyyən edir.
 
"Garage Parking"in narazılıqlara münasibətini öyrənmək cəhdimiz uğursuzluqla nəticələnib. Şirkətin saytında göstərilən əlaqə nömrələrinə zəng etsək də, cavab verən olmayıb.
 
Vəkil Samir Hacıyev sürücülərin parklanma ilə bağlı şikayətlərini Oxu.az-a şərh edərək qeyd edib ki, özəl parklanma yerləri üçün ümumi qiymətlər müəyyənləşdirilə bilər:
 
"Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş məbləğinin təsdiq edilməsi" haqqında 25 iyun 2023-cü il qərarına əsasən parklanma qiymətləri ərazilər üzrə müəyyənləşir. Bakı şəhərinin mərkəzi küçələrində qiymətlər 1 manat, 0.70 qəpik, 0.40 qəpik, 0.30 qəpik, bəzi ərazilərdə isə ödənişsizdir".
 
Vəkil, qeyd edilən özəl ərazilərdə parklanma qiymətlərinin fərqli olmasının mümkünlüyünü təsdiqləsə də, özəl şirkətlərə çağırış edib:
 
"Qeyd edilən özəl ərazilərdə parklanma qiymətlərinin fərqli olması mümkündür. Belə ki, həmin ərazilər şəxsi sayıldığından "Azparking"in müəyyən etdiyi qiymətlərdən fərqlənir. Onu da bildirim ki, NK-nın qeyd edilən qərarında ölkənin böyük şəhərləri üzrə parklanma qiymətləri müəyyənləşib.
 
Düşünürəm ki, özəl parklanma əraziləri də şəhərimizdəki sıxlığı və tıxacı nəzərə alaraq Nazirlər Kabinetinin müəyyən etdiyi zona üzrə qiymətləri tənzimləməlidirlər, buna uyğunlaşmalıdırlar".
Link kopyalandı!
Son xəbərlər