"Ukrayna hava hücumuna cavab olaraq Rusiyanın bir sıra regionlarına dronlarla zərbə endirib..."
25 oktyabr gecəsi Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə və bir sıra bölgələrinə ballistik raketlər və pilotsuz aparatlarla kütləvi hücum həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ümumilikdə 9 "İsgəndər-M" ballistik raketi və 62 müxtəlif tipli döyüş dronu buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 4 raketi və 50 dronu zərərsizləşdirməyə müvəffəq olub, lakin bir sıra obyektlərə birbaşa zərbələr dəyib.
Kiyevdə dağıntılar və itkilər
Gecə saat 3:51-də paytaxtda hava həyəcanı siqnalı elan olunub, bir neçə dəqiqə sonra ardıcıl partlayışlar səslənib. Darnitsk və Desnyansk rayonlarında güclü yanğınlar başlayıb. Bir nəfər həlak olub, 10 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Kiyev meri Vitali Kliçko yanğınların yaşayış olmayan ərazilərdə baş verdiyini, bir uşaq bağçasının və enerji obyektlərinin zədələndiyini bildirib.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə bəyan edib ki, "şəhərin sol sahilində bir neçə nöqtədə yanğın müşahidə olunur, vəziyyət dəqiqləşdirilir". Onun sözlərinə görə, bir zərərçəkən xəstəxanada dünyasını dəyişib, beləliklə həlak olanların sayı arta bilər.
Ukraynanın cavabı və Zelenskinin reaksiyası
Rusiyanın hücumuna cavab olaraq Ukrayna tərəfi Rusiya ərazisinə yüzdən çox dron göndərib. Onlardan doqquzu Moskva istiqamətində, 20-si isə Rostov vilayəti üzərində aşkar edilib. Bundan başqa, Rusiya hakimiyyət orqanlarının məlumatına görə, Leningrad vilayəti üzərində 8 dron vurulub.
Ukrayna orezidenti Vladimir Zelenski gecəki hücuma sərt reaksiya verib: "Bu gecə Rusiya yenidən Ukraynanı ballistik raketlər və onlarla dronla bombaladı. Təəssüf ki, ölənlər var, onlara Allah rəhmət eləsin. Onlarla insan yaralanıb. Bu cür hücumlara cavab yalnız real müdafiə sistemlərinin gücləndirilməsi ola bilər".
Zelenski qeyd edib ki, 2025-ci ilin əvvəlindən bəri Rusiya Ukraynaya qarşı 770 ballistik raket və 50-dən çox "Kinjal" tipli raket buraxıb. Prezident NATO ölkələrinə, xüsusilə də ABŞ və Avropaya "Patriot" sistemlərinin sayını artırmaq çağırışı edib: "Heç bir ölkə bu cür pislik qarşısında tək qalmamalıdır. Dünyanın güclü dövlətləri real əməkdaşlıqla bu zərbələrə cavab verməlidir".
Ölümcül zərbə və davam edən təhlükə
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, 5 ballistik raket və 12 dron birbaşa hədəfə dəyib. On bir fərqli nöqtədə zərbələrin nəticəsində enerji infrastrukturu, yaşayış binaları və xilasetmə xidmətləri zərər görüb. Rəsmi qurumlar əhalini xəbərdar ediblər ki, hava məkanında hələ də bir neçə düşmən dronu dolaşır və təhlükə tam sovuşmayıb.
Paytaxtda sönməyən yanğınların fonunda Kiyev sakinləri növbəti dəfə sığınacaqlarda gecələməyə məcbur olub. Qış ərəfəsində energetik infrastruktura dəyən zərbələr isə Ukraynanın qarşıdakı aylarda daha ağır sınaqlarla üzləşəcəyindən xəbər verir.