Son günlər bəzi ekspertlərin jurnalistlərdən açıqlama qarşılığında ödəniş tələb etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəs görəsən, beynəlxalq praktikada vəziyyət necədir? Ekspertlər jurnalistə açıqlama verdiklərinə görə qonorar istəyə bilərlərmi? Bu, etik və hüquqi baxımdan nə dərəcədə doğrudur və belə hallarda açıqlamanın obyektivliyinə xələl gəlirmi? Əgər ödəniş nəzərdə tutulursa, onun məbləği necə müəyyən edilməlidir - simvolik, yoxsa bazar prinsipi ilə?
Oxu.az məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, əgər müəllif yazı hazırlayır və onu mediaya təqdim edirsə, qonorar tələb etməsi təbiidir:
"Mediamız iqtisadi cəhətdən güclü olsa, bu, tam normal qarşılanar. Elə dəyərli ekspertlər var ki, onların fikirləri həm ictimaiyyət üçün önəmlidir, həm də medianın nüfuzunu artırır. Bu insanlar açıqlama verməklə vaxt və enerji sərf edirlər".
R.Məcidin sözlərinə görə, əgər media hansısa yazını sifarişlə hazırladırsa, o zaman qonorar ödənilməsi həm ədalətli, həm də iqtisadi baxımdan vacibdir:
"Hazırda elə bir vəziyyət yaranıb ki, jurnalistlər istənilən ekspertə zəng edib açıqlama ala biləcəyini düşünür. Amma açıqlama verməmək və ya onu ödənişli etmək də ekspertin hüququdur. Mən burada qeyri-adi heç nə görmürəm. Sadəcə, arzulayıram ki, mediamızın maddi imkanları artsın və dəyərli ekspertlərə qonorar vermək imkanı olsun".
APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı isə qeyd edib ki, dünya praktikasında bəzi ekspertlər media ilə qonorar əsaslı əməkdaşlıq edir:
"Bizdə də müəyyən ekspertlər var ki, analitik yazılar və ya araşdırmalar hazırlayır, buna görə qonorar alırlar. Beynəlxalq praktikada isə məşhur şəxslərin müsahibələri və açıqlamaları mediaya böyük auditoriya və gəlir gətirdiyi üçün bu şəxslərə qonorar ödənir. Məsələn, bir neçə il əvvəl ABŞ-də televiziya Britaniya krallıq ailəsinin üzvləri - Megan Markl və Harri ilə müsahibə üçün böyük məbləğ ödəmişdi. Amma həmin verilişin reklam gəlirləri xərclənən vəsaiti ikiqat üstələmişdi".
Onun sözlərinə görə, Azərbaycan reallığında belə hallar hələ formalaşmayıb:
"Bizdə hələ elə ekspert və ya tanınmış şəxs yoxdur ki, onun açıqlaması mediaya maliyyə qazancı gətirsin. Buna görə də hər açıqlamaya görə qonorar tələb etmək reallığa uyğun deyil".
V.Mahirqızı əlavə edib ki, xüsusilə siyasətçilər və siyasi ekspertlərin açıqlama üçün ödəniş istəməsi peşə etikasına ziddir:
"Media açıqlama üçün ekspertə pul ödəyirsə, obyektivlik sual altına düşür. Bu, həm medianın, həm də ekspertin müstəqilliyinə xələl gətirə bilər. Peşəkar ekspert obyektiv və qərəzsiz mövqedə qalmalıdır".
Onun fikrincə, sosial media reallığı da bu məsələdə yeni vəziyyət yaradıb:
"Məşhur şəxslər artıq öz səhifələrində həyatlarına dair məlumatları açıq paylaşırlar. Amma media həmin məlumatları yayımlayanda etiraz edirlər. Halbuki bu məlumat artıq açıq müstəviyə çıxıb və eksklüzivlik dəyərini itirib".
Sonda V.Mahirqızı vurğulayıb ki, yalnız media tərəfindən sifariş verilmiş analitik yazı, araşdırma və ya layihə çərçivəsində ekspertlərə qonorar ödənilməsi başadüşüləndir:
"Çünki burada konkret əməyə, vaxt və təcrübəyə görə ödəniş edilir. Amma hər açıqlama üçün ekspertlik xidməti adı altında pul tələb etmək indiki şəraitdə nə ciddi, nə də əsaslı yanaşmadır".