Kremldən Paşinyana son xəbərdarlıq: Bu “qırmızı xətt”dir - MÜSAHİBƏ
864
25 Oct 2025 | 13:05

Kremldən Paşinyana son xəbərdarlıq: Bu “qırmızı xətt”dir - MÜSAHİBƏ

“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Zaur bəy, Ermənistanda kilsə ilə hakimiyyət arasında münasibətlər getdikcə gərginləşir. Bir çoxları bunu Nikol Paşinyanın erməni Apostol kilsəsində təmizləmə əməliyyatı kimi də dəyərləndirir. Hazırki məqamda siyasi hakimiyyətlə kilsə arasında münasibətlərin bu səviyyəyə qalxması nə ilə bağlıdır?
 
- Siyasətdə bu cür hallar olur. Anormal o olardı ki, Ermənistanda fərqli qruplar arasında bu cür mübarizə baş verməzdi. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Ona görə də, Baş nazir Nikol Paşinyana müxalif mövqedə olanlar üçün bu tarix ölüm-dirim mübarizəsi olacaq. Çünki onlar çox yaxşı başa düşürlər ki, hakimiyyətə gəlməsələr növbəti addımda birdəfəlik sıradan çıxarılacaqlar. Təbii ki, söhbət Ermənistandakı dini qruplardan, kilsədən gedir. Özlərini “Qarabağ klanı” adlandıranlar da Paşinyana qarşı çıxan qrupların yanında yer alır. Hətta Qarabağdan qaçan erməni xunta rejimin nümayəndələri belə əvvəl fərqli mövqedə olsalar da hazırda Paşinyan iqtidarına qarşı çıxış edirlər.
 
 
- Paşinyana qarşı çıxan qüvvələrə əsas dəstək haradan gələ bilər?
 
- Bu proseslərdə erməni kilsəsi, revanşistlər və şovinistlərin Nikol Paşinyana qarşı mübarizə apardığının şahidi olmaqdayıq. Sözsüz ki, onlara əsas dəstək Rusiyadandır. Kreml Ermənistan daxilindəki prosesləri yaxından izləyir. Amma bu o demək deyil ki, Rusiya bu proseslərdə öz məqsədlərinə çatacaq.
 
- Kremlin əsas məqsədi nədən ibarətdir?
 
- Baş verənlər fonunda Paşinyanın özü birbaşa Moskva ilə sövdələşməyə gedə bilər. Bu istiqamətdə onun müəyyən bazarlıqlara getməsi istisna edilmir.
 
- Kilsə məsələsində Rusiyadan bir qədər həssas yanaşma sərgilənir. Bu nə ilə bağlıdır?
 
- Kreml üçün “qırmızı xətt” kilsənin özü ilə bağlıdır. Əgər Ermənistan daxilindəki müəyyən siyasi proseslərlə bağlı Moskva güzəştə gedə bilərsə də, kilsə məsələsində onlar geri addım atmaq niyyətində deyillər. Çünki Cənubi Qafqazda iki xristian kilsəsindən biri sayılacaq erməni apostol kilsəsi Rusiyanın əlindən çıxa bilər. Bu isə Ermənistan daxilində cəmiyyətin ideoloji siyasi mövqeyinə təsir imkanı olan təsisatın sıradan çıxması, hətta Qərbin nəzarətinə keçməsi deməkdir. Bununla isə Rusiya barışmaq istəmir. Oxşar hadisələri Ukrayna və Moldovada da görmək mümkündür. Gürcüstanda Qərb bunu bacarmadı. Ermənistanda isə bu proses Paşinyanın atacağı addımlardan asılı olacaq.
 
 
- Avropa Birliyinə üzvlüklə bağlı Ermənistan hakimiyyətinin birmənalı mövqeyinə Kremlin yanaşması necədir?
 
- Nikol Paşinyan ölkəsinin Avropa Birliyinə üzvlüyündə iddialıdır. Amma AB-nin üzvü olmaq üçün ondan öncə müraciət edən ölkələrin də müraciətinə baxmaq lazımdır. Eyni zamanda burada Türkiyə faktoru da mövcuddur. Ona görə də hazırda Ermənistanın AB-yə üzv olması real deyil. Amma inteqrasiya ilə bağlı meyllər görünməkdədir. Bütün bunlara rəğmən Ermənistan 2030-cu ilə qədər Qərbin hər hansı hərbi-siyasi, iqtisadi təşkilatına üzv ola bilməz. Bu daha çox bölgə ətrafında cərəyan edəcək proseslərdən asılıdır.
Link kopyalandı!
Son xəbərlər